Orta maaş 900 manatdır: məgər hamı bu məbləği alır?

Orta maaş 900 manatdır: məgər hamı bu məbləği alır? 

Həm Maliyyə, həm də İqtisadiyyat Nazirliyi büdcə ilə bağlı geniş məlumat verdi. Mən komitəmizin sədri Tahir Mirkişilinin verdiyi üç təklifi müdafiə edirəm. Manatın məzənnəsinin qorunub saxlanılması, neftin bir barrelinin 50 dollardan götürülməsi, inflyasiyanın mümkün qədər qarşısının alınması normal haldır.

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, neft-qazdan gələn gəlir 53, qeyri-neft sahəsində isə 47 faizdir:

“Mən ÜDM-də qeyri-neft məhsullarından gələn gəlirlərin prioritet saxlanılmasını təklif edirəm. Eləcə də sosial sahəyə ayrılan vəsaitin artırılması müsbət addımlardır və Prezidentin bu istiqamətə göstərdiyi həssas münasibətini göstərir”.

Bununla belə Vahid Əhmədov bildirib ki, indi dünyada bir sıra problemlər var və buna diqqət edilməlidir:

“Birincisi, ərzaq təhlükəsizliyi məsələsinə ciddi yanaşmalıyıq. Bir sıra dünya liderləri bu təhlükə haqqında danışır. Ərzaq məhsullarının idxalı kifayət qədər olduğu üçün buna diqqət edilməlidir. Bununla yanaşı anti-inflyasiya tədbirlərinin sərtləşməsinə ehtiyac var”.

Deputat deyib ki, 2023-cü ildə Kənd Təsərrüfatı Nazirliyi diqqət mərkəzində olmalıdır:

“Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Mərkəzi Bank arasında saziş imzalansın, regionlarda işləyən fermerlər və ümumiyyətlə əhaliyə kreditlər həm əlçatan, həm də aşağı faizlə olsun. Regionlarda ən ciddi məsələlərdən biri də girov məsələsidir. Bu, onlar üçün çətindir.

Mən eyni zamanda büdcənin xərclər hissəsində şəffaflığın artırılması və ciddi nəzarəti vacib sayıram”.

Vahid Əhmədov bildirib ki, 2022-ci il üçün ölkədə orta aylıq əmək haqqı 800 manat təşkil edir və bu məbləğ 2023-də 898 manat olacaq: “Təxminən 100 manat artım olacaq. Amma nəzərə almaq lazımdır ki, insanların hamısı bunu ala bilmir. Təqaüdçülər 280-290 manat alır. Problemlər çoxdur və bunlara da diqqət edilməlidir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi