“Qızım ailə qurandan sonra evdə qulyabanı kimi tək oturmalıyam?!” -

“Qızım ailə qurandan sonra evdə qulyabanı kimi tək oturmalıyam?!” - Aktrisa əsəbləşdi

Tanınmış aktrisa Sonaxanım Əliyevanın efirdə evliliklə bağlı səsləndirdiyi fikirlər ajiotaj yaratdı.

ATV telekanalında yayımlanan “Bizimləsən” proqramında qonaq olan aktrisa ikinci dəfə ailə həyatı qurması ilə bağlı dediyi fikirlərə görə tənqidlərə məruz qaldı.

 

Mövzu ilə bağlı danışan S.Əliyeva bildirib ki, heç kimin onun şəxsi həyatına müdaxilə etməyə ixtiyarı yoxdur:

 

“Hamı özündə nə yoxdursa, ondan danışır. Bəlkə də həmin mənfi şərh yazanları yoxlasan, özləri 4-5 dəfə ailə qurublar. Bu məsələni efirdə olanda aparıcı Zaur Baxşəliyev dedi. Bəlkə də zarafatyana dedi. Verilişə baxsanız görərsiniz ki, mən onu heç tamlığı ilə qəbul da etmədim. Zaurun özünə də dedim ki, mənim problemlərim o qədər aşıb-daşır ki, bu dəqiqə ona vaxtım yoxdur, hazırda mən öz problemlərimlə, qızımla məşğulam, evlilik heç ağlımda da deyil. Amma camaat elə reaksiya verir ki, elə bil mən artıq vağzalı ilə köçürəm, məni aldılar, bunlar qaldı…

 

İkincisi, mənim həyatım mənə məxsusdur, insanlara yox! Mənim sənətim insanlara məxsus ola bilər, şəxsi həyatım isə yalnız özümə aiddir və mən necə istəyirəmsə, necə mənə rahatdırsa, həyatımı o cür də yaşayıram. Heç kim mənim şəxsi həyatıma müdaxilə edə bilməz. Mən özüm heç kimin həyatına müdaxilə etmirəm. Ona görə də həm məni sevənlərdən, həm də izləyicilərdən xahiş edirəm ki, hər kəs öz işi ilə məşğul olsun, əvvəlcə gedib öz həyatlarına baxsınlar. Heç kəsə ixtiyar belə vermirəm ki, şəxsi həyatıma müdaxilə etsin. Kimsə artıq-əksik nə isə yazırsa, bu mənim üçün bir milçək vızıltısıdır”.

 

Sənətçi hər bir şəxsin xoşbəxt olmağa haqqı olduğunu qeyd edib:

 

“Niyə də bir xanım ailə qurmasın? Açığı, bu məsələyə heç vaxt ciddi yanaşmamışam, yanaşsa idim, çoxdan ikinci dəfə ailə qurmuşdum. İnsanlar boş-bikar oturublar bilmirlər kimə nə şərh yazsınlar. Mənim qızım artıq 20 yaşındadır, 2-3 ilə özü ailə quracaq. O ailə qurandan sonra nə etməliyəm, tək qulyabani kimi oturmalıyam?! Yenə deyirəm, mən o verilişə ərə getmək üçün yox, ekspert kimi getmişdim. Heç ağlıma da gəlməzdi ki, Zaur elə bir sual verər və bu məsələ bu boyda ajiotaj yaradar. Məncə, hər bir insanın xoşbəxt olmaq haqqıdır. Heç kəsin kimliyindən, vəzifəsindən, dinindən asılı olmayaraq ixtiyarı yoxdur ki, başqalarının xoşbəxtliyinə, həyatına müdaxilə etsin”. /Yenisabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi