MİLLİ MƏCLİSİN YENİ SƏDRİNİN ADI AÇIQLANDI! - Spikerin müavinləri kimlər olacaq? (Yenilənib)
VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb. Report.az-ın xəbərinə görə, iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib.
Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.
İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.
İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.
Xatırladaq ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunub. YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin sədri vəzifəsinə namizədliyini irəli sürdüyü Sahibə Qafarova 1955-ci ildə anadan olub.
S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.
1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.
S.Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.
Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.
O, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.
Bu xəbər üçün şərh yazın