“Partiyanın hazırladığı qanun layihəsinə baxan kimdir?” – Fazil Mustafadan ETİRAZ
Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli Bizim.Media.az-a açıqlamasında, partiya tərəfindən hazırlanan “Qeyri-hökumət təşkilatları haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim etiklərini qeyd edib. REAL nümayəndəsi layihənin artıq Milli Məclisin komitə iclaslarına tövsiyyə olunduğunu sözlərinə əlavə edib.
Bəs, digər partiyalar oxşar təşəbbüslə nə üçün çıxış etmirlər? Sualı Bizim.Media.az-a cavablandıran Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bu cür təşəbbüslərə normal münasibət bəslədiyini qeyd edib:
“Lakin partiyanın hazırladığı qanun layihəsinə baxan kimdir? Bizdə qanun layihəsinin təqdim edilməsi mürəkkəbləşdirilib. Heç deputat qanun layihəsi təqdim edə bilmir. Biz özümüz xeyli müddətdir qanun layihəsi təqdim etmirik. Çünki ekspert rəyi və başqa tələblər qoyulub, bu da prosesi daha da çətinləşdirib”.
Müsahibimizin sözlərinə görə, millət vəkilinin qanunvericilik təşəbbüsü ilə çıxış etməsi yalnız Konstitusiyada formal olaraq qalıb:
““Normativ hüquqi aktlar haqqında” qanunda tələb qoyulub ki, təşəbbüs o vaxt gerçəkləşdirilə bilər ki, layihə müəyyən ekspertizadan keçirilsin. Cibimizdən pul verib ekspert tapmayacağıq ki? Bu xeyli mürəkkəb məsələdir. Yalnız təbliğat üçün, mən də qanun layihəsi hazırlayaram ki, desinlər layihə təqdim edib”.
Fazil Mustafa məhz reallaşdırma mexanizminin olmamasını partiyaların qanunvericilik layihələri təqdim etməsinə əsas maneə kimi qiymətləndirib.
Bu xəbər üçün şərh yazın