"Övladlarım ermənilərə güllə atmaqda səhv ediblərsə, İnam Kərimovdan üzr istəməyə hazıram" -ŞƏHİD ANASI
Tovuz rayonu,Vahidli kənd sakini, şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına, media orqanlarının rəhbərlərinə bir nüsxəsi də Faktinfo.az saytına müraciət ünvanlanıb.
Faktinfo.az xəbər verir ki,şəhid anasının oğlu Həsənov Naməddin Tofiq oğluna dair bəhs edilən müraciətində deyilir:
Hörmətli cənab prezident!
Yazıb bildirirəm ki,mənim üç oğlumun biri Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub,digər iki oğlum isə sağlamlığını itirib və müharibə veteranıdırlar.Övladlarımla birlikdə,Ermənistanla sərhəd olan kənddə yaşayırıq və müharibədə evimizə ciddi ziyan dəyib.Buna baxmayaraq bir gün də olsa evimizdən kənarda yaşamağı düşünməmişik.Yaşadığımız kənddə ilk dəfə Yeni Azərbaycan partiyası yalnız mənim ailə üzvlərimdən ibarət olub və bütün ailə üzvlərimizə Ulu Öndərimizin şəxsi imzası ilə üzvlük vəsiqəsi verilib.
Hörmətli cənab prezident!
Onu da qeyd edim ki,bu günə qədər minlərlə rəsmi ərizə ilə aidiyyəti qurumlara müraciət edərək bildirmişəm ki, Kənd Təsərrüfatı Nazirliyi oğlum Həsənov Naməddin Tofiq oğlunun əmək müqaviləsinə 01.10.2021-ci il tarixində müqavilənin müddətinin başa çatmasını əsas götürərək xitam verib. Bu qeyri-qanuni hərəkətdir.Çünki Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9. bəndində qeyd olunur ki, idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti tam dayandırılarsa bu halda şəhid ailəsi üzvü digər təşkilatda işlə təmin olunmalıdır.Mən Kənd Təsərrüfatı naziri İnam Kərimovu başa sala bilmirəm ki, Nazirlər Kabinetinin,yəni hökumətin qərarında yazılanlara istisnasız əməl edilməlidir.Onu da qeyq edim ki, oğlumun işlədiyi təşkilatda heç bir ixtisar getməyib, əksinə idarə daha da genişləndirilib.
Həmçinin bildirirəm ki, oğlumun ixtisası alim-aqronomdur,peşəkar kənd təsərrüfatı mütəxəssisidir və dəfələrlə Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçib. Eyni zamanda oğlumun yeganə qazanc yeri işlədiyi müəssisə idi, üç azyaşlı övladı var, özüm isə ağır ürək xəstəliyi keçirmişəm və işdən azad olunan oğlumun himayəsində yaşayıram.
Mənə pis gələn odur ki,Naməddinin işlədiyi idarədə yeganə şəhid və Qarabağ veteranı qardaşı mənim oğlum idi və onu da işdən azad etdilər. Əksinə müharibədə iştirak etməyənlər, qeyri-peşəkarlar,hətta qeyri-ixtisas sahiblərinin hamısi həmin idarədə iş başındadır. Bu isə məndə belə bir şübhə yaradır ki,yəqin mənim övladlarım ermənilərə güllə atmaqda səhv ediblər və ona görə də bir şəhid ailəsini cəzalandırırlar. Əgər övladlarım ermənilərə güllə atmaqda səhv ediblərsə, mən İnam Kərimovdan üzr istəməyə hazıram. Övladlarım ermənilərə güllə atmaqda səhv etməyiblərsə onda İnam Kərimov daşı ətəyindən tökməlidir, Nazirlər Kabinetinin qərarına və Şəhid, Vətən məvhumuna hörmətlə yanaşmalıdır.
Onu da qeyd etməyi özümə borc bilirəm ki, 14 ay ərzində etdiyimiz bütün müraciətlərimə cavab olaraq Kənd Təsərrüfatı nazirliyi bildirir ki, oğlunuzun əmək müqaviləsinin müddəti başa çatmışdır və onunla yenidən əmək müqaviləsi bağlamaq çox qəliz məsələdir və məqsədimizə uyğun deyil.Artıq Kənd Təsərrüfatı nazirliyinin saxta, qərəzli və ədalətsiz cavablarından təngə gələrək, xarici ölkə səfirliklərinə müraciət edərək vətəndaşlıqdan imtina etmişəm.
Hörmətli cənab prezident!
Xahiş edirəm mənim müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli,10 saylı qərarına uyğun olaraq oğlumun öz işinə bərpa olunması üçün aidiyyəti olan şəxslərə göstəriş verəsiniz.
Həsənova Ceyran Məhəmməd qızı
Şəhid və Qarabağ veteranı anası
Bu xəbər üçün şərh yazın