“Naxçıvanın muxtar hüquqlu dövlət statusu ləğv olunmalıdır” - ÇAĞIRIŞ
"Azərbaycan Naxçıvanda islahatlar aparmalıdır”
Bunu Sherg.az-a Naxçıvandan olan tanınmış jurnalist,“Ovqat.com” sayının baş redaktoru Heydər Oğuz prezidentin Naxçıvana xüsusi səlahiyyətli nümayəndə təyin etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Naxçıvanda sovet dövründən qalan çox axmaq bir struktur qurulmuşdu:
"İlk növbədə Naxçıvanın muxtar hüquqlu dövlət statusu ləğv olunmalıdır. Çünki Azərbaycan respublikasının konstitusiyasının 17-ci maddəsinə görə biz unitar dövlətik və unitar dövlətin daxilində hansısa federal quruluş olmamalıdır. Bu səbəblə də Naxçıvanın hüquqi statusu Azərbaycan konstitusiyasına uyğunlaşdırılmalıdır. Proses isə cənab prezidentdən və Azərbaycan xalqından asılıdır. Yəni oradakı xüsusi nümayəndə heç bir şey edə bilməz".
H.Oğuz bildirib ki, yəqin, biz yaxın günlərdə Naxçıvan Ali məclisinin də özünü buraxdığının şahidi olacağıq:
"Çünki oradakı deputatların hamısı cinayətkar insanlardır. Vasif Talıbov onlara toxunulmazlıq statusu vermək üçün mandatlaşdırmışdı. Yəni Azərbaycan hüquq- mühafizə orqanları həmin dırnaqarası deputatları cəzalandıra bilməsin deyə vəzifəyə gətirmişdi. Onlar Naxçıvanı talayanlar, büdcədən milyardlarla dollar oğurlayan korrupsionerlərdir. Xüsusilə, onlardan ikisinin üzərində dayanmaq istəyərdim. Biri Seymur Talıbovdur. Digəri isə "Cahan Holding"in rəhbəri Vüqar Abbasovdur. Hər iki şəxs 2020-ci ildəki seçkilərdə Vasif Talıbov tərəfindən təyin olunublar. Bu təyinatdakı başlıca məqsəd həmin şəxslər üzərində "toxunulmazlıq zirehi" yaratmaq idi. Toxunulmazlıq statusunun arxasında gizlənərək Naxçıvanı talayan 45 deputat cinayət məsuliyyətinə cəlb olunmalıdır".
Baş yazar vurğulayıb ki, Naxçıvanda olan Nazirlər Kabineti ləğv edilməlidir:
"Orada heç Azərbaycanda belə olmayan nazirliklər mövcuddur. Çünki köhnə rejimlə idarə olunur. Kabineti ləğv etməyə isə cənab prezidentin səlahiyyəti var. O icra orqanlarını kəğv edib, yeni struktur yaratmaq hüququna malikdir. Hətta bu istiqəmətdə müəyyən addımlar da atılıb.
Dövlət başçısı Naxçıvan DTX-i və DGK-i ləğv edərək, orada Azərbaycan DTX və DGK-nin Naxçıvan bürosunu yaradıb. Eyni islahatlar digər sahələrdə, xüsusən güc strukturlarında da həyata keçirilməlidir. Oradakı DİN və Kərəm Mustafayevin əlində cəmləşən əlahiddə ümumqoşunun statusu alınmalıdır. Əlahiddə ümumqoşun ləğv edildikdən sonra 5-ci korpus təsis edilməlidir. Əgər bütün bunlar olmasa, orada vəzifəyə gətirilən adam yenidən "xana" çevrilə bilər.
Ümumiyyətlə, Naxçıvan Azərbaycanın iqtisadi rayonu elan olunaraq, bizim bir regionumuza çevrilməlidir. Ona görə ki, cəmi 150-200 min insan yaşayır. Naxçıvanın İdarəsində isə təyin olunan xüsusi nümayəndənin kifayət olduğu qənaətindəyəm".
Bu xəbər üçün şərh yazın