“Sahil - S İnşaat” MTK fırıldağının qurbanları İlham Əliyevə müraciət etdi - NARAZILIQ!
Paytaxtın Yeni Günəşli ərazisində çoxmənzilli yaşayış binası tikən “Sahil - S İnşaat” MTK tərəfindən aldadılan sakinlər əllərini hər yerdən üzdükləri üçün sonuncu ümid instansiyası olan Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Anaxeber.info məlumat verir ki, mənzilləri təhvil verilməyən sakinlər Prezidentin bu dələduzluqla bağlı hüquq-mühafizə və vergi orqanlarına göstərş verməsini xahiş edirlər.
Onların sözlərinə görə, “Sahil - S İnşaat” MTK tikintini yarımçıq saxlayıb, aylardır onları süründürür, evlərin açarlarını sahiblərinə vermir, üstəgəl, bağlanmış müqavilələrə xitam verərək satış qiymətlərinə dəyişiklik etməkdədir. Bu, özbaşınalıq və qanun pozuntusudur. Amma heç bir dövlət qurumu sakinlərin ardıcıl olaraq etdiyi müraciətlərə tükünü tərpətmir.
Eyni zamanda, mənzillərin 90 faizi satılsa da, şirkət rəhbəri Taley Allahverdiyev bunu gizlədərək vergidən yayınmağa çalışır. Sakinlər Prezidentə müraciətdə bu qanunsuzluqları sadalayaraq bildirirlər ki, işin tezliklə araşdırılmasını gözləyirlər.
“Cənab Prezident, biz Baş Prokuror Kamran Əliyevə, iqtisadiyyat naziri və dövlət vergi xidmətinə müraciətlər yazmışıq. Amma heç bir nəticəsi olmayıb.
Siz ötən gün icra başçıları təyin edərkən bir daha məmurlara xatırlatdınız ki, vətəndaşlara xidmət etməlidirlər, qanunsuzluq, rüşvətxorluq hallarına yol verənlər əvvəlkilərin aqibətindən dərs çıxarmalıdır.
Amma təəssüf ki, bu qədər vətəndaş fırıldağın qurbanına çevrilib, bir dələduz şirkət istədiyini edir, müqavilələri ləğv edərək təzə qiymətlər irəli sürür, evlərimizin açlarına sahib çıxa bilmirik, dövlət orqanları susurlar.
Cənab Prezident, biz sizə inanırıq və “Sahil - S İnşaat” MTK-nın insanların hüquqlarını pozması ilə bağlı məsələnin araşdırılmasına tapşırıq verəcəyinizə güvənirik”, - deyə müraciətdə vurğulanır.
Sakinlər dövlət başçısına müraciətdə bildirirlər ki, şirkətdən bir kvadrat metrini 800 manatdan alıblar: “İndi müqaviləyə xitam verilir, yenisi imzalanır və kvadratı 1050 manatdan hesablanır. Bununla razılaşmayanlar isə şirkət tərəfindən məhkəmə ilə hədələnir və evinin əlindən alınacağı bildirilir.
Baş Prokuror Kamran Əliyevin tapşırığı ilə araşdırma başladılsa, MTK rəhbərini qandallayıb aparmalı olacaqlar. Çünki onun fəaliyyəti qanun pozuntusudur. Heç bir tikinti firması imzaladığı müqaviləni pozub yenidən qaydalar müəyyənləşdirə bilməz.
Yüzlərlə ailənin niyə hissləri ilə oynanılıb və verdikləri pullar hara gedib? Şirkət bir neçə il qabaq telekanallarda və internet mediasında özünü reklam edir, vətəndaşları bu binadan mənzil almağa çağırırdı”.
Mənzil sahibləri Prezidentə müraciətdə deyirlər ki, artıq məsələ hüquq-mühafizə orqanlarının icraatında olmalıdır: “Cənab Prezident, bizim şikayətlərimizə baxılmır. Bu günə kimi neçə fırıldaqçı MTK rəhbərinə cinayət işi açılıb, amma bu məsələdə reaksiya görmürük. Pandemiya səbəbindən karantin şərtlərinə riayət edib dövlət orqanlarının qarşısına toplaşmırıq. Ancaq o demək deyil ki, etdiyimiz müraciətlər nəticəsiz qalmalıdır”.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın