Qərb bölgəsində əhali gəlir mənbəyindən məhrum olub-Dövlət qurumları oliqarxiyanın mənafeyini müdafiə edir

Qərb bölgəsində əhali gəlir mənbəyindən məhrum olub-Dövlət qurumları oliqarxiyanın mənafeyini müdafiə edir 

Tovuzda yerli əhalinin istehsal etdiyi kartofu 30 qəpiyə alan yoxdur.

Çünki böyük təsərrüfatlarda xaricdən gətirilmiş toxumlardan əldə olunan yüksək məhsuldarlıq fərdi təsərrüfat sahiblərini əsas məşğuliyyətdən və gəlir mənbəyindən məhrum edib.

Belə ki, əhali kartof toxumunu öz istehsalından, yaxud Rusiyadan gətirilmiş kartof toxumu hesabına ödəyir. Məhsuldarlıq az olur və yaxud heç olmur, çünki cırlaşmış sortlar əkinə yararsızdır, mövsümi xəstəliklərdən onları qorumaq çox baha başa gəlir, bəzən göstərilən səylər səmərəsiz qalır. Çünki dərman preparatları, minerallar, gübrələr bahadır, dövlətin ayırdığı subsidiyaları isə məhsul ilinin sonunda almaq olur...

Böyük təsərüfatlarda isə Hollandiyadan, Almaniyadan, Belarusdan gətirilən, qiyməti 2-3 avro olan toxumlar səpilir, 1 kiloqramdan 10-13 kiloqram, bəzən daha çox məhsul əldə olunur. Hazırda iri şəhərlərdəki ticarət şəbəkələrində aqroparklarda və iri fermer təsərrüfatlarında becərilmiş məhsullar satılır. Sadə vətəndaşların paytaxt bazarlarına və set marketlərə çıxışı yoxdur. Bu da əhalinin əlində olan torpaqları dəyər-dəyməzinə imkanlı təbəqəyə satmasına, özünün isə qul əməyinə möhtac qalmasına gətirib çıxarır. Hazırda Qərb zonasında torpaqsız, heç bir məşğuliyyəti olmayan, ilin bir neçə ayında böyük təsərrüfatlarda günü 10-15 manata mövsimi işlərdə çalışan on minlərlə ailə var...

Bir sözlə, kənd təsərrüfatında kartof istehsalı kənd əhalisinin əlindən çıxır və varlı təbəqənin ixtiyarına keçir. Azərbaycanın illik kartof istehlakı 1 milyon tona yaxındır. Yəni monopolistlərin diqqətini çəkəcək qədər böyük bazardı...

Dövlət qurumları isə bütün imkanları ilə aqrar sektora çökmüş oliqarxiyanın mənafeyini müdafiə edir, dövlətin maliyyə, texniki imkanlarını onların ayaqlarının altına sərir. Fikirləşən yoxdur ki, Qərb bölgəsində əhalinin əsas məşğuliyyəti, gəlir mənbəyi əlindən çıxır, ailələr səfalət girdabına yuvarlanır, kəndlər boşalır, bunun sonu nə olacaq?

Rusiyadan gələn pullar da kəsilir, indiyə qədər ayıbı örtən bu vəsaitlər idi. On minlərlə ailəyə dövlətdən bir qəpik də olsun bilavasitə və ya dolayı pul gəlmir. Gedişat pisdir.../Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi