Oğlu Baba Rzayevin YOLUNU GEDİR - TƏFƏRRÜAT
İqtisadi məsələlərə həsr olunan istənilən dövlət tədbirində mütləq şəkildə biznesin inkişafına dəstək çağırışı olur.
Prezident çıxışlarında biznes mühitinin yaxşılaşdırılması üçün siyasi iradənin olduğunu vurğulayır və məmurlara sahibkarların qaldırdıqları problemləri operativ şəkildə həll etməyi tapşırır. “Məqsəd budur ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün”, – o, belə tədbirlərin birində deyib və əlavə edib: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır”.
“Amma bu çağırışlara çox vaxt məhəl qoyulmur,” – iş adamı Anar Qəribov bildirir.
Faktinfo.az xəbər verir ki,DİA.AZ bununla bağlı material təqdim edib:
Baba Rzayev bir yandan... oğlu da bir yandan... - ÖZBAŞINALIQ FAKTI...
Yazının davamında qeyd olunur:
“Məhkəmənin iflic olmasına prosesdə iştirak edən tərəflərdən birinin ailə mənsubiyyəti səbəb olub” – Anar Qəribov belə hesab edir. – “Ancaq o vaxtdan bəri işə bir çox yeni faktlar əlavə olunub. İndi söhbət Cinayət Məcəlləsinin 177.4, 186.3, 190.2 və 322.1-ci maddələrinin pozulmasından gedir. Zərərçəkmiş tərəf olaraq bizim çoxsaylı vəsatətlərimizə baxmayaraq, icarəyə verən tərəf bir dəfə də olsun dindirilməyə çağırılmayıb. Düzdür, məhkəmə onlara yekun qərar çıxarılana qədər icarəyə götürülmüş ərazidə təmir işləri aparmağı qadağan edib, məhkəmə icraçıları isə “Azur” ticarət mərkəzinin rəhbərliyinə bu qadağanın pozulmasına görə məsuliyyətlə bağlı xəbərdarlıq ediblər. Lakin onlar xəbərdarlığa sayğısız yanaşaraq, nümayişkaranə formada obyektin tam şəkildə yenidən qurulmasına başladılar – divarları dağıtdılar, pəncərə və qapıları dəyişdilər, ərazinin sahəsini artırdılar… Biz Ədliyyə Nazirliyinə, Məhkəmə qərarlarının icrasına nəzarət Baş İdarəsinə, Xətai probasiya şöbəsinə, prokurorluq və digər hüquq-mühafizə orqanlarına müraciət etdik. Bütün müraciətlərimiz əbəs oldu.
Bu əhvalat sahibkarların hüquqlarını qorumayan, əksinə, tanınmış məmurun oğlu tərəfindən onların hüquqlarının pozulmasını ört-basdır edən hüquq-mühafizə orqanlarına, məhkəmələrə şərəf gətirmir. Biz hətta çarəsiz qalaraq, icarəyə götürdüyümüz ərazinin sahibinin atasına da məktub yazıb problemin ədalətli həllinə köməklik göstərməsini xahişi etdik, cavab olmadı. İndi bizə bu məmurlara dövlət başçısının fərdi sahibkarın işinə mane olmamaq çağırışını bir daha xatırlatmaqdan başqa nə qalır? Amma ölkə prezidenti bir şeyi deyir, onun siyasətini həyata keçirməli, qanunun aliliyinə nəzarət etməli olan dövlət qulluqçuları isə yüksək vəzifələrini şəxsi mənfəətə çevirməkdə davam edirlər. Oliqarx sistem belə işləyir. Və bu proses dayandırılmasa, ölkəmiz, xarici təcrübənin də göstərdiyi kimi, iş yerlərinin böyük əksəriyyətini təşkil edən kiçik və orta sahibkar təbəqəsiz qala bilər”.
Nəhayət, 2022-ci ilin yayında “Azur” ticarət mərkəzi ilə orada yer icarələmiş mağaza arasında uzun sürən məhkəmə çəkişməsi “ölü nöqtədən” tərpənib. 32 aylıq məhkəmə bürokratiyasından sonra Bakı Kommersiya Məhkəməsi iş üzrə qərarını açıqlayıb. O, icarədarların əsas tələbini təmin etməyib. Əksinə, məhkəmə 2027-ci ilə qədər bağlanmış icarə müqaviləsinə xitam verərək, icarədarların mağazanın fəaliyyətsiz qaldığı dövr üçün ticarət mərkəzinə 28 734 manat ödəməli olduğu barədə qərar çıxarıb. Baxmayaraq ki, mağazanın fəaliyyətsiz qalmasına icarəyə verən tərəfin özünün hərəkətləri səbəb olub. Məhkəmə dağıdılmış və itmiş əmlaka görə kompensasiya məbləğini cəmi 39 105 manat dəyərləndirib. Halbuki, sənədləşdirilmiş zərərin real məbləği bundan 33 dəfə çoxdur.
“Məhkəmə iddialarımızı əsaslandırmaq üçün təqdim etdiyimiz heç bir sənədə məhəl qoymadı: müstəqil auditorların rəyləri, əsaslı təmir üçün investisiyaların qiymətləndirilməsi, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin qiymətləndirməsi, satış üçün əksər malların və avadanlıqların möhlət hüququ ilə alınmasını təsdiq edən ciddi hesabatlılıq sənədləri, mal və avadanlıqların oğurluğa qədər və ondan sonrakı adbaad siyahısı…” – Anar Qəribov daha bir qalın qovluğu göstərir: “İş materiallarında olan iki mindən çox təsdiq edilmiş sənəd diqqətdən kənarda qalıb. Məhkəmə öz qərarında səbəb göstərmədən Mülki Prosessual Məcəllənin 265.4 maddəsindən yan keçib. Həmin maddədə göstərilir ki, mülki məhkəmə işdə adı keçən tərəflərin fəaliyyətində cinayət tərkibi aşkar etdikdə, iş materiallarını prokurorluğa verməlidir”.
Təbii ki, uduzan tərəf bu qərarla razılaşmayaraq, Apellyasiya Məhkəməsinə müraciət edib. Belə məsələlərdən agah olanlar bilirlər ki, apellyasiya məhkəmələrində işlərə baxılması adətən nə qədər çəkir. Bu dəfə isə məhkəmə işi qəbul edəndən dərhal sonra – cümə günü, iyulun 29-da işlə bağlı hakimlər təyin olunub. Və həftənin ilk iş günü – bazar ertəsi, 1 avqust tarixində şikayətin baxılmaq üçün qəbul edilməsi imkanının müzakirə edildiyi iclas keçirilib. Məruzəçi kimi Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının sədri Vidadi Məmmədov çıxış edib. Tərəflərin iştirakı olmadan keçirilən iclasda apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin normalarının pozulması ilə tərtib edildiyi məlum olub. Hakimlər qərar qəbul ediblər: şikayət düzgün tərtib edilmədiyinə görə onun baxılmaq üçün qəbul edilməsinə heç bir əsas yoxdur, müvafiq olaraq işə apellyasiya məhkəməsində baxılmayacaq.
Yenə də sual açıq qalır: bu qədər qısa müddətdə – cümə günündən bazar ertəsinə qədər üç hakim illərlə uzanan işlə necə tanış olub, onu təhlil edib və qərar çıxara bilib? Doğrudanmı, onlar həftənin istirahət günlərini buna həsr ediblər?
“Bundan sonra öz biznesini qurmaq qərarına gələn istedadlı gəncləri ölkəni tərk etməməyə, özəl sektoru isə ölkə iqtisadiyyatına sərmayə qoymağa necə çağırmaq olar”, – deyə Anar Qəribov yekunlaşdırır: “Bu gün Rusiya və Ukraynada yaşayan bir çox Azərbaycan əsilli sahibkarlar məmnuniyyətlə öz bizneslərini vətənlərinə köçürərək, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyardılar. Amma belə bir məhkəmə sistemi ilə bu addımı atacaqlarmı? Azərbaycanın məhkəmə-hüquq sistemi öz sahibkarının sərmayələrini qoruya bilmirsə, hətta “basqın yolu ilə ələ keçirməyə” göz yumursa, işğaldan azad edilmiş torpaqların bərpasına külli miqdarda sərmayə qoymaq imkanı olan potensial xarici investorlar nə düşünəcək?”
Müəllif: Eldar Əliyev
Redaksiyadan: Anar Qəribovun təsvir etdiyi hadisə fərdi iş olsa da, təəssüf ki, ölkə üçün xarakterikdir. Bu məqamlar o qədər ciddidir ki, son illər əsas diqqəti kiçik və orta biznesə yönəldən iqtisadiyyatımızın əsaslarına böyük zərbə ola bilər. Bunu nəzərə alaraq, redaksiya mağaza sahibinin hekayəsini dərc etmək qərarına gəlib. Eyni zamanda, mövzu ilə bağlı çıxış etmək arzusu yaransa, qarşı tərəfə söz verməyə hazır olduğumuzu bildiririk. Bizim də bu işdə məqsədimiz birdir: sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın. //pressklub.az//
Bu xəbər üçün şərh yazın