PROFESSOR VÜQAR MƏMMƏDOV SEÇİCİLƏRLƏ İZDİHAMLI GÖRÜŞ KEÇİRDİ - Görüşdə ATƏT-in müşahidəçiləri də iştirak edib + FOTOLAR/VİDEO
Deputatlığa namizəd professor Vüqar Məmmədov dünən seçiciləri ilə izdihamlı, yüksək vətənpərvərlik və səmimiyyət ruhunda daha bir görüş keçirdi.
Bu həftə Qanlı Yanvardan 30 il keçdiyini nəzərə alaraq tədbirin başlanğıcında Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi.
Sonra Azərbaycan Respublikasının Himni səsləndirildi və seçkiqabağı platformanın "Şəhidlər Ölməz! Vətən bölünməz!" hissəsi,Şəhidlərimiz haqqında əbədi xatirə, veteranlara daimi qayğının vacibliyi müzakirə edildi.
Namizədin qərargah üzvlərinin Şəhidlər Xiyabanının ziyarətindən çəkilmiş videoçarx nümayiş etdirildi.
Qardaş Türkiyənin Elazığ bölgəsində baş verən zəlzələ zamanı həyatını itirən insanlara Allahdan rəhmət, yaralananlara şəfa istənildi.
Daha sonra öz geniş çıxışında namizəd V.Məmmədov tədbirdə iştirak edən seçicilər qarşısında "İnsanı yaşat ki, Dövlət yaşasın! İnsanı yüksəlt ki, Dövlət yüksəlsin!"altında təqdim etdiyiseçkiqabağı platformasının müxtəlif müddəaları ilə yaxından tanış etdi.
Səhiyyə, ekologiya, qida, qanunvericiliyimizin təkmilləşdirilməsi istiqamətində bu vaxta qədər hansı addımları attığını və bundan sonra Milli Məclisə seçilərsə nə edəcəyini bildirdi.
Türkiyənin Sağlıkda Dönüşüm Proqramı, digər ölkələrdə baş verən proseslər, beynəlxalq təcrübə haqqında məlumatlar verdi.
O bildirdi ki, hələ 2005-ci ildən televiziya və mediada aktiv ictimai fəaliyyətə başlayarkən “Azərbaycanın ən böyük kapitalı onun insanlarıdır,” düşüncəsi ilə bunu edib.
Professor Vüqar Məmmədov bildirdi ki, özünə Azərbaycan vətəndaşının hüquqlarının qorunmasından ali və şərəfli vəzifə təsəvvür etmir: “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu məsələlərə önəm veridiyini nəzərə alaraq, ölkə rəhbərliyinin çağırışına dəstək olaraq yeni parlamentdə yeni baxış, yeni düşüncə ehtiyaclarını təmin etmək məqsədilə bu seçkiqabağı prosesə qatıldım.
Vətənini, millətini, xalqını, torpağını canından çox sevən bir Azərbaycanlı ziyalısı, hüquqşünası, həkimi, elm adamı və ekspert qismində gələcəkdə bütün varlığımı, biliyimi, təcrübəmi, əlaqələrimi bu işə həsr etmək istəyirəm. Çünki bu sahədə çoxlu görülməli işlər hələ də vardır.
Son həftə ərzində küçələrdə, məhlələrdə, həyətlərdə keçirdiyim onlarla görüşlərdə bunun nə qədər doğru addım olduğunu özüm üçün bir daha müəyyən etdim”.
Professor sevindirici hal kimi onu da qeyd edib ki, insanlarda seçkiyə inam yaranıb: “Baxmayaraq ki, bəzən məhlələrdə 20-30 nəfərdən heç birisi seçkilərdə iştirak etmədiklərini etiraf ediblər. Zalda oturanlar, iştirak edənlər - həmin admlardır! İştirakçıların böyük əksəriyyəti bu son həftə ərzində həyətlərdə, məhlələrdə, küçələrdə, evlərdə yeni tanış olduğu insanlar olduğu üçün, bundan çox məmnunam. Məmnunam ki, seçicilər bizim çağırışımıza səs verdilər və toplantıya gəldilər, seçkilərdə aktiv iştirak etməyə həvəs göstərdilər”.
Daha sonra seçicilər - Sənani küçəsinin ağsaqqallarından Hacı müəllim, elmi işçi Nəbi müəllim, əməkdar həkim Tariyel Eyvazov, Hərbi şəhərcikdən (kimya şəhərciyindən) gələn ehtiyatda olan polkovnik Həsən müəllim, keçmiş polis zabiti Rafiq müəllim, Feyzulla Qasımzadə küçəsinin sakini Qənfilə xanım və digərləri çıxış edərək, namizədin platformasını bəyəndiklərini, birmənalı olaraq dairədən professor Vüqar Məmmədovun Milli Məclisə seçilməsinə dəstək verdiklərini ifadə etdilər.
Onlar xahiş etdilər ki, iştirakçıların hər biri evlərində, həyətlərində, məhlələrində Vüqar müəllim haqqında aktiv təbliğat işinə başlayaraq, ailə üzvlərini, qonşularını 9 fevralda seçkiyə gəlməyə təşviq edib, professor Vüqar Məmmədova səs versinlər.
Görüşdə ATƏT-in Demokratik Təhsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda Seçki Müşahidə Missiyasının uzunmüddətli müşahidəçiləri Mari Utterman və Domeniko Kastelani iştirak etdilər.
Bu xəbər üçün şərh yazın