Professor elmi dərəcə almaq prosedurunu topa tutdu: - “Elmə nifrət yaradırlar...”

Professor elmi dərəcə almaq prosedurunu topa tutdu: - “Elmə nifrət yaradırlar...” 

“Dünyanın heç bir qitəsində elmlə məşğul olan insanlara Azərbaycandakı qədər işgəncə verilmir”.

Bu fikirlər professor Vaqif Sultanlının öz “Facebook” səhifəsində paylaşdığı statusda yer alıb.

Professor Vaqif Sultanlı Azərbaycanda elmi ad almaq üçün süründürməçiliyin olduğunu və bunun dissertantlarda elmə nifrət yaratdığını bildirib:

“Dünyanın heç bir qitəsində elmlə məşğul olan insanlara Azərbaycandakı qədər işgəncə verilmir. Mövzunun kafedrada, Elmi Şurada, Koordinasiya Şurasında təsdiqi bir ilə qədər vaxt aparır.

Mövzunun təsdiqi üçün təxminən 10 səhifəlik plan-prospekt deyilən gərəksiz sənəd hazırlanır. Dissertasiya yazılandan sonra ilkin müzakirə, seminar müzakirəsi, açıq müdafiə keçirilir. Bəzən iki-üç il vaxt aparan, əksər hallarda formal xarakter daşıyan bu mənasız müzakirələr dissertantı haldan salır, elmə nifrət yaradır.

Hər bir müzakirə üçün müxtəlif rəylər və müdafiə zamanı rəsmi opponentlərin rəyi, iki dildə avtoreferat tələb olunur. Müzakirələr və müdafiə prosesi videoya çəkilir, daha sonra kağıza köçürülərək təsdiqlənir. Dərc olunan məqalələrin əsli, surəti, elektron versiyası tələb olunur. Yazılan avtoreferatlar Türkiyəyə, Avropaya, Amerikaya deyil, nədənsə, elmi mühitin dağıldığı keçmiş sovet respublikalarına göndərilir.


Müdafiə bitəndən sonra Ali Attestasiya Komissiyasında “ikinci cəbhə” açılır, bütün işgəncə prosesi az qala yenidən təkrar olunur. Burada iş gizli rəyə verilir, dissertasiya müəllifi Ekspert Şurasının iclasına dəvət olunur, daha sonra müzakirə Rəyasət Heyətinin iclasına çıxarılır.

Ali Attestasiya Komissiyasında işə baxılma prosesi heç bir səbəb göstərilmədən bəzən illərlə uzadılır. Ali Attestasiya Komissiyasına təqdim olunan sənədlərin həcmi bəzən dissertasiyanın həcmindən iki-üç dəfə çox olur. Ancaq elmdən danışmaq əbəsdir”.

Professor qeyd edib ki, inkişaf etmiş ölkələrdə gərəksiz sənədlərə yox, araşdırmaya önəm verilir:

“Dünyanın inkişaf etmiş əksər ölkələrində müdafiə şuraları yoxdur, dissertasiya elmi rəhbər və iki alimin rəyi əsasında müdafiə edilir və diplomu da universitet özü verir. Ancaq elm var, çünki gərəksiz sənədlərə deyil, araşdırmaya diqqət yetirilir”./Yenicag.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi