“Özəl kanallarımız harda mənəviyyatı pozuq adamlar varsa, onları efirə çıxarır” – Tənzilə Rüstəmxanlı
“Biz buna dəfələrlə etirazımızı bildirmişik, bunun qarşısı alınmalıdır. İyirmi faiz torpaqları işğal altında qalan millətin övladlarına bu cür adamların nəyisə təbliğ etməyi yolverilməzdir”
Bunu “Azəri-Türk” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. Qurum sədri ailə məsələlərinin televiziyalarımızda xalqa təbliğ edilməsinin yolverilməz olduğunu bildirib:
“Ümumiyyətlə, özəl kanallarımız harda mənəviyyatı pozuq adamlar varsa, onları efirə çıxarıb millətə dərs verməklə, milli-mentalitetini heçə saymaqla, millətin dəyərlərini yoxa saymaqla məşğuldur. Biz buna dəfələrlə etirazımızı bildirmişik, bunun qarşısı alınmalıdır. İyirmi faiz torpaqları işğal altında qalan millətin övladlarına bu cür adamların nəyisə təbliğ etməyi yolverilməzdir. Kiminsə ailə münaqişəsinin, məişətinin Azərbaycan xalqına nə dəxli var, getsin ailəsiylə problemini özü həll etsin. Bunu on milyon xalqın qarşısına çıxıb danışmaq gənclərimizə çox pis təsir göstərir, ailə institumuzu, ocağımızı məhv edir. Axı biz ailəmizə bağlıyıq, ailə dəyərlərinə çox üstünlük verən bir millətik. Məişət problemlərini niyə görə televiziyalara daşımalıdırlar, buna nə gərək var?
Bu millətin başqa dəyərləri, dərdi yoxdur? İndi söyüşkən, saldırqan, heç bir şeyi müqəddəs saymayan bir nəsil yetişib və biz bunu istəmirdik. Çox üzülərək deyirəm ki, qəribə bir nəsil yetişib və onlar üçün itirəcək heç bir şey yoxdur. Bütün bunlar əlbəttə, bizim televiziya ekranlarında o cür insanların bunu yüksək səslə dilə gətirməsi və bu nəslin yetişməsinə xidmət etdi. Bu millətin keçmişi, tarixi var. Ancaq millətə saxta tarix sırımaqla məşğuldurlar. Biz övladlarımıza bir bilgi verə, hardan gəldiyimizi deyə bilməmişik. Bunları təbliğ etmək, yüksək səslə demək lazımdır. Biz ailədə həmişə məişət xorakılığına, qadın ölümlərinə qarşıyıq. Biz cəmiyyət olaraq bu şeylərin həmişə əleyhinə olmuşuq. Bunun üçün də demişik ki, cahillikdən uzaq olmaq lazımdır. Milləti maarifləndirmək lazımdır, insanlarda təhsil səviyyəsi yüksək olmalıdır ki, bu şeylər baş verməsin. Bu cür şeyləri təbliğ etmək lazım idi”.Moderator.az
Bu xəbər üçün şərh yazın