Nərimanov rayon sakinlərindən vitse-spikerə ittiham: "Evimizi əlimizdən alır"

Nərimanov rayon sakinlərindən vitse-spikerə ittiham: "Evimizi əlimizdən alır" – İDDİA

Ötən ilin son günlərində “Olympus Park” tikinti şirkətinin əməkdaşlarının Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən mənzildən sakinləri zorakılıq tətbiq edərək çıxarmağa çalışmaları barədə xəbər vermişdik.

 Ötən gün – avqust ayının 15-də sözügedən mənzilin sakinləri “Olympus Park” şirkətinin onlara qarşı zorakılıq törətdiyini, mənizllərini dağıtdığını iddia edərək, şirkətin Nərimanov rayonunda yerləşən ofisinin qarşısına gəlib və burada aksiya keçiriblər.

Yeniavaz.com “Azad söz”ə istinadən xəbər verir ki, sakinlər, onlarla “idmançı”nın şirkət rəhbərliyi tərəfindən göndərilirək, yaşadıqları binadan çıxarmaq üçün onlara qarşı zorakılıq törətdiyini iddia ediblər. Onların sözlərinə görə, zorakılıq "OLYMPUS FIGHT CLUB" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Rafael Qarayevin göstərişi ilə törədilib. Sakinlər iddia edirlər ki, onlara qarşı bu zorakılığın törədənlər Milli Məclisin deputatı, vitse-spiker Adil Əliyevə arxalanırlar. Buna səbəb kimi isə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əlyevin, sözügedən ərazidə “Olympus Park”ın inşa etdiyi yaşayış kompleksinə şərik olmasını göstərirlər. Onların sözlərinə görə O. Əliyevə bu işdə maddi dəstəyi federasiyanın fəxri prezidenti, millət vəkili Adil Əliyev göstərir.

Mənzilin sakinlərindən biri bildirib ki, onları evlərindən çıxarmaq üçün hətta öldürməklə hədələyiblər:

“Şəxsi əmlakımızı darmadağın ediblər. Adil Əliyev himayədarlıq edir, gəlir deyir mən himayədarlıq etmirəm. Bizə həm maddi, həm mənəvi ziyan vurublar. Bunların hamısı ekspertizadan keçirilib və Korrupsiyaya İdarəsində (Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi) baxılıb. İdarənin əməkdaşı dünən gəlib baxış keçirib, o gedəndən sonra mənzillərimizi dağıdıblar”.

Aksiya keçirən sakinlər daha sonra yanıcı maddə ilə şirkətin qarşısında yanğın törədiblər və özlərini yandırmağa cəhd ediblər. Əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub və aksiyanı keçirən iki şəxs polis tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı “Olympus Park” şirkəti ilə əlaqə saxladıq, bizə telefonda heç bir məlumat verilməyəcəyi bildirildi.

Millət vəkili Adil Əliyevin isə nə özü ilə, nə də köməkçisi ilə əlaqə saxlamaq mümkün olmadı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı.

Xatırladaq ki, bu ilin aprel ayında Milli Məclis sədrinin müavini, millət vəkili Adil Əliyev Nərimanov rayonunda Ceyhun Hacıbəyli küçəsində sakinlərlə görüşmüş və həm burada tikinti aparan şirkətlərlə, həm də ümumiyyətlə, hər hansı bir tikinti şirkəti ilə heç bir əlaqəsinin, marağının olmadığını bildirmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi