Moskva ilə Bakı arasında soyuq küləklər:“Qazprom” Azərbaycanın qaz layihəsini niyə “vurur”?

Moskva ilə Bakı arasında soyuq küləklər:“Qazprom” Azərbaycanın qaz layihəsini niyə “vurur”? 

Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədr müavini Aleksandr Medvedyev Azərbaycanın reallaşdırdığı Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini və effektiviliyini şübhə altına alan bəyanatlarla çıxış edib.

Medvedyev jurnalistlərə açıqlamasında Rusiya qazının gələcəkdə TAP kəmərinə vurulması imkanlarından  danışıb. Bildirib ki, TAP kəmərinin dolmamaq riski var, çünki Azərbaycan əsas neft yataqlarında hasilatı saxlamaq üçün laylara getdikcə daha çox qaz vurmağa məcburdur.

Qeyd edək ki, “Qazprom” şirkəti TAP-a faktiki rəqib sayılan qaz dəhlizinin yaradılması üzərində işləyir. Bura Rusiyadan Türkiyənin Yunanıstanla sərhədinə qədər “Türk axını” qaz kəmərinin çəkilməsi, həmin kəmərin daha sonra “Poseidon” kəmərinə birləşdirilməsi planları daxildir. “Türk axını” kəmərinin tikintisi artıq başlayıb. TAP kəmərisə TANAP-la Türkiyənin Yunanıstanla sərhədinə qədər nəql olunacaq Azərbaycan qazını (ildə 10 mlyard kubmetr) Avropanın cənubuna çatdıracaq.

Lakin Aleksandr Medvedyev iddia edir ki, TAP kəmərinin dolması mümkün deyil. Onun sözlərinə görə, “Poseidon” layihəsinin icrası zamanı TAP kəmərinin gücündən istifadə mümkün ola bilərdi. “Ancaq biz bu məsələdə heç bir halda xahiş edən tərəf olmayacağıq. Burada TAP kəmərinin sahiblərinin başı ağrımalı olacaq”-Medvedyev bildirib.

Xatıladaq ki, TAP konsorsiumuna SOCAR, BP Snam, Fluxys, Enagas и Axpo daxildir.

“Qazprom”un idarə heyətinin sədr müavini yada salıb ki, TAP kəməri üçün mənbə Azərbaycan qazıdır. “İndiki situasiyada Azərbaycanın qaza tələbatı artır, çünki əsas neft yataqlarında hasilatın aşağı düşməsini dayandırmaq üçün laylara getdikcə daha çox qaz vurulur. Bu, zarafat məsələ deyil-zərurət məsələsidir. Neft Azərbaycan iqtisadiyyatı üçün əsas büdcə gəliri mənbəyi olaraq qalır”-A.Medvedyev bildirib.

“Qazprom”un idarə heyətinin sədr müavini əlavə edib ki, onlar bu mərhələni başqa ölkələrdəki digər layihələrdə keçiblər. “Bu, Azərbaycan tərəfinin seçimi məsələsidir. Və əgər bu situasiyada TAP kəməri boş qalacaqsa onların seçimidir ki, kəməri boş saxlasınlar və ya hansısa qarşılıqlı anlaşmaya getsinlər. Məsələn, bizimlə. Nəzəriyyə nəzəriyyədir, praktika praktikadır. Biz Avropada biznesin istənilən inkişaf variantına hazırıq və hesab edirik ki, əməkdaşlıq ideal olardı. Ancaq heç kimi buna məcbur etmək fikrində deyilik”-Aleksandr Medvedyev əlavə edib.

Virtualaz.org qeyd edir ki, Avropanın qaz təchizatı bazarında inhisarını əldən vermək istəməyən Rusiya qaz nəhənginin bəyanatları Moskvanın Cənub Qaz Dəhlizinə qarşı qəzəbini ilk dəfə bu cür açıq büruzə vermiş olur. Medvedyev TAP kəmərinin boş qalacağı haqda eyhamlarla çıxış edərkən nəyə əsaslanır? Axı kəmərə vurulacaq qazın hasil olunacağı “Şahdəniz” yatağının sübut olunmuş ehtiyatlarına dair rəqəmlər hamıya məlumdur. BP-nin başçılıq etdiyi beynəlxalq konsorsium isə məhz sübut olunmuş ehtiyatlardan çıxış edərək “Şahdəniz-2”nin işlənilməsi də daxil olmaqla Cənub Qaz Dəhlizinə on milyardlarla dollar investisiya qoyub.

 

Əgər Medvedyevin hesab etdiyi kimi hasil olunacaq qaz ildə 10 milyard kubmetr qazın nəqli üçün nəzərdə tutulmuş TAP kəmərini doldurmayacaqsa, yaxud bununla bağlı risk varsa və layihə kommersiya baxımından rentabelli olmayacaqsa o zaman BP kimi bütün riskləri ölçüb-biçən şirkət bu investisiyaları yatırmağa razı olardımı? Əlbətdə, yox. Əksinə, “Şahdəniz”dən qaz hasilatının proqnozlaşdırılandan daha çox olacağı gözlənilir.

Digər tərəfdən Azərbaycanın qaz ehtiyatları təkcə “Şahdəniz”lə yekunlaşmır.  Bu günlərdə Bakıda keçirilən neft-qaz sərgisi zamanı açıqlandı ki, Azərbaycanda qaz hasilatı gələcəkdə yeni kəşf olunmuş və işlənməkdə olan yataqların ehtiyatları hesabına daha da artacaq. Yəni Azərbaycanın TAP kəmərini doldurmaqla bağlı problemi yoxdur və Bakıda heç vaxt bu riskdən danışmayıblar, üstəlik kəmərin boş qalacağı halda onun Rusiya qazı ilə doldurulması barədə heç kimdən xahiş etməyiblər.

O zaman “Qazprom” rəhbərliyi niyə Azərbaycanın əvəzindən narahat olur ki? Yaxşı olmazdımı “Qazprom” özü  biabırcasına iflasa uğramış “Cənub axını” layihəsinin ardınca “Poseidon” layihəsinin də Avropa İttifaqının əngəlləri ilə qarşılaşacağına dair kifayət qədər yüksək siyasi risklərdən narahat olsun? Medvedyevdə “Poseidon” layihəsinin reallaşacağına bu qədər əminlik haradandır ki, o, üstəlik Azərbaycana minnət qoyur və deyir ki, Bakı xahiş etsə bəlkə həmin kəmərdən qazın bir hissəsini TAP-a vura bilərlər? Bu, olduqca qəribə yanaşmadır və təəcüb doğurur, əslində Rusiyanın Cənub Qaz Dəhlizindən necə narahat olduğunu büruzə verir.

Medvedyevin bəyanatları İtaliyanın cənubunda TAP kəmərinin tikintisini əngəlləmək üçün neçə vaxtdır ara verməyən təxribatların, hücumların arxasında kimin dayandığına dair təxminləri də bir daha doğrulamış olur. Virtualaz.org dəfələrlə TAP-a qarşı yönəlmiş təxribatlardan yazıb və İtaliyada bu təxribatları təşkil edən əsas qüvvənin-“5 Star” hərəkatının və onun lideri, şoumen Beppe Grillonun Rusiyaya bağlılığı haqda xatırladıb. Bu aksiyalarda, hücumlarda ekoloji amilləri bəhanə edirlər, ancaq tamamilə aydındır ki, həmin hücumların arxasında kimin maraqları dayanır.

Hansı ki, bu günlərdə prezident İlham Əliyev 28 May Respublika Günü münasibətilə təşkil olunan qəbulda çıxışı zamanı TAP kəmərinə qarşı təxribatların arxasında dayanan qüvvələr barədə eyham vurub. Prezident bu layihəni əngəlləmək üçün böyük pulların sərf olunduğunu deyib. Lakin eyni zamanda əminlik ifadə edib ki, Cənub Qaz Dəhlizi reallaşacaq və Azərbaycan Avropaya qaz təchiz edən ilk alternativ mənbə olacaq. Rusiyada isə belə görünür ki, bunu həzm etmək istəmirlər və Azərbaycanın Avropaya nəql edəcəyi qazın həcminin ümumi bazarın tələbatı ilə müqayisədə cüzi olmasına baxmayaraq bazara yeni, müstəqil oyunçunun daxil olmasından narahatdırlar.

Fərhad Məmmədov

Virtualaz.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi