Könül Nurullayeva - xidmət, yoxsa nöqsan...
Azərbaycan qadını və idman, Azərbaycan xanımı və dünya, nümunəvi təmsilçilik kimi məsələlərdə boy verib görünmək heç də asan deyil.
Əslində qısqanc və hələ də birmənalı fikirləri əsas götürən şərqdə, eləcə də ölkəmizdə qabağa çıxmış xanımlarımıza bir etimadsızlıq sindromu qalmaqdadır, tipik şərq qadını obrazını yenisi ilə əvəzləyən qadınlarımıza qısqanclıq hissi qalmaqdadır. Necə ki, aktuallığını saxlayan bu məsələni 24 Saylı Nizami Birinci Seçki Dairəsindən 2020-ci ildə deputat seçilən Könül Nurullayevaya yanaşmada müşahidə etməkdəyik.
Bəzi sosial şəbəkə istifadəçilərinin özləri də bilmədən urapatriotcasına K.Nurullayevaya qarşı aparılan “qara piar” kampaniyasında alət olması, şərq qadınına qarşı hələ də mövcudluğunu saxlayan ikili mətləblərdən xəbər verir. Belə ki, bəzən özümüzə təsəlli versək də, şərqin bir ayrılmaz hissəsi olaraq, müasirliyə adekvat keçid ala bilmirik. Belə olmasa idi, əksər hallarda ayaqqabılarını çıxarmadan, necə gəldi davranan avropalı qadınlarla bir azəri xanımının müqayisəli təhlilini aparmaz, “K.Nurullayeva şəhid ailəsinin evinə ayaqqabı ilə daxil oldu”, deyib, bunu “trendə” çevirməzdik, onu son 4-5 ayda əsassız şəkildə tənqid də etməzdik.
Necə ola bilir ki, “Mən bir daha əmin oldum ki, dünyada iki şeyə çarə yoxdur: bir ölümə, bir də vergiyə” deyib, onsuz da yaşayış tərzi ağır olan kənd əhalisinin vergiyə cəlb olunmasını istəyən deputata haqq etdiyi cavabı verə bilmədiyimiz halda, I qrup əlilin evini təmir etdirən, ona kirayə pulu ödəyən, otaqlarının sayını 2-yə çatdıran bir xanıma, millət vəkilinə ittiham dolu fikirlər səsləndiririk?
Eləcə də, “Rusiya sülhməramlılarının bölgəyə gəlişi Azərbaycanın maraqlarına uyğundur”, deyən deputatdan “küsmürük”, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ həqiqətlərinin dünya mətbuatında yayımlanmasına öz töfhələrini vermiş K.Nurullayevanı milli xüsusiyyətlərimizdən kənar hərəkət etməkdə suçlayırıq?
Həqiqətənmi biz onun seçicilərini müayinə, müalicə, əməliyyat etdirdiyinə görə, pandemiya müddətində imkansız ailələrə ərzaq paylanmasına rəğmən, imkansız istedadlı tələbələrə dəstək olduğuna dair mütərəqqi davranışlarını - digər imkanlı deputatlar Ziyad Səmədzadə, Eldar Quliyev, Mahir Abbaszadə və digərləri ilə müqayisəli şəkildə fərqləndirə bilmirik?!
Nədir, K.Nurullayevanın seçicilərinə münasibətdə, davranışlarında təşviş və nifrət hissinə sahib birisi olduğunumu müəyyənləşdirmişik ki, onu elə deputat seçildiyi növbəti aylardan əsassız tənqid edirik, cavan bir Azərbaycan xanımının qəsdinə dururuq?!
Nə zamandan çevik düşünə bilən, seçicisinə qayğı ilə yanaşan bir millət vəkilinin müsbət əməlləri təhdidedici olub ki, bəzi saytlar, sosial şəbəkə istifadəçiləri ümumi “xora” qoşulub, günlərlə “yaddaşlarında ilişib qalanları ümumiləşdirmək” məcburiyyətində qaldılar?!
Dünya böyük mərhəmətə, məhəbbətə möhtacdır. İnancından, siyasi əqidəsindən asılı olmayaraq, insanlara nəvazişlə yanaşmaq, onların problemlərinə şərik olmaq bir vacibiyyatdır.
Görünən odur ki, bu amalla yaşayıb, sabaha addımlayan millət vəkili K.Nurullayeva hazırkı şəraitdə digərləri üçün də səliqəli və nizamlı örnəkdir. Belə insanları “otağa ayaqqabı ilə girdi” deyimi ilə “asıb-kəsmək”, tənqid etmək isə özünü təcridir. Mövzunu uzatmaq, əlavə nəsə yazmağa hesab edirik ehtiyac yoxdur. Fikirlərimiz istənilən anlayışlı şəxsə kifayət edər. Amma söyləniləsi bir həqiqət də var, məncə...
Artıq biz bu müasir dünyamızda Nigar, Həcər kimi xanımlarımızla təsəlli tapıb, kifayətlənməməliyik. Diqtələr içində, bu narahat dünyamızda ölkələr içindən keçib gedə bilən xanımlarımıza diqqətlə yanaşmalıyıq.
Fuad İsgəndərov
Faktinfo.az saytının baş redaktoru
Xüsusi qeyd: “K.Nurullayeva şəhid ailəsinin evinə ayaqqabı ilə daxil oldu” deyib, bunu “trendə” çevirmiş sayt və sosial şəbəkə istifadəçilərinə cavab olaraq, ötən gün video yayımlandı. Həmin videoda bir nüans diqqəti çəkir. Sizcə, deputat xanım yağış sularından kif bağlamış, dar olan 1 otaqlı mənzilə hazırkı statusunda qonaq gələ bilərdimi, o başını qaldırıb yuxarıya nədən baxardı?
Faktinfo.az yayılmış məlum video materialı təqdim edir:
Bu xəbər üçün şərh yazın