Prezidentdən Şahin Mustafayevə :

Prezidentdən Şahin Mustafayevə : Niyə artım böyük deyil?

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə Prezident İqtisadiyyat naziri Şahin Mustafayevdən bəzi məsələlərə aydınlıq gətirməsini istəyib.

Şahin Mustafayev növbəti ildə 4,6 faiz inflyasiya səviyyəsi nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, bu proqnoz nəzərə alınmaqla icmal büdcənin yuxarı həddinə yenidən baxılıb və artıq müəyyən hədəf nəzərdə tutulur.

Bu məqamda çıxışa Prezident müdaxilə edib:

Prezident İlham Əliyev: Əvvəlki illərdə verilmiş proqnoz ondan sonra özünü nə dərəcədə doğruldur? Yəni, bunun təhlilini aparan bir qurum varmı? Yəni, sizin verdiyiniz proqnozlar özünü doğruldur, yoxsa yox?

Şahin Mustafayev: Bəli, cənab Prezident, əsasən doğruldur.

Prezident İlham Əliyev: Əsasən neçə faiz özünü doğruldur? Siz gərək bunu dəqiq biləsiniz və kimsə bunun uçotunu aparmalıdır. Çünki hər il sizin verdiyiniz proqnozlar əsasında biz öz planlarımızı qururuq. Amma sonra həmin ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kənarda qalır. Ona görə biz bilməliyik proqnoz nə qədər dəqiqliklə verilir ki, biz də ona uyğun olaraq öz planlarımızı quraq.

Şahin Mustafayev: Beynəlxalq praktikaya uyğun olaraq fərqlənir, yəni, proqnozların tam dəqiqliyi təbii ki, təmin olunmur, müxtəlif təsirlər sonradan nəzərə alınır və hər üç aydan bir proqnozlar dəqiqləşdirilməlidir. Misal üçün, bu dəfə deyə bilərəm ki, Maliyyə Nazirliyi yeni büdcə tərtib edərkən biz proqnoza yenidən düzəliş etmişik və bu gün artıq gələn il üçün proqnoz 3 faizdir.

Prezident İlham Əliyev: Artım?

Şahin Mustafayev: Bəli, 3 faiz görürük. Qeyri-neft sektoru üzrə 3,8 faiz proqnozlaşdırmışıq və bu, artıq Maliyyə Nazirliyinin investisiya ilə əlaqədar etdiyi düzəlişlərlə birbaşa bağlıdır. Yəni, proqnoza müxtəlif amillər təsir edir.

Prezident İlham Əliyev: Əlbəttə, investisiya proqramı da burada önəmli rol oynayır.

Şahin Mustafayev: Bəli, bu, birbaşa təsir edən amillərdən biridir və digər amillər də var. Biz üç aydan bir düzəliş veririk.

Prezident İlham Əliyev: Amma biz çalışmalıyıq ki, iqtisadi artımımız dövlət xətti ilə aparılan xərclərə bağlı olmasın. Çünki bizim əsas iqtisadi artımımızın mənbəyi dövlət investisiya xərcləridir və açığını desək, qeyri-neft sektoruna xarici sərmayə az qoyulur. İndi rəqəmlər də bunu göstərir ki, bu il də qoyulan investisiyaların yarısı xarici investisiyalardır. Amma onların qoyulduğu sahə qeyri-neft sektoru deyil, neft-qaz əməliyyatlarıdır. Ona görə bizim əsas vəzifəmiz iqtisadi artımımızı birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlamaqdır. İndi biz 1,4 milyard manat güzəştli şərtlərlə kreditlər vermişik. Kimsə hesablayıb ki, bu kreditlər ümumi daxili məhsula, qeyri-neft sektoruna aid olan hissəyə nə qədər təsir göstərir?

Şahin Mustafayev: Təbii ki, cənab Prezident, bütün hesablamalar aparılır.

ƏTRAFLIHalat

Prezident İlham Əliyev: Onda nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzəştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük.

Şahin Mustafayev: Cənab Prezident, doğru olaraq qeyd edirsiniz ki, son 3 il ərzində qeyri-neft sektorunda artım ürəkaçan deyil. Bunun əsas səbəbləri kimi mən maliyyələşmə ilə bağlı problemləri qeyd edərdim. Çünki Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq. Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir.

Prezident İlham Əliyev: Düz deyirsiniz, bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı.

Samir Şərifov: Cənab Prezident, bu inflyasiyanın bizim büdcə qaydasında nəzərə alınması üçün Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununda müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub. Yəni, dəyişiklik ondan ibarətdir ki, inflyasiya nəzərə alınmalıdır.

Prezident İlham Əliyev: Bunu gərək əvvəlcədən edərdiniz.

Samir Şərifov: Birinci ildir cənab Prezident. Ola bilsin, lazım idi ki, biz bunların hamısını sınayaq. Biz prinsipcə onun üzərində çalışırıq.

Prezident İlham Əliyev: Belə olan halda artım daha da böyük olacaq. Neçə faiz?

Samir Şərifov: Belə olan halda, cənab Prezident, bizdə 28,1 milyard manat məbləğində icmal büdcənin yuxarı xərcləri formalaşmışdır. Dövlət büdcəsinin xərcləri müvafiq olaraq 25,6 milyard manatdır.

Prezident İlham Əliyev: Yəni, bu ilin büdcəsindən neçə faiz artıb?

Samir Şərifov: İndi biz artırandan sonra artıq icmal büdcənin xərcləri 29,5 milyarda çatır. Bizdə 1,3 milyard əlavə xərclər yaranır. Həmin xərclər də nəzərdə tutulur ki, əsasən dövlət əsaslı vəsait qoyuluşuna yönəldilsin.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər