Şəhid ailələrinə tikilən evlərlə bağlı 530 min manatlıq qalmaqal böyüyür- Səlim Müslümovla bağlı daha bir qalmaqal
2017-ci ildə Saatlı rayonunda şəhid ailələri üçün mənzil tikintisi zamanı korrupsiya hallarına yol verilməsi ilə bağlı yeni detallar məlum olub.
Bu barədə bir neçə gün öncə iş icraçısı Əzizxan Əzizov məlumat vermişdi.
O bildirmişdi ki, 2017-ci ilin aprel ayında Saatlı rayonu Qıraqlı kəndində şəhid ailələri üçün 2 otaqlı mənzil tikib. Mənzillərin tikintisinə və ustalara xərci şəxsi vəsaitləri hesabına ödəmək məcburiyyətində qalıb.
Qanunla mənzillərin tikintisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tender sifarişi ilə "Vüqar 79" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilsə də, şirkət iş icraçılarına veriləcək vəsaiti mənimsəyib.
Tikinti Səlim Müslümovun nazir olduğu dövrdə aparılıb və işdə Dövlət Sosial Müdafiəsi Fondunun Təmir-Tikinti İdarəsinin rəisi Natiq Əzizovun da adı olub.
İndi bəlli olur ki, ümumi işə ayrılan 530 min manat təyinatı üzrə xərclənməyib.
Şikayətçi Arqument.az-a bildirib ki, 530 min manat vəsaitin bir hissəsini "Vüqar 79" MMC Natiq Əzizova "otkad" formasında geri qaytarıb: "2017-ci ilin aprelin 23-də tikintiyə nəzarət edən Quliyev Nadir mənə dedi ki, bizə Saatlıda şəhid ailələri üçün 7 mənzilin tikilməsi tapşırılıb. Mənzilin bir neçəsinin tikintisini də mənə həvalə etdilər. Dedilər ki, tikinti başlayanda - özülü qoyanda 30 faiz avans veriləcək. Biz işə başlasaq da, pul verilmədi. Soruşanda dedilər ki, tikintini dayandırmayın, pullar veriləcək. Özümüzdən 12 manat pul xərclədik, ustalara və fəhlələrə pul verdik ki, kasıb adamlardır, işə gəliblərsə, evlərinə pul aparmalıdır. Pulun da hamısını özümdən ödədim. Halbuki onlar hələ də işlətdikləri fəhlələrə pul verməyiblər".
Onun sözlərinə görə, nazirlik onları aldadıb: "Bizə dedilər ki, yenidən ərizə (forma 2) yazın, pulu verək. Biz də təzədən yazdıq, sənəd təsdiq olundu, amma indiyə qədər mənə çatacaq 12 min manatı qaytarmayıblar. Bu da Səlim Müslümovun nazir olduğu dönəmdə, yəni Dövlət Sosial Müdafiəsi Fondunun Təmir-Tikinti İdarəsinin rəisi Natiq Əzizovun dövründə olub".
Şikayətçi bildirib ki, nazirlikdə dəyişiklik olunandan sonra tikinti onlardan alınıb, yenə də pulları verilməyib.
Əzizov ona çatacaq vəsaitin ƏƏSMN və "Vüqar 79" MMC-nin məniməsdiyini iddia edir: "Nazirlik bizə dedi ki, pulu "Vüqar 79" MMC-nin rəhbəri yeyib. "Vüqar 79" MMC isə deyir ki, nazirlik ümumiyyətlə bizə pul verməyib. Hətta bizdən sonra tikinti materiallarımızı da götürüb işlədiblər. Bununla bağlı Saatlı Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmə isə qətnamə çıxararaq, mənimsənilən materialın dəyərinin 74 min manat olduğunu təsdiqləyib".
O qeyd edib ki, "Vüqar 79" MMC "Forma 2"ni gizlədir, şikayətçilərə isə vəsaiti Səlim Müslümov və Natiq Əzizovdan tələb etməyi tövsiyə edir.
Hazırda Səlim Müslümov və Natiq Əzizova çıxış əldə edə bilməyən şikayətçilər dövlət qurumlarına müraciət etmək məcburiyyətində qaldıqlarını deyirlər.
Əzizxan Əzizov ona çatacaq 12 min manat pulu almaq üçün bütün hüquqi yollara baş vuracağını deyib.
O, məsələ ilə bağlı ölkə başçısına, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi düşünür.
Yeni Sabah.az "Vüqar 79" MMC ilə bağlı araşdırma aparıb. Vergilər Nazirliyinin reyester məlumatlarına görə, "Vüqar 79" MMC 14.11.2014 tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində rəsmi qeydiyyata alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 3 mkr, ev 23, m. 18 yerləşən MMC-nin nizamnamə kapitalı 10.00 AZN-dir.
MMC-nin qanuni təmsilçisi isə 1979-cu il təvəllüdlü Vüqar Elxan oğlu Əhmədlidir. Bundan başqa, şirkət haqqında məlumat almaq mümkün deyil.
Vüqar Əhmədli barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
"Vüqar 79" MMC-yə gəldikdə isə bu şirkətin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə daha bir tender əməliyyatında hallanır. 2016-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 nömrəli Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə yumşaq inventarın satın alınması zamanı şirkətin adı 20953.00 AZN vəsaitin alınmasında keçir.
Bu xəbər üçün şərh yazın