Novella Cəfəroğlu: “Evləri əlillərə deyil, başqa adamlara paylayıblar” –Qalmaqal

Novella Cəfəroğlu: “Evləri əlillərə deyil, başqa adamlara paylayıblar” –Qalmaqal 

"Neçə aydır ki, Çernobıl əlilləri bizə şikayət edib. Çernobıl Əlillərinin bir sədri var. Əlilləri ev almaq üçün siyahıdan çıxarır və digər adları siyahıya salır. Əlillərə paylamaq üçün yer verilib, amma bu yerləri əlillərə deyil, başqa adamlara paylayıblar".

Faktinfo.az xəbər verir ki, bu fikirləri bu gün Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun keçirdiyi mətbuat konfransında hüquq müdafiəçisi Novella Cəfəroğlu səsləndirib.

Hüquq müdafiəçisi deyib ki, bununla bağlı Çernobıl qəzası zamanı xilaetmə işlərində iştirak edən 40-a yaxın şəxs onlara müraciət edib:

“Bu şəxslər Ukraynanın ölkəmizdəki səfirliyinə də müraciət ediblər. Onların çoxu xəstədir. Düşünün ki, hər yerdə Çernobıl əlillərinin sayı azalıb, amma bizim ölkəmizdə onların sayı çoxalır. Təsəvvür edin ki, 1975-ci ildə doğulan cavan oğlan Çernobıl əlili olub. Hansı ki, Çernobıl qəzası baş verəndə həmin cavan oğlanın cəmi 11 yaşı olub. Belə şeymi olar? Bu oğlana kim vəsiqə verib, qeydiyyata alıb? İndi bu şikayətçilər bizə üz tutublar. Onların sayı 40 nəfərdir. Və Çernobıl Əlilləri Cəmiyyətinin sədrindən narazıdır. Biz bir ilə yaxındır ki, bu şikayətlər bağlı müxtəlif dövlət qurumlarına yazırıq”.

Hüquq müdafiəçisi qeyd edib ki, Çernobıl əlillərinin təqaüdləri hətta dərman almağa belı çatmır. Onun fikrincə, bu əlillərlə bağlı ciddi addımlar atılmalıdır.

Teleqraf.com bu ciddi ittihamlarla bağlı Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənovun mövqeyini öyrənib.

Cəmiyyət sədri irəli sürülən ittihamları qəbul etmədiyini vurğulayıb:

“Mən hüquq müdafiəçilərin kimlərin müraciət etdiyini bilmirəm. Ancaq nəzərə almaq lazımdır ki, mənzillər “Mənzil Məcəlləsi” haqqında qanuna uyğun olaraq, növbəlilik prinsipi tətbiq olunmaqla müvafiq icra qurumlarının nəzarəti ilə həyata keçirir. Biz ictimai təşkilatıq. Növbəyə duranda isə əlillərdən əsas sənəd kimi əlillik haqqında sənəd tələb olunur. Həmin sənəddə şəxsin Çernobıl qəzası zamanı xilasetmə işlərində iştirak etdiyi və əlil olduğu qeyd olunur”.

Cəmiyyət sədri daha sonra qeyd edib ki, istənilən şəxs Çernobıl Əlilləri Təşkilatının üzvü ola bilər:

“Bunun üçün bizə üzv olmaq və üzvlük haqqı vermək lazımdır. Bizim verdiyimiz üzvlük vəsiqəsi şəxsə hər hansı bir imtiyaz vermir. Biz QHT-yik. Cəmiyyətin verdiyi sənəd dövlət qurumları üçün hüququ sənəd deyil. Çernobıl əlilləri, bu qəzada iştirak edən şəxslərlə bağlı müvafiq hərbi komissarlığın sənədi keçərlidir”.

Mirhəsən Həsənov daha sonra qeyd edib ki, Sumqayıtdan olan bəzi şəxslər respublikada o qurum qalmayıb ki, şikayət etməsinlər:

“Məsələn, biz Sumqayıt hərbi komissarlığına sorğu vermişik. Ancaq şikayət edən bəlli şəxslərin adı hərbi komissarlıqda siyahıda yoxdur. Kimin şikayəti varsa, desin, biz hamını dinləməyə hazırıq. Ancaq bizim cəmiyyətimiz mənzil paylamır və belə bir səlahiyyəti də yoxdur”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər