Moldova ilə Rumıniya birləşir – Parlament tarixi bəyannamə qəbul etdi
Rumıniya parlamenti tarixdə Bessarabiya kimi tanınan bugünkü Moldova torpaqlarının Rumıniya ilə birləşməsinin 100-cü ildönümü münasibətilə Moldova Respublikası ilə birləşməyə dair niyyət Bəyannaməsi qəbul edib.
"İnterfaks"ın verdiyi xəbərə görə, "Bessarabiyanın ana vətən Rumıniya ilə 1918-ci il martın 27-də baş tutmuş birləşməsinin bayram edilməsi haqqında" Bəyannamədə deyilir ki, Rumıniya ilə birləşmək istəyən Moldova vətəndaşlarının bu arzusu tam legitimdir və Ruminiya dövləti, vətəndaşları da bu təşəbbüsü dəstəkləyir.
Sənəddə qeyd olunur ki, 1918-ci il martın 27-də Bessarabiyanın ali qanunverici orqanı Rusiya İmperiyasının dağılması və 1-ci Dünya savaşı şərtlərində Rumıniya ilə birləşmək barədə qərar qəbul edib. Bu qərar 1920-ci il 28 oktyabr tarixli Paris sülh müqaviləsində tanınıb.
Bəyannaməni Rumıniya Deputatlar Palatası və Senatı əksər səslə dəstəkləyib. Yalnız Rumıniya Macarlarının Demokratik İttifaqı əleyhinə olub.
Toplantıda Moldova parlamentinin nümayəndə heyəti də iştirak edib. Moldova parlamentinin sədri Adrian Kandu çıxışında bildirib ki, Moldovanı Avropaya aparan yolların və körpülərin inşası ancaq Rumıniyanın yardımı ilə mümkündür.
Bu xəbər üçün şərh yazın