"Məhz Heydər Əliyev siyasi xəttinin və müəllifi olduğu inkişaf strategiyasının davamı..."

"Məhz Heydər Əliyev siyasi xəttinin və müəllifi olduğu inkişaf strategiyasının davamı..." -Aqiyə Naxçıvanlı

Bir ay bundan öncə Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin ikinci ildönümünü böyük təntənə ilə qeyd etdi.

 Hamımız bilirik ki, xalqımızı bu möhtəşəm Zəfərə gətirən yolun ən önəmli hissəsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikamızın 2003-2020-ci illər ərzində keçdiyi mühüm hazırlıq dövrü olmuşdur.Məhz bu illər ərzində Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirmiş, müasir, yüksək döyüş qabiliyyətinə malik olan ordu yaratmış, beynəlxalq mövqelərini möhkəmlətmiş, ölkə daxilində ən yüksək səviyyədə milli birlik və həmrəylik mühiti formalaşdırılmış və yalnız bütün bu hazırlıqlar uğurla başa çatdırıldıqdan sonra şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın əmri ilə irimiqyaslı hərbi əməliyyatlara başlayaraq, qısa müddət ərzində Vətən torpaqlarını işğaldan azad etmişdir. 

 Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkəmizdə 2003-cü ildən bəri gedən bütün mütərəqqi, xalqın rifahına və dövlətin mənafelərinə xidmət edən proseslər yalnız və yalnız Heydər Əliyev siyasi xəttinin və Ulu Öndərin müəllifi olduğu inkişaf strategiyasının davamıdır. Həqiqətən də ölkəmizin ən yeni tarixinə nəzər salarkən, hələ SSRİ tərkibində olduğu dövrdə, 1970-ci illərə qədər Azərbaycanın keçmiş İttifaq mənsubları arasında ən geridə qalmış respublikalardan biri olduğunu görmək olar. Yalnız 1969-cu ildə, Heydər Əliyev Azərbaycan KP MK-nın baş katibi vəzifəsinə təyin olunduqdan sonra respublikamız inkişaf yoluna qədəm qoydu. Qısa müddət ərzində bu inkişaf yüksək dinamika əldə etdi, Azərbaycanda sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı. Məhz bu proseslər nəticəsində illər sonra öz müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin bugünkü inkişaf səviyyəsinə çata bilməsi üçün möhkəm əsaslar yarandı.

FAKTİNFO.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı AZƏRTAC-a açıqlamasında deyib.


Deputat, həmçinin qeyd edib ki, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin əsasında duran güclü ordu quruculuğu və milli həmrəylik kimi vacib amillərin təmin olunması da məhz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin uğurla davam etdirilməsi sayəsində mümkün olub. Deyildiyi kimi, tarixi Qələbəmizin əldə olunmasında müstəsna rol oynamış ən mühüm elementlərdən biri güclü ordu amilidir. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanda ordu quruculuğu işinin əsasları da məhz Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə qoyulub. Yalnız Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra, Ümummilli Liderin gərgin səyləri və müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndər 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılmasına nail oldu. Bu proses Ümummilli Lider tərəfindən artıq müstəqillik illərində daha böyük vüsətlə davam etdirilmişdir. Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Ulu Öndər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə keçidi təmin etdi. Həmçinin 2001-ci il 20 avqust tarixli Fərmanla Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilib.


“Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni şərtləndirən digər bir mühüm amil də əlbəttə ki, ölkəmizdə formalaşmış milli birlik və həmrəylik mühitidir. Qeyd olunmalıdır ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasətin nəticəsi kimi təzahür edən bu amil də ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi, dövlətin milli mənafeləri baxımından müstəsna əhəmiyyət kəsb edən tədbirlərin əsasında formalaşmışdır. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Ulu öndər Heydər Əliyev, eyni zamanda, Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu Öndər azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişaf və tərəqqisinin təməlini qoydu. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amil oldu.


Bu gün Azərbaycan Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf yolu ilə inamla addımlayaraq öz parlaq gələcəyini Prezident İlham Əliyevin rəhbərliyi ilə qurur. Bu yol əbədi olaraq Heydər Əliyev siyasi irsinin parlaq nuru ilə işıqlandırılacaq. Müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı, xalqımız və dövlətçiliyimiz qarşısında sonsuz sayda müstəsna xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının qan yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq”, - deyən Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi