Məmura görə jurnalistlər arasında qarşıdurma: “Əməlli başlı uzunqulaq olmusan”
İki jurnalist arasında sosial şəbəkədə qalmaqal yaranıb.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli Azərbaycan Baş nazirinin katibliyinin rəisi Ərəstü Həbibbəyliyə məxsus olan Türkiyədəki şirkət haqda yazması bu qalmaqalın əsasını qoyub. Onun yazısına Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin cavabı ilə qarşıdurma daha da qızışıb.
C. Həsənli ona cavab olaraq bildirib ki, həmkarı Ərəstü Həbibbəyliyə aid şirkətin Türkiyə Ticaret Sicil Gazetesi-ndən çıxarışlarını görməzdən gəlir: “Mən şəxsi münasibətlərə toxunmayacağam, çünki indi sənin üçün peşə prinsiplərini və Mətbuat Şurasının nizamnaməsini kobud şəkildə pozaraq, fəaliyyətləri ciddi korrupsiya şübhələri doğuran məmur bəylərin qapısını müdafiə etmək daha önəmlidir”.
O, yazısında MŞ rəhbərliyində təmsil olunan bir şəxs kimi aşkar şəkildə mediaya basqı göstərdiyi üçün M.Ələsgərlinin özündə cəsarət tapıb istefaya getməli olduğunu qeyd edib. Onun cavabında xeyli sərt ifadələr də yer alıb: “Deyirsən sənədlər feykdir. Bu çox həyasız iddiadır.
Araşdırma jurnalistikası əslində sənin anlaya bilməyəcəyin bir sahədir. Çünki sən qrant və layihə jurnalistikasından heç vaxt bir addım uzağı görməmisən.
Şablon, mənasız və sadəcə görülməyən işlərin hesabatları. Eynən tərəf olduğun məmurların əməlləri kimi.
Bilirəm, cırnadacaq bu yazdıqlarım səni, bir az da ağrıdacaq. Heç olmasa bir az da vicdanını ağrıt ki, mətbuatda sənin kimi mənasız biri var”.
M. Ələsgərlinin həmkarına cavabı gecikməyib. Onun cavabı isə daha sərtdir: “3 gündür təmkinlə yazıram, hörmətlə davranıram, izah verirəm, heç nə anlamaq istəmirsən. Ona görə sənin anlayacağın dildə deyim: Bu qənaətə gəldim ki, əməlli başlı uzunqulaq olmusan sən: anlamaz, dinləməz, dəyişməz. Kor olmusan, tutduğunu buraxmayan kor. Həm də həyasız olmusan.
Bəlkə də heç əvvəldən həya, abır haqqında bir şey öyrətməyiblər sənə. Söyüş söyüb, söyüşün özünə qaytarılacağını qəbul edən abırsız. Sən jurnalistikanı küçədən keçən hər kəsə hürən itlə qarışdırırsan. Özün ikincilərə aid olduğun üçün bunun fərqini bilmirsən, amma peşəni gözdən salma. Danışığına, yazdığına diqqət et. Həddini bil. Qaçıb kiminsə kölgəsinə sığınmısan deyə, bu, məsuliyyətdən yayına bilərsən demək deyil. Sədləri bu qədər aşma. Birdəfəlik müəyyən et, jurnalistsənmi, ya hər yoldan ötənə hürən küçə itisənmi? Bunu müəyyən edə bilsən, sənəd nədir, sübut nədir, jurnalist necə işləməlidir barədə müzakirəni davam etdirərik”.
/Yeni Sabah.az
Bu xəbər üçün şərh yazın