Nərmin cinayəti ilə bağlı daha 5 şübhəli məqam

Nərmin cinayəti ilə bağlı daha 5 şübhəli məqam 

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın faciəvi qətli ilə bağlı məhkəmə prosesi davam edir.

 Proses davam etdikcə, müəmmalı qətllə bağlı şübhəli məqamlar da artır. Nərminin ölümündə təqsirləndirilən kənd sakini İlkin Süleymanovun qardaşı Adil Sülymanovun saytımıza danışdığı faktların bir qismini daha öncə yaymışdıq.

 

A.Süleymanovun Pravda.az-a açıqladığı faktların davamını təqdim edirik:

 

1. Meyitin aşkar edildiyi yer nə üçün qazılaraq alt-üst edildi?

 

Nərmin olduğu iddia edilən meyit ekspertizaya götürüldükdən sonra Nərminin atası Şərif Quliyev Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərovun iştirakı ilə qonşudan bel götürüb meyitin aşkar edildiyi yeri qazıb alt-üst ediblər. Burda məqsəd bəlkə cinayətə aid sübutlar tapmaq idi? Kənd sakinləri hesab edirlər ki, sabiq polis rəisinin bu davranışı cinayət işi üzrə hansısa sübutların, məsələn, ayaq izləri, meyiti yandırmaq üçün istifadə olunan ləvazimatlar və s. məhv edilməsinə xidmət edir. İddialara görə, sabiq rəis cinayəti törədən əsl qatili tanıyır və bununla qatili gizlətməyə çalışıb. Lakin ifadəsi alınan Şərif Quliyev və digərləri bildiriblər ki, onlar guya istintaqa kömək etmək etmək üçün yeri qazıblar və ekspertizaya bəzi materiallar veriblər. Amma təəccüblü orasıdır ki, cinayət işində Ş.Əsgərovun belə bir axtarışı barədə heç bir rəsmi protokol yoxdur və heç bir material istintaqa təqdim olunmayıb. Əgər belə tapşırıq olubsa, protokol da, şahidlər də olardı…

 

2. Nərminə təcavüz edildiyi iddia edilir, amma...

 

Maraqlıdır, ilk günlərdə cinayət araşdırılarkən İlkin Sülemanovun ailəsinə bildirilib ki, Nərmin mütəmadi cinsi təcavüzə məruz qalıb. Lakin İlkinin anası bu iddialara dözməyib, 16 yanvar 2020-ci ildə “Youtube” kanallarının birində məcbur qalaraq etiraf edib ki, oğlunun cinsi qabiliyyəti yoxdur. İlkinin anası onu da qeyd edir ki, bu çıxışından sonra Nərminin cinsi təcavüzə məruz qalması söhbətini bir daha açan olmayıb. Artıq bu istiqamətdə heç bir araşdırma da aparılmır. Qeyd edək ki, əslində Nərmin olduğu iddia edilən meyitin cinsi orqanı tamamən yandırılmışdı. Bu səbəbdən ekspertiza Nərminə təcavüz olunduğunu müəyyən edə bilməyib. Bu hal da artıq cinayətin motivini göstərir. Bəs bu faktın gizlədilməsində maraqlı olan şəxslər kimlərdir?

 

3. Nərminin itkin düşdüyü gün hansı geyimdə olması ilə bağlı ziddiyətli fikirlər var

 

Əmiləri, əmisi arvadı ifadələrində israrla Nərminin itkin düşdüyü gün əynində olan paltarları yadlarında saxladıqlarını bildirirlər. Həmin gün cəmi 2-3 dəqiqə gördükləri uşağın ayaqqabısının üstündəki gül, gödəkcə, şalvar, köynəyini dəqiqliklə yadda saxladıqlarını iddia edirlər. Onların sadaladıqları paltar-ayaqqabı yanmış meyitin üstündə olan və yanına atılmış geyimlərə uyğundur. Əmisi Arif Quliyevin arvadı Nailə Quliyeva da həyat yoldaşının gödəkcəsini gətirib verəndə Nərminin əynində olan geyimləri sadalayır.

 

Əvvəla, adi bir gün idi, heç kim bilmirdi ki, Nərmin itəcək. Geyimləri dəqiqliklə yadda saxlamaları şübhəlidir. Ən əsası, N.Quliyeva məhkəmədə geyimləri sadalayır, istintaqda isə hər iki ifadəsində bildirib ki, Nərmin gətirib gödəkcəni qaytardığı gün onu görməyib. Çünki bir gün əvvəl qızının toyu imiş, başı tör-töküntünü yığışdırmağa qarışıb. Ona görə Nərmin gəlib-gedəndə görməyib. Bəs bu qadın məhkəmədə niyə geyimləri sadalayır? Onu belə ifadə verməyə nə vadar edir?

 

4. Nərminin anasının yalan danışma ehtimalı böyükdür

 

Meyit axşam saat 20:00 radələrində tapılıb. Nərminin anası Aynurə İsmayılova məhkəmədə dindiriləndə məlum oldu ki, onlar həmin gün səhər Tovuz rayon Polis Şöbəsində polis rəisi ilə görüşüblər. Anası uşağından xəbər olub-olmadığını öyrənmək üçün şöbəyə getdiyini deyir. Maraqlıdır, bundan 2-3 saat sonra polis rəisi Nərmingilin evinə gəlir… Məhkəmədə bununla bağlı suala isə ana belə cavab verir: “Rəis uşaq itən gün əynində olan paltarları soruşmaq üçün gəlib”. Vəkillər isə bildirir ki, həmin vaxt uşaq artıq 47 gün idi itkin düşmüşdü. Onun əynindəki paltarlarla bağlı artıq çoxsaylı izahatlar verilmişdi. Polis rəisi niyə 47 gün sonra bunu soruşurdu? Həm də həmin gün səhər valideynlər polis şöbəsində olmuşdu, nə sual var idisə, verə bilərdi, 2 saat sonra rəisin yenidən onlara gəlməsinə nə ehtiyac vardı?

 

5. Atasının sözləri də şübhəlidir

 

Əmisigilə atası üçün gödəkcə gətirməyə gedən Nərmin qayıtmır. Atası Şərif Quliyev təxminən 1 saat sonra böyük qızı Şəbnəmi qardaşıgilə Nərminin arxasıyca göndərir. Əmisigildə Şəbnəmə deyilir ki, Nərmin heç dayanmadan gödəkcəni götürüb, hətta ona sellofan torba verilməsini gözləmədən çıxıb gedib. Şəbnəm bunu gəlib atasına deyir. Ş.Quliyev bundan sonra qızını axtarmır, əksinə, axşam saat 18:00 radələrində qardaşları ilə birgə qonşu kəndə ciyəraxşamına gedir. Uşağın itməsi haqda polisə yalnız gecə saat 23:00 radələrində xəbər verilir.

 

Maraqlıdır, Ş.Quliyev Şəbnəmi Nərminin arxasınca göndərmişdisə, deməli, orada nə baş verdiyindən nigaran qalmışdı. Ondan sonra uşağın axtarılmaması şübhə yaradır. Məhkəmədə Ş.Quliyevdən qızı qayıtmadığı halda, niyə dərhal onu axtarmaması, əvəzində ciyəraxşamına getməsi barədə soruşulanda belə deyib: “Güman elədim ki, bəlkə ana nənəsigilə gedib”.

 

Soruşurlar ki, axı sənə gödəkcə gətirməli idi, səninlə birgə toyaxşamına getməli idi, niyə zəng edib dəqiqləşdirmədin ki, oradadır, yoxsa yox? Üstəlik, ana nənəsigilin evi əmisigildən çox uzaqdır. O isə bildirib ki, həmin vaxt konturu olmayıb. Niyə kimdənsə telefon zəngi üçün xahiş edib qızı ilə maraqlanmaması sualına isə cavab verməyib...

 Ardı var...

 Aytəkin Qardaşova

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi