Milli Məclisi daha çox etibardan salan bir sıra deputatlar - Siyahı
Deputat Rafael Cəbrayılovun borc qalmaqalından sonra ictimai diqqət yenidən Milli Məclisin tərkibinə yönəlib.
Rafael Cəbrayılov ayrı-ayrı şəxslərdən toplam 600 min ABŞ dolları məbləğində borc pul alıb. O, borc yiyələrində pulu qaytaracağına əminlik yartatmaq üçün III və IV çağırış deputat vəsiqələrini girov qoyub.
Rafael Cəbrayılovun bu əməli rezonansa səbəb olub və Milli Məclisdə əhəmiyyətli dəyişikliyin zərurətə çevrildiyi gündəmə gəlib. Əlbəttə ki, dəyişiklik məsələsi təkcə Rafael Cəbrayılovla bağlı deyil.
Parlamentdə qalmaqallarla gündəmə gələn və hakimiyyətə kifayət qədər ciddi zərbə vuran deputatlar çoxdur.
Məsələn, Rafael Cəbrayılovla bağlı qalmaqaldan az əvvəl deputat İqbal Məmmədov qızğın müzakirələrin subyekti idi. Onun gündəmə gəlməsi sahibi olduğu “Relaks” İstirahət Mərkəzində Vergilər Nazirliyinin əməkdaşlarının döyülməsi ilə bağlı idi. Lerikdə fəaliyyət göstərən sözügedən istirahət mərkəzində vergi əməkdaşlarını İqbal Məmmədovun oğlu və yaxın qohumları döymüşdü.
Məlumatlarda iddia olunurdu ki, onlara göstərişi deputat verib. İqbal Məmmədov əvvəlcə hadisəni təkzib etsə də, rəsmi qurumların məlumatından sonra bu barədə danışmamağa üstünlük verdi. Lakin artıq “qatar getmişdi”. İqbal Məmmədov bu gün amansız platforma kimi tanınan sosial şəbəkələrdə tənqid atəşi altında idi və təbii ki, bu tənqidlərdə hakimiyyətin də payı az deyildi.
Qalmaqalla gündəmə gələn deputatlardan biri də Sona Əliyevadır. Deputatın anası Bəşirə Əliyeva mətbuata açıqlama verərək qızını atasının bütün əmlakını ələ keçirməkdə ittiham etdi.
Bəşirə Əliyeva oğlu ilə birgə İddia edilirdi ki, Sona Əliyeva yaxınlarını deputat statusu ilə təhdid edirmiş.
Sona Əliyeva ittihamlara cavabında ailə üzvləri tərəfindən şantaja məruz qaldığnı bildirmişdi.
Qalmaqalla tanınan daha bir deputat isə Cavanşir Feyziyevdir. Ona məxsus olan "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədilmişdi.
Deputat qəza törədilən zaman sükan arxasında özünün deyil, sürücüsünün olduğunu, özünün həmin Brüsseldə səfərdə olduğunu qeyd etsə də, ictimai rəy bunu özünümüdafiə xarakterli açıqlama kimi qiymətləndirmişdi.
Deputat Hüseynbala Mirələmov isə qardaşı oğluna görə gündəmə gəlmişdi. Deputatın qardaşı oğlu Rəşad Mirələmov “1001 gecə” istirahət məkanında mübahisə zəminində Ramal Bayramov adlı şəxsi güllələyərək öldürmüşdü. Hadisə 7 il əvvəl olsa da, Hüseynbala Mirələmovun adı çəkiləndə dərhal bu məsələ yenilənir.
Bundan başqa, bir sıra deputatlar ehtiyatsız açıqlamaları ilə hakimiyyəti çətin vəziyyətdə qoyublar. Həmçinin Milli Məclisə olan inamı sıfıra endiriblər.
Siyasi ekspertlər hesab edir ki, artıq hakimiyyət də bunun fərqindədir və çox güman ki, növbəti parlament seçkilərində ictimai rəydə mənfi reputasiya ilə tanınan deputatlar Milli Məclisə buraxılmayacaq./yenisabah.az
Bu xəbər üçün şərh yazın