Könül Nurullayeva: “Brüssel görüşündə uğurlu nəticələr əldə olunub”.
Beş saat davam edən Brüssel görüşündə və Aİ Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında “Dağlıq Qarabağ” ifadəsi yenə işlədilmədi.
Eyni zamanda status məsələsi, ümumiyyətlə, müzakirə olunmayıb, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, rəsmi Bakı hər zaman onların təhlükəsizliyinə təminat verəcəyini bəyan edib. Yeri gəlmişkən, erməni ekspertlər də etnik ermənilərin təhlükəsizliyini Azərbaycanın tərkibində yaşayaraq təmin olunması kimi şərh edirlər.
Görüşdə diqqət çəkən məqamlardan biri də humanitar sahədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və itkin düşmüş şəxslərin taleyinin müzakirə olunmasıdır. Bu, Azərbaycan üçün prinsipial məsələdir və rəsmi Bakı bütün platformalarda Yerevana bu mövzuda öz öhdəliklərini xatırladır.
Bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva mətbuata açıqlamasında bildirib.
Deputat onu da qeyd edib ki,Brüsseldə yaxın zamanlarda Azərbaycan-Ermənistan sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsinə dair də razılıq əldə olundu. Belə ki, komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Əslində tərəflər aprel ayının 6-da baş tutan görüşdə aprelin sonunda sərhəd məsələləri ilə bağlı görüşün keçirilməsinə dair razılığa gəlmişdilər. Lakin Ermənistan etimad mühitini pozaraq, aprelin sonunda və mayın əvvəlində baş tutmalı olan mümkün görüşlərdən imtina etdi. Kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə də razılığa gəlinməsi sülhlə bağlı ümidləri artırır. Eyni zamanda sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə də razılıq var. Bütövlükdə Brüssel görüşü Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması baxımından müsbət qiymətləndirilməlidir.
Aİ Şurası İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyul-avqust aylarına qədər yenə eyni formatda görüş olacağını da bildirdi. Bu o deməkdir ki, Ermənistan növbəti müzakirələrə qədər öz öhdəliklərini yerinə yetirməlidir.
Bu xəbər üçün şərh yazın