Rektor Elmi Şuranın qərarı olmadan bu ixtisasları bağlayıb

Rektor Elmi Şuranın qərarı olmadan bu ixtisasları bağlayıb – BMU-da qalmaqal

Sosial şəbəkələrdə Bakı Mühənlislik Universitetinin Elmi Şuranın qərarı olmadan İqtisadiyyat və İdarəetmə fakültəsinə aid 3 ixtisasa qəbulun dayandırılması ilə bağlı məlumat yayılıb.

Yeniavaz.com xəbər verir ki, məlumata görə 2018-ci ildən kifayət qədər tələbənin marağını çəkən İqtisadiyyat, Mühasibat uçotu və audit, Dövlət və bələdiyyə ixtisasları bağlansa da, son illər maksimum 10 nəfər tələbə qəbulu olan Şəhərsalma (Azərbaycan), Nəqliyyatda servis, Ekologiya mühəndisliyi (İngilis dilində) və s. kimi ixtisaslara qəbul yeri verilib.  Bu qərar tələbələrlə yanaşı, universitetin bir qrup müəllim heyətinin narazılığına da səbəb olub. Onlar narahatlıqlarını dilə gətirərək bildiriblər ki, bu 3 ixtisasın aid olduğu kafedralarda işləyən əməkdaşların 80%-dən çoxu ingilis-dilində tədris aparır və bunlar ən azı təhsillərinin bir pilləsini xaricdə bitiriblər. Bu qərar birbaşa həmin əməkdaşların universitetdən uzaqlaşmasına səbəb olacaq. Eyni zamanda qəbulu dayandırılan bu ixtisasların məzunları dünyanın qabaqcıl universitetlərində təhsillərini davam etdirirlər. 


Müəllimlər onu da qeyd ediblər ki, prezident İlham Əliyev tərəfindən təsdiqlənən BMU Nizamnaməsinin 5.4-cü maddəsinə görə universitetin tələbə qəbulu planının layihəsini hazırlamaq Elmi Şuranın səlahətindədir. Halbuki, bu məsələ Elmi Şurada görüşülməyib, Universitetin əlaqəli heç bir strukturun (Dekanlıq, Kafedra) bu qərardan xəbəri olmayıb və onlara heç bir məlumat verilməyib.


Bu məsələdən sonra Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsi açıqlama verərək bildirdi ki,  tədris ingilis dilində aparılan ixtisaslara qəbulun dayandırılması haqqında sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bu il tədris ingilis dilində aparılan ixtisasların yalnız 3-də qəbul bir il müddətinə dayandırılıb. Növbəti tədris ilindən universitet kadr potensialını, maddi-texniki bazanı gücləndirmək istiqamətində fəaliyyətini daha da artıraraq, bu ixtisaslar üzrə tələbə qəbulunun davam etdirilməsini planlaşdırır”.


Sözügedən ixtisaslar yenidən açılacaqdırsa, bir il müddətinə qəbulun dayandırılmasının səbəbi nə idi? Bu 3 ixtisasın aid olduğu kafedralarda işləyən əməkdaşların aqibətləri necə olacaq? Suallarımıza cavab tapmaq üçün BMU-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi