Prezidentin Füzulidən verdiyi mesaj: Azərbaycanın formalaşdırdığı yeni reallıq
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr – Anım Günündə işğaldan azad olunmuş ərazilərə səfəri və burada verilən mesajlar dünənimiz, bu günümüz, gələcəyimiz baxımından mühüm əhəmiyyət kəsb edir.
Çünki 30 illik işğal faktı və yaranmış yeni reallıq bir çox mətləbləri tam aydınlaşdırdı və Azərbaycanın öz fundamental haqqı uğrunda mübarizəsinin yekun nəticəsini ortaya qoydu. Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Günündə xatirə lövhəsinin önündə Ali Baş Komdandanın gül dəstələrini qoyması torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramın bariz nümunəsi hesab edilir. Məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən gənclik torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdı və tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Odumuz 44 gündə 30 illik erməni təcavüzünə son qoydu. Bu müasir Azərbaycan tarixinin ən parlaq səhifəsi və xalqımız üçün heç vaxt unudulmayacaq bir reallıqdır.
Faktinfo.az xəbər verir ki,bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Qaraxanbəyli kəndi Vətən müharibəsinin ilk günündə işğaldan azad olunub və biz ilk şəhidlərimizi bu ərazidə vermişik: “Dövlətimizin başçısı xatirə lövhəsinin qarşısında çıxışı zamanı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni öz doğma torpaqlarımızdan qovdu və yeni bir tarix yazdı. Azərbaycan xalqı dünya üçün nümunə olacaq sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi. Qəhrəman döyüşçülərimizin rəşadəti sayəsində işğaldan azad edilmiş ərazilərdə şanlı üçrəngli bayrağımız böyük qürurla dalğalanır. Erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bu gün böyük quruculuq bərpa işləri icra edilir. Tezliklə keçmiş qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdıb burada əbədi xoşbəxt yaşaması və onların rahatlığı, təminatı üçün bütün zəruri infrastruktur formalaşdırılır”.
Millət vəkili qeyd edib ki, Prezident çıxışında hərbçilərin qəhrəmanlığını xüsusi vurğulayıb: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur”.
Sevinc Hüseynova Prezident Füzulidəki çıxışında bir daha qarşı tərəfə və onlara havadarlıq edənlərə mesaj verdiyini vurğulayıb: “Azərbaycan BMT və dünya birliyi tərəfindən qəbul edilən ərazi bütövlüyünü bərpa edib, bölgədə işğala son qoyulub, separatizmə sarsıdıcı zərbə vurulub. Amma bundan sonra da bölgədə sülhə, təhlükəsizliyə təhdid yaradacaq bütün amillərə qarşı Azərbaycan dövlətinin barışmaz mövqeyi ortada olacaq. Bunu Ermənistanda hələ də revanşist hisslərlə yaşayanlar və onlara vəd verənlər də birdəfəlik dərk etməlidir. Çünki bu gün Cənubi Qafqazda aparıcı gücə və mövqeyə sahib Azərbaycandır. Ölkəmizin iradəsindən mövqeyindən kənar bu bölgədə hər hansı bir addımın atılması mümkün deyil. Dövlətimiz bu regionda daimi sülhün bərqərar olmasında maraqlıdır. Ona görə də, müharibədən dərhal sonra Azərbaycan Ermənistana 5 bənddən ibarət sülh paketi təklif edib. Bu sülh paketi beynəlxalq hüquq çərçivəsində ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımaq və hörmət etmək kimi fundamental prinsipləri özündə ehtiva edir. Yaxşı olardı ki, erməni tərəfi Azərbaycanın təklif etdiyi sülh konsepsiyasına səmimi davransın və özünün düşmüş olduğu ağır istisadi-siyasi durumdan çıxmasına təminat yaratsın. Sözsüz ki, bunun əksinə olacaq hər bir addım Ermənistan üçün fəlakət demək olacaq. 12-14 sentyabrda Ermənistan tərəfindən törədilən hərbi təxribatın qarşısının layiqincə alınması, onlara verilən növbəti dərs yəqin ki, qarşı tərəfin yadından çıxmayacaq. Ermənistan və onun havadarları birdəflik olaraq anlamalıdırlar ki, Prezidentin iradəsinə əsaslanan Dəmir Yumruq daima yerindədir və heç bir təxribat cavabsız qalmayacaq”.
Bu xəbər üçün şərh yazın