“Parlament” danışmaq deməkdir

“Parlament” danışmaq deməkdir 

Madər Musayev nədən danışmır?!

Məlum olduğu kimi, “parlament” fransız sözü olub, mənası “danışmaq” deməkdir. El dili ilə desək, açması odur ki, parlamentdə təmsil olunan şəxs danışmalı, ideya irəli sürməli, qanun layihəsi hazırlamalı, müzakirələrdə iştirak etməli, danışılanlara münasibət bildirməlidir.Bəs görəsən, bu baxımdan Azərbaycan parlamentində real vəziyyət necədir? Təəssüf ki, diqqətlə fikir verdikdə görürük ki, bu qanunverici qurumda illərlə danışmayan, müzakirələrdə iştirak etməyən, bir sözlə, “lal deputat” kimi tanınan kifayət qədər şəxs var.

 Belə şəxslərdən biri və bəlkə də elə birincisi Hacı Madər Musayevdir.Xatırladaq ki, Hacı Madər Musayev 1990-cı ildən parlamentdə təmsil olunur. Onda sovet dönəminin sonlarını yaşayırdıq və qanunverici orqan Ali Sovet adlanırdı. 1995-ci ildən isə Azərbaycan Parlamenti Milli Məclis adlanmağa başladı. Hacı Madər Musayev həmin vaxtdan indiyə qədər keçirilən bütün seçkilərdə yaşadığı Binəqədi rayonundan namizədliyini irəli sürüb və hər dəfə də indiki adla desək, millət vəkili seçilməyə nail olub.Hacı Madər Musayev artıq 6-cı dəfə parlamentə düşməyə iddialıdır və bu məqsədlə 1 noyabr seçkilərinə ciddi cəhdlə hazırlaşır. Təbii ki, yenə də yaşadığı ərazidə yerləşən 10 saylı Binəqədi 3-cü Seçki Dairəsindən namizədliyini irəli sürüb.Geniş maddi imkanlara sahib Hacı Madər Musayevin hər zaman xeyriyyəçiliklə məşğul olduğu və buna görə də yaşadığı ərazidə yaxşı tanındığı və yüksək hörmət qazandığı xüsusi vurğulanır. Bəli, həqiqətən də o, kasıb-kusuba, ehtiyacı olanlara əl tutur, xeyirdə, şərdə yaxından iştirak edir. Təbii ki, bütün bunlar alqışlanmalı, yüksək qiymətləndirilməlidir.

Ancaq bu o demək deyil ki, həmin şəxs mütləq və mütləq Milli Məclisdə təmsil olunmalı, hansısa layiqli siyasətçinin, iqtisadçının, hüquqşünasın kreslosunu “zanit” etməlidir. Hörmətli Hacı Madər Musayev özü də dəfələrlə verdiyi müsahibələrdə etiraf edib ki, o indiyə qədər heç bir qanun layihəsi hazırlamayıb, müzakirələrdə aktiv iştirak etməyib, parlament üzvü kimi xarici səfərlərə getməyib. Tək bunlar deyil. Millət vəkili yaşadığı Binəqədi rayonundakı negativ hallarla, baş verən qanunsuzluqlarla bağlı heç vaxt etiraz səsini ucaltmayıb. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun özbaşınalıqları ilə bağlı mediada saysız-hesabsız məqalələr dərc edilsə də, Hacı Madər Musayev rayonun millət vəkili olaraq heç vaxt yazılanlara münasibət bildirməyib. Haqqı tapdanan sakinlərin hüquqlarının qorunması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırmayıb. Belə olan təqdirdə, yaddaşlarda “lal deputat”, bacarıqsız ictimai-siyasi xadim kimi qalmaqdansa, sırf iş adamı, xeyriyyəçi, el ağsaqqalı kimi tanınmaq daha yaxşı deyilmi?

 Milli Məclisdə “mürgü” döyməkdənsə, bacarmadığı sahədə vaxt itirməkdənsə, bütün qüvvəsini, imkanını, öz biznesini bir qədər də genişləndirməyə, indikindən də artıq xeyriyyə işləri görməyə, messanatlığı ilə ad qazanan Hacı Zeynalabdin Tağıyevin davamçısı kimi tarixə düşməyə çalışmaq daha məqsədəuyğun olmazmı? Yeri gəlmişkən, bir nüansı da qeyd etmək istərdik. Söhbət ondan gedir ki, son vaxtlar Hacı Madər Musayevin Milli Məclisin sədri Oqtay Əsədovun “qruplaşmasına” daxil olduğu, buna görə də ona hər yerdə “yaşıl işıq” yandırıldığı barədə söz-söhbətlər yayılır. Ancaq biz hesab edirik ki, hörmətli Oqtay Əsədovun belə bir “qruplaşmaya” və Hacı Madər Musayev kimi ayrı-ayrı şəxslərə ehtiyacı yoxdur. Fikrimizcə, bu fikirlər kimlərəsə təsir və təzyiq etmək üçün məqsədli şəkildə ortaya atılır.Xatırladaq ki, bir müddət əvvəl “Azəraqrartikinti”nin sədri, millət vəkili Ağalar Vəliyevin də adı kimlərləsə yanaşı çəkilirdi. Lakin bu söz-söhbətlər əks effekt verdi. Və o əvvəl seçildiyi Qaradağdan YAP-ın namizədi ola bilmədi. Hazırda karyerası sual altında olan Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən mübarizəyə qoşulub.

Sonda biz Hacı Madər Musayevlə bağlı fikirlərimizə qayıdır və 25 il deputat vəsiqəsi gəzdirən bu şəxsi yuxarıda yazılanlar haqqında bir daha dərindən düşünməyə çağırırıq.

 Ardı var...

 

Həsrət Gündoğan

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi