MSK daha kimlərin namizədliyini ləğv edəcək?

MSK daha kimlərin namizədliyini ləğv edəcək? - Xarici ölkə qarşısında öhdəliyi olanlar yenə var

Jurnalist Cavanşir Həsənli bir müddət əvvəl öz sosial şəbəkə səhifəsində son üç çağırış YAP-ın deputatı olmuş Rauf Əliyevin qanunvericiliyin ziddinə olaraq, Rusiyada şəxsi biznesinin olduğunu, həmin ölkədə vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyini iddia edib.


Xatırladaq ki, parlamentin özünü istefaya göndərməsinə imza atan Rauf Əliyev yenidən 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən namizədliyini irəli sürüb. Ancaq C.Həsənlinin yaydığı məlumat doğrudursa, belə çıxır ki, hakim partiya bu deputatın xarici ölkə qarşısında hüquqi öhdəliyinin olmasından xəbərsizdir. Və MSK bu məsələni də nəzərdən keçirməlidir.

Rusiya Federal Vergi Xidmətinin rəsmi səhifəsindəki məlumat da əlavə edilən sözügedən paylaşımda deyilir: “Milli Məclisin son 3 çağırış deputatı, YAP-ın 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən deputatlığa namizədi Rauf Əliyev hələ 2018-ci ilin oktyabrın 16-dan Rusiyada Moskva vilayəti 17 saylı Regionlararası Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyatdan keçib. Yəni Rauf Əliyev ötən çağırış deputatlıq fəaliyyəti dövründə faktiki olaraq, Konstitusiyanın tələblərini pozub və onun biznes fəaliyyəti xarici ölkə qarşısında öhdəlik yaradıb...”

Xarici ölkə qarşısında öhdəliyi olduğu iddia edilən digər bir namizəd isə 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən YAP-ın namizədi olan Elnur Allahverdiyevdir.Onun dairədəki rəqibləri E.Allahverdiyevin Sloveniyanın fəxri konsulu olduğunu, bununsa həmin namizədin digər bir ölkə qarşısında öhdəlik yaratdığını bildiriblər. Bu dairədən namizəd olan vəkil Cavad Cavadov hətta məsələ ilə bağlı MSK-ya rəsmi qaydada müraciət edib. Digər namizədlər də bu şikayəti dəstəkləyib.

C.Cavadov “AzPolitika.info”-ya açıqlamasında E.Allahverdiyevin namizədliyi ilə bağlı deyib: “Yazın ki, namizəd Elnur Allahverdiyev seçicilərini aldadır. Məsələn, MSK-ya məlumat verib ki, Sloveniyanın fəxri konsulu deyil, amma payladığı bukletlərdə qeyd edib ki, Sloveniyanın fəxri konsuludur. Özü barədə yalan məlumatlar verib...”

Yəqin ki, başqa ölkə qarşısında bu və ya digər formada öhdəliyi olan, yaxud buna dair şübhələrin olduğu namizədlər az deyil. Lakin MSK-nın belə namizədlərin hamısına dair araşdırma aparıb-aparmadığı bəlli deyil.Namizədliyin ləğvi ilə bağlı danışan MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, belə bir hal ən son gün belə aşkar olunsa, deputatlığa namizədlik ləğv olunacaq. Çünki deputat olmaq istəyən şəxs Azərbaycan Konstitusiyasına hörmət etməlidir...

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi