MƏHKƏMƏ VƏ PROKURORLUĞUN “ÇƏTİRİ ALTINDA”... – Əli Həsənov məsuliyyətdən yayındırılır, dövlətin milyonları batır
KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəməsi başa çatır.
Bəziləri bu məhkəmədə uzun illər Azərbaycan mətbuatına rəsmi və qeyri-rəsmi “patronluq” edənlərin cinayət əməllərinin, korrupsiya, yeyinti faktlarının tam şəkildə üzə çıxarılacağını və ifşa olunacağını, kimliyindən asılı olmayaraq onların hər birinin cəzalandırılacağını gözləyirdi. Lakin bir çox hallarda olduğu kimi, bu iş də yarımçıq və Azərbaycan məhkəmə-hüquq sisteminin “ənənələrinə” uyğun şəkildə həyata keçirildi.
İstər məhkəmə prosesinin gedişində, istərsə də ötən gün keçirilən son iclasda jurnalistlər üçün tikilən binalarda yol verilən 17 milyon manatlıq yeyintidə Prezidentin sabiq köməkçisi Əli Həsənovun əsas fiqur olduğu, digər ittiham olunanların bütün saxtakarlıqları və digər cinayət əməllərini məhz onun göstərişi və rəhbərliyi altında həyata keçirdikləri dəfələrlə isbat olunub. Demək olar ki, məsuliyyətə cəlb olunanların böyük əksəriyyəti hər şeyin Ə.Həsənovun tapşırığı və rəhbərliyi ilə icra olunduğunu öz ifadələrində bildiriblər.
Ötən gün isə binaların inşasını həyata keçirən “Portos” tikinti şirkətinin baş mühasibi Kəmaləddin Abdullayev açıq şəkildə Ə.Həsənovun oğluna və baldızına nağd şəkildə, üst-üstə 1.2 milyon manat pul verdiyini etiraf etdi. Baş mühasibin sözlərinə görə, binaların tikintisi üçün “Portos”un hesabına köçürülmüş vəsaitin bir hissəsini başqa şirkətlər vasitəsilə nağdlaşdırıblar. Nağdlaşdırılan vəsaitin 1,2 milyonu Əli Həsənovun yaxınlarına verilib: “Nağdlaşdırmaq üçün dörd şirkətdən istifadə olunmuşdu. O şirkətlərlə iş görülməmişdi, yalnız onların hesabına pulu köçürüb, sonra nağd şəkildə götürmüşük. Həmin vəsaitdən bir dəfə təsisçinin nümayəndəsi Şamxal Həsənliyə 600 min manat, bir dəfə də Gülər Vəliyevaya (Əli Həsənovun baldızı-red.) 580 min manat vermişəm”.
Daha sonra KİVDF-nin aparıcı məsləhətçisi və Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev ifadəsində bildirib ki, “Portos” MMC Əli Həsənova yaxın şirkət olduğuna görə (şirkətin təsisçisi Ə.Həsənovun baldızı G.Vəliyevadır-red.) jurnalist binalarının tikintisi bu şirkətə həvalə edilmişdi. Onun sözlərinə görə, ümumiyyətlə, Fondun bütün tenderlərində hansı şirkətin qalib olmasına Əli Həsənov qərar verirdi.
Budur, daha bundan artıq ifşaedici ifadələr, faktlar ola bilərmi? Hər şey gün kimi aydındır. Əslində, təkcə bu iki nəfərin ifadəsi Həsənovu, onun oğlu və baldızını dərhal istintaqa cəlb edərək, dindirilmələrinə və ardınca da qanunun tələb etdiyi müvafiq tədbirləri görməyə əsas verirdi. Ona görə də vəkil Cavanşir Süleymanov vəsatət qaldırıb ki, bu cinayət işində Əli Həsənov, onun oğlu və baldızının adı hallandığına, araşdırılan məsələlərin bir çoxu onlarla bağlı olduğuna görə üçü də məhkəməyə çağırılıb dindirilsin. Lakin nə işdirsə, prokuror adları çəkilən şəxslərin dindirilməsinə ehtiyac olmadığını bildirərək, vəsatətə etiraz edib. Təqsirləndirilən şəxslərin bir neçəsinin vəsatəti müdafiə etməsinə baxmayaraq, hakimlər də prokurorla həmrəy olublar və Ə.Həsənovun və yaxınlarının dindirilməsinə imkan verməyiblər. Bu isə açıq-aşkar Prezidentin sabiq köməkçisinin məsuliyyətdən yayındırılması və bu işdə prokurorluqla məhkəmənin anlaşması, söz birliyində olması deməkdir. Çünki işə birbaşa aidiyyatı olan və ittiham olunan şəxslərin hamısının az qala barmaqla göstərdiyi əsas fiqur nə məhkəməyə çağırılır, nə dindirilir, nə də onunla üzləşmə aparılır. Hakim və prokuror isə heç nə olmamış kimi, heç bir normal məntiqə, hüquqa sığmayan şəkildə, heç bir izahat vermədən vəsatətləri rədd edir. Bu o deməkdir ki, məhkəmə və prokurorluq silsilə MTN cinayətlərində olduğu kimi, bu işdə də əsas fiquru məsuliyyətdən yayındırmaq, istintaqı dərinləşdirməmək yolunu tutub ki, bu da prokurorun V.Səfərli və digər şəxslərə tələb edəcəyi cəza, eləcə də hakimin oxuyacağı hökmün ədalətli olacağını bəri başdan şübhə altına salır.
Burada açıq qalan məsələlərdən biri də dövlətə vurulmuş 17 milyon manata yaxın ziyanın taleyidir. Məhkəmə iclaslarının birində ittiham olunan şəxslərədən biri olan "Portos" MMC-nin direktoru – Əli Həsənovun bacanağı Ədalət Vəliyev açıq şəkildə bu işdə onun adından istifadə olunduğunu və saxtakarlığa yol verildiyini demişdi: "Mənim heç nədən xəbərim olmayıb. Mən şirkətə direktor təyin edilmişəm. Ayda 501 manat əmək haqqı almışam. Binanın tikintisindən və yeyintidən xəbərim yoxdur. Mən latın qrafikasında yazıb oxuya bilmirəm, heç nədən xəbərim yoxdur". Və daha sonra Ədalət Vəliyev vurulan ziyanın əvəzinə 1 milyon manat və 35 milyonluq əmlak verdiyini demişdi. Ancaq bu əmlakların əslində kimə məxsus olduğunu və onları ziyan qarşılığında kimə verdiyini açıqlamayıb. Nə məhkəmə, nə də prokuror bu adamdan soruşmayıb ki, həmin mülklər hardandır və kimə verilib?...
Beləliklə, məhkəmə istintaqının başa çatdığı elan edilib. Dekabrın 2-də prokuror Vüqar Səfərli və digərlərinə cəza istəyəcək. Ardınca məhkəmə öz hökmünü oxuyacaq. Və belə çıxır ki, dövlətin on milyonlarla manat vəsaitinin mənimsənildiyi, böyük ictimai yükə və əks-sədaya malik bu iş də qanunun tələblərinə yox, Azərbaycan məhkəmə və hüquq-mühafizə sisteminin məlum “oyun qaydalarına” uyğun şəkildə yekunlaşdırılacaq. Həmişəki kimi, əsas iri fiqurlar (balinalar) nəyinsə qarşılığında və müqabilində kənarda qalacaq, icraçılar isə (kilkələr) həbsxanaya göndəriləcək...
C.Məmmədov
AzPolitika.info
Bu xəbər üçün şərh yazın