Şamaxıda gecə vulkan püskürdü-Əhali təşvişə düşdü, rəsmilər açıqlama verdi
Gecə saat 02:00 radələrində, Şamaxı rayonunun Quşçu kəndində palçıq vulkanı püskürüb.
Bu barədə Oxu.az məlumat verib. Bildirilir ki, insanlar vulkanın səsinə oyanıblar. Yaxınlıqda yerləşən yaşayış evlərinin sakinləri təşvişə düşüblər. Vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq təxminən 15-20 metr hündürlüyə qalxıb və iki hektara yaxın əraziyə yayılıb.Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir. Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.
“Şamaxıda yerləşən “Quşçu” vulkanı püskürüb”. Bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.
Onun sözlərinə görə, Şamaxıda yerləşən digər vulkanın aktivləşməsi ehtimal edilir: “Quşçu” vulkanın püskürməsinin təhlükəli olacağını düşünmürəm. Hər halda ehtiyatlı olmaq lazımdır. Çünki kəndin yaxınlığında yerləşir”.
Adil Əliyev qeyd edib ki, Şamaxıda yerləşən digər vulkanlar da aktivləşə bilər: “Dəmirçi”, “Qızmeydan” vulkanlarının aktivləşməsi barədə də məlumat veriləcək. Onların aktivləşməsi gözləniləndir. Bu vulkanlar zəlzələ ocaqlarına çox yaxın ərazidə yerləşir. Zəlzələ baş verən zaman yaranan gərginlik vulkanın aktivləşməsinə səbəb olur. Bu vulkanların püskürməsi gözlənilən haldır. Hazırda əraziyə baxış keçirilir”.
Bu xəbər üçün şərh yazın