Qrup “Nehrəm klanı”nı araşdırdı – Səfər Mehdiyevin bir ili
“Hürriyyət”in Araşdırma Qrupu Dövlət Gömrük Komitəsi ilə bağlı son günlər mediada yayılan neqativ informaslyalarla bağlı araşdırma materialı hazırlayıb.
Yeni Sabah.az həmin yazını qısa ixtisarla təqdim edir:
Bu günlərdə, daha dəqiq desək, aprelin 23-də Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsinə təyin olunmasının bir ili tamam oldu. Artıq çoxlarına bəllidir ki, Səfər Mehdiyev DGK sədri postuna əyləşdikdən bir qədər sonra Dövlət Gömrük Komitəsində ciddi islahatların həyata keçiriləcəyini, bu sahədə mövcud olan neqativ halların aradan qaldırılacağını bəyan edib. Məsələn, ötən ilin dekabr ayının 27-də ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı o, Azərbaycanda inhisarçılığın olmadığını bildirmişdi. Lakin əldə etdiyimiz məlumatlar, eləcə də mətbuatda gedən informasiyalar bunun əksini deməyə əsas verir.
Belə ki, Səfər Mehdiyevin vədlərinə rəğmən, hələ də xaricdən Azərbaycana avtomobil gətirən şəxslər süni maneələrə, bürokratik əngəllərə, əlavə ödənişlərə məruz qalır. Bu barədə verilən məlumatlarda deyilir ki, vətəndaşlar idxal etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük orqanının əməkdaşları tutarlı səbəb göstərmədən, hər hansı qanuna istinad etmədən kalkulyatorda göstərildiyindən artıq pul tələb edirlər. Məhz buna görə də vətəndaşlar ölkəyə idxal etdiyi nəqliyyat vasitəsini Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq öz adına rəsmiləşdirməyə çalışarkən, o cümlədən xarici ölkədə hərrac vasitəsiylə aldığı nəqliyyat vasitəsini qiymətləndirilmə ilə əldə etdiyi sənədlə bəyannaməni doldurarkən ciddi problemlərlə üzləşirlər. Qeyd edək ki, ekspertlərin fikrincə, gömrük sistemində insan faktoru, gömrük əməkdaşının iradəsinin ortada olması rüşvət və korrupsiyaya yol açır. Mütəxəssislər hesab edirlər ki, bütün bu problemlərin ortaya çıxmasının başlıca səbəbi gömrük sistemində şəffaflığın və islahatların həyata keçirilməməsidir. Əgər belə olmasaydı, o zaman yerli istehsalı olmayan, yalnız avtomobil yığımı ilə məşğul olan Azərbaycana nəqliyyat vasitəsi idxal etmək xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa gəlməzdi.
Təbii ki, bütün bunlar Dövlət Gömrük Komitəsinin sədri kimi Səfər Mehdiyevin bir illik fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir. Ümumiyyətlə, bu barədə əldə etdiyimiz məlumatlar da hazırda gömrük sistemində arzuolunan mənzərənin yaşanmadığını ortaya qoyur.
Belə ki, mövzu ilə əlaqədar məlumatlı mənbənin sözlərinə görə, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Səfər Mehdiyev Dövlət Gömrük Komitəsindəki ən mühüm və gəlirli postları məhz həmyerlilərinə həvalə edib.
Məsələn, hazırda Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsində çalışan Əsgər Həsən oğlu Abdullayev, Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Eynalı oğlu Rəsulov, eyni zamanda digər bir sıra vəzifə sahibləri əslən Babək rayonunun Nehrəm kəndindəndirlər.
Səfər Mehdiyevin hələ DGK sədrinin müavini olduğu vaxtlardan Dövlət Gömrük Komitəsində əslən Nehrəm kəndindən olan şəxsləri yerləşdirdiyini vurğulayan mənbə iddia edir ki, həmin vaxt onun verdiyi qeyri-rəsmi qərara görə, komitənin mühafizə xidmətinə işə qəbul zamanı kardların fiziki hazırlığı ilə yanaşı, Nehrəm kəndindən olmaları da əsas şərt kimi irəli sürülürdü: "Beləcə, Səfər Mehdiyev hələ komitə sədrinin müavini olarkən həmyerlilərini ən önəmli postlara yerləşdirilib. Səfər Mehdiyev elə bu səbəbdən də, yəni formalaşdırdığı "Nehrəm klanı"nın gücünə güvəndiyi üçün keçmiş sədr Aydın Əliyevlə hesablaşmırdı, onun göstərişlərinə məhəl qoymurdu. Bu gün isə Səfər Mehdiyev artıq Dövlət Gömrük Komitəsinin sədridir və bir il öncəkindən daha çox imkana, səlahiyyətə sahibdir. Deyilənlərə görə, onun sədr postuna gəlməsində "Nehrəm klanı"nın əvəzsiz xidmətləri olub".
Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin sədrinin yuxarıların gözündə yaxşı görünmək, mövqeyini daha da möhkəmləndirmək məqsədiylə nüfuzlu şəxslərin qohumlarını vəzifədə irəli çəkdiyini deyən mənbə buna misal olaraq Həsən Eyyubovun yeni yaradılan quruma rəsi təyin olunmasını göstərib. Belə ki, ötən ilin avqust ayında Səfər Mehdiyevin qərarına əsasən Aksiz Baş Gömrük İdarəsi ilə Avtonəqliyyat Baş Gömrük İdarəsinin birləşdirildiyini bildirən məlumatlı şəxs yeni yaradılan quruma - Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə rəis postuna Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Həsən Eyyubovun təyin olunduğunu bildirib:
"Buna qədər isə Həsən Eyyubov Bakı Baş Gömrük İdarəsinin rəis müavini olub. Deyilənlərə görə, Səfər Mehdiyev məhz bu addımı ilə Dövlət Gömrük Komitəsində mövqeyini daha da möhkəmləndirməyi, toxunulmazlıq əldə etməyi planlaşdırıb. Elə buna görədir ki, Dövlət Gömrük Komitəsində mövcud olan neqativ hallara, ciddi islahatların həyata keçirilməməsinə, xaricdən avtomobil gətirən şəxslərin üzləşdikləri süni maneələrə, əlavə ödənişlərə və vətəndaşları narahat edən digər problemlərə görə Səfər Mehdiyevə "gözün üstə qaşın var" deyən yoxdur".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Bu xəbər üçün şərh yazın