“Meliorasiya və Su Təsərrüfatı” ASC: Xidmət,yoxsa?..
İstiyə-soyuğa, çovğuna-qara əhəmiyyət vermədən çalışırlar. Açıq havada temperaturun bəzən 40 dərəcədən yüksək olmasına baxmayaraq, ucsuz-bucaqsız əkin sahələrini suvarma suyu ilə təmin edirlər. Əhalinin kənd təsərrüfatı mallarına olan ehtiyacını ödəmək məqsədilə durmadan işləyirlər. Cadar-cadar torpaqların suvarılması üçün yollar axtarır, suvarma suyuna olan tələbatın ödənilməsi üçün əllərindən gələni edirlər.
Bütün bunlara rəğmən,təəssüf ki,bəzən haqsız olaraq bir sıra saytlarda,qəzetlərdə tənqid də olunurlar. Buna da dözürlər. Heç bir media qurumunu məhkəmələrə vermir, xalqa xidmət yolunu hər şeydən üstün tuturlar. Çox qəribədir,onlar qızmar günəş altında əkin sahələrində, kanal və hidroqovşaqlarda çalışdıqları halda kondisionerli otaqlarda oturanlardan daha gümrah,daha sağlam təsir bağışlayırlar.
Həmçinin, öz işləri ilə bərabər, rayonların abadlaşmasında, tikinti və quruculuq işlərinin həyata keçirilməsində idarələrinin balansında olan texnika ilə yaxından iştirak edirlər. Bu işdə yanacaq, sürtkü yağları, maşın və mexanizmlərin ehtiyat hissələrini belə əsirgəmirlər.
Bəli, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin rəhbərliyi altında illərlə çalışan melioratorlar ölkə rəhbərliyinin etimadını sonadək doğrultmaq məqsədi ilə hər il suya olan tələbatın miqyasını təhlil edir, mövcud maneələrin aradan qaldırılması yollarını axtarırlar. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin uzun illər bu sahəyə rəhbərlik etməsi adı çəkilən qurumda çalışan şəxslərin son dərəcə peşəkar olmasını reallaşdırıb. Elə o səbəbdəndir ki, faiz nisbəti ilə götürdükdə əksər sahələrlə müqayisədə bu gün suvarma suyuna görə olunan şikayətlər yox dərəcəsindədir. Bu isə o deməkdir ki,bəzi yüksək çinli məmurlardan fərqli olaraq Əhməd Əhmədzadə və bu quruma tabe idarə rəisləri sadə xalqla,əməksevər insanlarla Prezident İlham Əliyev arasında olan rabitəni, etimadı qoruyublar . Budur xalqa xidmət, müsbət inkişaf tempinin aşağıdan yuxarı ölkə rəhbərliyinin siyasətinə uyğunlaşdırılması və tamamlanması ki, bu yerdə melioratorlara ƏHSƏN düşür.
Sovetlər dövrünün nizam-intizamı,işinə məsuliyyətlə yanaşma kodeksi bu gün respublikamızda barmaqla sayıla biləcək şəxslərə şamil edilir. Onlardan biri də Əhməd Əhmədzadədir. Təkcə onun SSRİ dönəmində bir neçə rayonda 1-ci katib işləməsi,kənd təsərrüfatını dərindən bilməsi, torpağa bağlılıq hissi sonda nəticə etibarilə suvarma suyunun vaxtında və lazımi anda əkin sahələrinə çatdırılmasını mümkün edir. Bu işlər son illər daha dəqiqliklə həyata keçirilir.
Qəbul edək ki, 5 il bundan qabaq Melorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarələrinə ayrılan vəsaitin hazırda heç 50-60 faizi ayrılmır. “Hundai” ekskavatorunun isə motoru yananda onu yenidən yığdırmaq 30 min manata başa gəlir. Heç sürtkü yağına, istifadə olunan yanacağa çatmayan bu vəsaitlə idarələr dayanmadan işləyir, maşın və mexanizmlər işlək vəziyyətdə olur. Bunun isə başlıca səbəbi ASC-yə rəhbərlik edən Əhməd Əhmədzadənin şəxsi keyfiyyətləri ilə əlaqələndirilir.
İstənilən yol istismar idarəsinin büdcəsi Meliorasiya və Su Təsərrüfatı ASC-nin ixtiyari bir idarəsindən çox ola-ola rayonlarda aparılan abadlıq və quruculuq işlərində melioratorlar daha aktiv iştirak edir.
2016-cı ilin aprel döyüşləri vaxtı Lələtəpədə ASC-yə məxsus ekskavator minaya düşdü. Bu o deməkdir ki, onlar orada da var idi və Vətənə xidmət çərçivəsində əllərindən gələn köməyi əsirgəmirdilər. Belə olduğu halda bəzən saytlarda “Əhməd Əhmədzadənin işçisi dövlət vəsaitini taladı”, “Əhməd Əhmədzadənin işçisindən xəbəri varmı?” və s. başlıqlı məqalələrə təsadüf etdikdə ani düşünülən fikir bu olur ki, görəsən, bunu yazanlar büdcənin nə olduğunu bilirlərmi, Melorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan idarələrə son 5 ildə ayrılan vəsaitə dair hansısa təsəvvürə malikdirlərmi?
Bu fikirlər o anlama gəlməməlidir ki, Əhməd Əhmədzadəni və onun tabeçiliyində olan şəxsləri tənqiq etmək olmaz. Təbii, tənqid yerində və zamanında faktlara söykənərsə, nəticə çıxarmağa dəyər. Yoxsa ki, “Suvarma Sistemləri İdarəsinin rəisi qiyam hazırlayır”, “İşçisi Əhməd Əhmədzadəni aldadır” sərlövhəli başlıqlarla bəzi saytlar hələ ənənəvi şablon ifadələrdən qurtula bilmirlər. Amma,unudurlar ki, son illər tənqid etdikləri melioratorların hesabına suvarılması mümkün olmayan 100 hektarlarla torpaqları artıq suvarmaq mümkündür. Bu isə məhsul bolluğu, Azərbaycanın ərzaq təhlükəsizliyinə dair təminatdır.
Artıq Meliorasiya və Su Təsərrüfatı ASC qarşıya qoyulmuş hədəflərin 80 faizindən çoxuna nail olub. Nəticələr isə deməyə əsas verir ki, qarşıdan gələn illərdə yerdə qalan işlər yüksələn xətt üzrə yekunlaşacaq. Bütün bunlar bir dövlət siyasətidir ki,bu işlər Prezident İlham Əliyevin nəzarəti altında uğurla davam etdirilir.
Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının 85-90 faizi suvarılan torpaqları əhatə edir. Bu əmsalı 100 faizə çatdırmaq üçün meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi prosesi uğurla davam etdirilir.
Fürsətdən istifadə edib “Meliorasiya və Su Təsərrüfatı ASC-nin” kollektivini qarşıdan gələn “5 İyun” peşə bayramı münasibətilə təbrik edirik!
Fuad İsgəndərov
Faktinfo.az
Bu xəbər üçün şərh yazın