"Ramiz Mehdiyevin Fətəli Abdullayev və Sərdar Əliyevi görəvdən alması ümid verir ki,mənzillər də..." - İDDİA
"AMEA işlər idarəsinin başlıca işi alimlərin sosial, mənzil -məişət, əmək(haqqı) problemlərini çözməkdir. Nə yazıq, indiyədək bu çözmədən işlər idarəsi rüşvət əldə etmək amacı ilə yararlanıb. Akademik Akif Əlizadənin prezidentliyi dönəmində isə rüşvətin aliliyi-korrupsiya qüvvəyə mindirilib".
Faktinfo.az xəbər verir ki, bu barədə jurnalist Məğrur Bədəlsoy DİA.AZ-a göndərilən məqaləsində qeyd edir.
Məqalədə daha sonra bildirilir: "Təsəvvür edin, AMEA-nın Yasamal rayonundakı Şərifzadə küçəsində yerləşən gənc mütəxəssislərə ayrılan yataqxanası tamamilə AMEA-ya aid olmayan şəxslərə satılıb və bu nədənlə AMEA-nın balansından çıxarılıb. Həmin ünvandakı aspirantlar yaşayan yataqxananın yerində tikilən evdən isə eks-işlər müdiri Fətəli Abdullayev ( və müavini Sərdar Əliyev ) nəinki özlərinə, hətta sürücülərinə də 150 kvadratmetr civarında mənzil təminatını unutmayıblar. Təbii ki, eks- AMEA prezidenti və vitse-prezidenti İbrahim Quliyev və sürücüləri də unudulmayıb. Zavallı yataqxana sakinləri isə hələ də küçələrdədir.
Bu sətirlərin yazarı Qarabağda döyüşlərdə olarkən kimya doktoru həyat yoldaşı iki körpə uşaqla yataqxanadan çıxarılıb və işlər idarəsi həmin yataqxana otağını AMEA-ya aid olmayan şəxsə satıb. İndi təsəvvür edin, Qarabağda -Ağdərə bölgəsində düşmənlə savaşda olan döyüşçünün ailəsi yataqxanadan küçəyə atılır və indi isə yataqxananın yerində tikilən bir neçə çox mənzilli evdən bir mənzil ayrılmır ki, AMEA , işlər idarəsinin rəhbərliyi və sürücüləri mənzillə təmin olunandan sonra AMEA üzrə yeganə (1-ci dərəcəli ) Qarabağ əlilinin iki elmi işçisi olan ailəsinin müraciətinə BAXILA BİLƏR (?) Və hələ də BAXILA BİLMƏYİB. Nədən işlər müdiri Fətəli Abdullayev və müavini Sərdar Əliyev AMEA prezidentinin qəbuluna da qadağa qoydular.
2015-ci ilin sentyabrında akademik Akif Əlizadə rəyasət heyətinin iclasını keçirib söz verdi ki, AMEA üzrə yeganə Qarabağ əlili iki il gözləsə, Yasamalda tikilən evdən mənzillə təmin ediləcək. Lakin işlər müdiri və müavinin rüşvət -korrupsiya qərəzi prezidentin sözünü yada salmağına da imkan vermədi. Özbaşınalığa hüquqi qiymət verilməsini nə hüquq mühafizə orqanları, nə də məhkəmə təmin etdi. Yasamal məhkəməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ümumiyyətlə cavab vermədi, Səbail məhkəməsi (hakim Elmar Rəhimov ) isə cavabdeh işlər idarəsinin sifarişi ilə elə özbaşınalıq etdi ki, Ginnesin rekordlar kitabına düşməyə layiqdir . İmzalanmadığına görə (?) geri qaytarılan və mənə verilməyən qərardaddan şikayət etmədiyim halda, Bakı Apellyasiya Məhkəməsində etmədiyim və təbii ki, imzalamadığım şikayət Qəzənfər Nəbiyevə verildi. Bir neçə gün öncə VK-ya “transfer olunan “ hakimin sədri olduğu heyətə də onlarla dəfə məktubla bildirdim ki, mənə qərardad verilməyib ki, qərardaddan şikayət də edilsin. Baxılmadı, yuxarı instansiya etmədiyim şikayəti qüvvədə saxlayıb, kassasiya şikayəti vermək hüququmu bildirdi.
Bu “ MƏZHƏKƏ HOQQABAZLIĞI”NDAN şikayətlərə cavab olaraq Elmar Rəhimov yuxarı instansiya kürsüsünə oturduldu və gərək ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədridir! (?) Hələ də nə Ombudsman, nə Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası, nə baş prokurorluq səsini çıxarır. ..İşlər müdirinin müavini Sərdar Əliyevin AMEA üzrə yeganə Qarabağ əlilinə qarşı böhtan-təhqirinə də nə Xətai məhkəməsi və polisi, prokurorluğu hüquqi qiymət verdi, nə də yuxarı instansiyalar . Əksinə, Qarabağ əlili elmi işçiyə qarşı bütün “cəbhə boyu” sosial-məişət hücumları təşkil edildi . Xızıda 500 nəfərə adambaşına 10 sot torpaq sahəsi ayrılsa da, yenə də AMEA üzrə yeganə Qarabağ əlilinin hüququna qadağa qoyuldu. İşlər müdiri və müavini bu torpaq alverindən də yarım milyon irəli düşüblər. Milyonlar olan yerdə Vətən torpağı uğrunda savaşan Qarabağ əlilinin həyət torpağı diləyi, əlbəttə, cavabsız qalar.
...AMEA-nın yeni prezidentinin keçmiş işlər müdiri Fətəli Abdullayev, Sərdar Əliyev və digərlərini görəvlərindən alması, Xızıda 500 nəfərə müvəqqəti ayrılan torpaq sahəsinin yenidən ədalətli bölgüsünə qərar verilməsi qanunsuz və ədalətsiz bölünən, daha düzü, satılan mənzillərin də əsl yiyələrinə qaytarılacağına ümid verir".
Faktinfo.az
Bu xəbər üçün şərh yazın