PUTİNİ YELTSİN ÜÇÜN KİM TAPIB?

PUTİNİ YELTSİN ÜÇÜN KİM TAPIB? - Keçmiş administrasiya rəhbərindən maraqlı açıqlamalar

Rusiyanın eks-prezidenti Boris Yeltsinin müşaviri və kürəkəni Valentin Yumaşev “DW” portalına müsahibəsində Vladimir Putinin hakimiyyətə gəlməsindən bəhs edib.

Portalın müxbiri Janna Nemtsova həmsöhbətinə belə bir sualla müraciət edib: “Dekabrın 31-i Boris Yeltsinin vaxtından əvvəl istefa verməsindən, faktiki olaraq Vladimir Putinin hakimiyyətə başlamasından 20 il ötür. Bu hakimiyyətin nəticələrini necə qiymətləndirirsiniz?”

Cavabında Yumaşev müxtəlif dövrlərin olduğunu qeyd edib: “İlk dörd ildə Yeltsin və komandasının həyata keçirə bilmədiyi islahatlar fəal şəkildə davam etdirilib, çünki Duma ölkənin ehtiyacı olan bütün qanunları – Büdcə Məcəlləsi, Vergi Məcəlləsi və başqalarını blok edirdi.

Növbəti dövr – Vladimir Vladimiroviçin qərb ölkələri ilə münasibətlərini yenidən nəzərdən keçirdiyi Münhendəki məşhur çıxışıdır. NATO-nun şərqə doğru genişlənməsinə, Yuqoslaviya hadisələrinə və bir çox məsələyə görə Qərbə inciklik var idi. Ancaq eyni zamanda, iqtisadiyyatda tamamilə fantastik bir vəziyyət, həqiqətən güclü bir yüksəliş var idi, çünki neftin qiymətinin necə olduğunu hamımız xatırlayırıq”.

“Putini necə tapdınız?” sualını Yumaşev belə cavablandırıb: Putini mən yox, Anatoli Çubays və o zaman Prezident Administrasiyasının Baş Nəzarət İdarəsinin rəisi Aleksey Kudrin tapıb. Bu, Çubays və Kudrinin hakimiyyətdən getdiyi, mənimsə administrasiya rəhbəri olduğum vaxt idi”.

“Bir neçə aydan sonra məlum oldu ki, bu gənc çox güclü fiqurdur. O, iclaslarımızda hər şeyi dəqiq şəkildə ifadə edirdi, onun gözəl analiz qabiliyyəti və sağlam ideyaları var idi. Həmin vaxt güclü prezident administrasiyasına sahib idim: Sergey Yastjembski, Mixail Komissar, Cohan Pollıyeva, Sergey Prixodko. Mən isə öz seçimimi Putin üzərində saxladım. Ona görə ki, həmkarlarım arasında o, mənə ən güclü fiqur kimi görünürdü. Belə bir təkliflə Boris Yeltsinə müraciət etdim”, - deyə siyasətçi bildirib

“Sizə elə gəlmirmi ki, Putin hakimiyyətdən gedəcəyi təqdirdə özünün və yaxın çevrəsinin təhlükəsizliyinə görə qorxur?”,- deyə Janna Nemtsova maraqlanıb.

“Tamamilə yox. O, tam əmindir ki, insanların çoxu ona müsbət münasibət bəsləyir və onun bu illər ərzində etdiklərini dəstəkləyirlər”, - deyə siyasətçi bildirib.

Jurnalist xatırladır ki, baş nazir təyin ediləndə Vladimir Putinin reytinqi çox aşağı olub, çünki onu heç kim tanımırdı. Onun reytinqinin yüksəlişi Çeçenistanda əks-terror əməliyyatlarının başladığı vaxta təsadüf edib. Buna Moskva, Volqodonsk və Buynaksdakı evlərdə baş verən partlayış hadisələri səbəb olub. Bütün bu partlayışların arxasında FTX-nin dayandığına dair versiya müzakirə edilib.

Nəşrin həmsöhbəti bunun cəfəngiyyat olduğunu qeyd edir: “Niyəsini izah edəcəm. 1996-cı ildə Yeltsin inanılmaz səylərlə təhlükəsizlik qüvvələrinə qarşı gedərək müharibəni bitirir, çünki səs verməli olan cəmiyyət bu müharibəni qəbul etmir. Putinin prezident olacağına qərar verildiyi vaxt onun seçki qərargahı bilir ki, ölkə qəti şəkildə müharibə istəmir. Xalqın Çeçenistan hadisələrinə reaksiyasını bilirsiniz və seçkilərdə qələbə qazanmaq üçün qalibiyyətlə nəticələnən müharibə başlatmaq qərarına gəlirsiniz? Bu müharibə niyə qalibiyyətlə nəticələnməlidir ki?”

Ardınca Yumaşev 2006-cı ildə Aleksandr Litvinenkonun zəhərlənməsinin motivlərinə münasibət bildirib: “Xüsusi xidmət orqanlarının bizə qəribə gələn mülki kodeksləri var: xəyanət edən şəxs buna görə cavab verməlidir. Ona görə də həmin faciə baş verdi”.

“Vladimir Putin KQB-dən çıxan bir insan və FTX direktoru kimi bu kodeksi anlayışla qəbul edir? Bu fikir ona yaxındır?” sualına siyasətçi bildirib ki, Putin son illər çox dəyişib: “Məncə, Putin bu işdən uzaqlaşdıqdan sonra çox dəyişib. Əlbəttə, o, artıq dondurulmuş KQB əməkdaşı deyil. Bu, yüz faiz belədir”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər