Qərbi Kaspi Universitetində “Açıq qapı” Günü keçirilib
Qərbi Kaspi Universitetində 2018-2019-cu tədris ilinin qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü təşkil olunub.
Qonaqlara məlumat verilib ki, bu ənənəvi aksiyanı keçirməkdə məqsəd imtahanların ictimaiyyət tərəfindən izlənilməsini təmin etmək, qiymətləndirmə prosesinin şəffaflığı və Qərbi Kaspi Universitetinin daha keyfiyyətli təhsil üçün tətbiq etdiyi imtahan modelləri barədə ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir. Bildirilib ki, Universitetdə tələbələrin müraciətlərinin operativ və obyektiv şəkildə araşıdırılması üçün Apelliyasiya Komissiyası yaradılıb. Məlumat verilib ki, universitetdə mövcud imtahan formaları ilə (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar) yanaşı, yeni imtahan modelləri tətbiq edilir. Bu modellər “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi imtahan üsullarıdır.
Yeniliklərdən biri də budur ki, tələbələr imtahan formasını özləri seçmək hüququna malikdirlər. Bu imtahan modelləri tələbələrə yalnız nəzəri deyil, təcrübi bilikləri də mənimsəməyə imkan verir. Bundan əlavə, tələbələri səthi biliklərdən və əzbərçilikdən uzaqlaşdıraraq, onların düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.
Daha sonra qonaqlar auditoroyalarda olub, imtahanların gedişi ilə tanış olublar.
Millət vəkili Aydın Mirzəzadə jurnalistlərə açıqlamasında Qərbi Kaspi Universitetinin keyfiyyətli və innovativ təhsilin təşkili üçün ardıcıl olaraq mühüm addımlar atdığını, imtahanların yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.
Tanınmış təhsil eksperti Kamran Əsədov imtanlarla bağlı bu cür aksiyaların təşkilinin əhəmiyyətini qeyd edib, Qərbi Kaspi Universitetinin tətbiq etdiyi imtahan modellərinin yeni təcrübə olduğunu vurğulayıb. “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə monitorinq xarakterli bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini və şəffaflığa xidmət etdiyini qeyd edib.
Tədbirdə ictimaiyyət, QHT və KİV nümayəndələri iştirak ediblər.
Bu xəbər üçün şərh yazın