Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."

Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..." 

Tanınmışların təkcə özləri deyil, onların ailə üzvləri, yaxınları da hər zaman maraqlı olub. Bəzi tanınmışlar sağlıqlarında məşhurluğun zirvəsinə qalxmağı bacarıb, bəziləri unudulmuş, sönmüş ulduzlara çevrilərək ömürlərinin son günlərini yaşayıblar. Beləcə, hərənin bir ömür yolu, hərənin bir həyat nağılı yaranıb…

İstənilən halda tanınmışların ailəsi, övladları hər zaman maraq yaradıb. Bu səbəbdən də daim ictimai kəsimin diqqətində olan kəslər hərəkətlərində, davranışlarında daha çox məsuliyyətli olmağa çalışırlar. Amma bu, həmişə belə olmur.

Belə demək mümkündürsə, tanınmışların həyat yoldaşları, övladları, bacı-qardaşları olmaq, elə məşhur olmaq qədər məsuliyyətlidir. Çünki onların da atdıqları hər hansı bir səhv addım geniş kütlənin marağına səbəb ola bilir.

Bəs, tanınmışlar dünyasını dəyişdikdə necə, onların ailə üzvləri diqqətdən kənarda qalırmı? Məşhurların ailələri onlar dünyalarını dəyişdikdən sonra necə yaşayır, zaman-zaman ailələri onların yoxluğundan əziyyət çəkirmi, onların adı lazım gələndə övladlarına kömək ola bilirmi? 

Elə bu sualların axtarışı ilə mərhum sənətkar, xalq artisti Səyavuş Aslanın ailəsinin axtarışına çıxdıq. Oğlu Çingiz Aslanı axtarıb tapdıq. Səyavuş Aslanın dünyasını dəyişdikdən sonra övladlarının yaşam tərzi ilə maraqlandıq.

Yeri gəlmişkən, onu da xatırladaq ki, Səyavuş Aslanın son müsahibəsi məhz "Şərq”ə olub. O zaman xalq artistinin oğlu Çingiz Aslanın köməyi ilə Səyavuş Aslanla görüşdük. Son müsahibəsini verdiyini hiss edirmiş kimi günahlarını etiraf etdi. Səhvlərindən, ömür yolundan danışaraq ağladı. Hətta müsahibə zamanı özü də ağır bir yükdən qurtulurmuş kimi bir anda otaqdan eyvana çıxaraq ürəkdən bir ah çəkdi… "Heyif ki, həyatımın sonu belə oldu” deyib, gözünü yola dikərək hönkür- hönkür ağlamışdı.

Həmin tarixi müsahibədən bir hissəni təqdim edirik:

– Necəsiz, Siyavuş müəllim?

– Yaxşıyam, qızım. Lap yaxşıyam. Bir az qocalmışam deyəsən… (susur)

– Səhnə üçün darıxırsız?

– Yox, darıxmıram (doluxsunur). Hərdən darıxıram. Nə bilim… Köhnə sənət dostlarım üçün darıxıram. Teatr əvvəlki teatr deyil axı.

Öləndən sonra istəmirəm desinlər ki, kimdənsə nəsə istədi, kiməsə ağız açdı, kömək istədi. Mənə bu yaşda yaraşmaz ki, gileylik edib, kimdənsə kömək istəyim. Səhvlərim çox olub. Günahlarımın olduğunu bilirəm. Amma peşmanam. Həyatımdakı yaşananlar üçün bu gün daha çox peşmanam. Amma çox gecdi (Sözünü bitirməmiş, hövsələsi daraldı, divandan durub eyvana keçdi. O anları sözlə ifadə etmək mümkün deyil. Sanki qəm yükü daşıdı o anda özü ilə. AĞIR BİR YÜK!!! Eyvandan uzun müddət ətrafı, insanların şütüyən, harasa tələsən izdihamını izlədi. Deyə bilmərəm tam olaraq o anda nələri, kimləri yada saldı. Nə düşündü? Ancaq mənalı-mənalı açıq səmanı seyr etdi. Gözləri doldu. Üzünü çevirdi ki, süzülən göz yaşını görə bilməyək. Bir ah çəkdi. Mən belə ah çəkən görməmişdim. Səyavuş Aslanın qəlbində qubar bağladığı iztirab, həsrət, ağrı – o " AH…” sanki bir anlıq Bakının mərkəzi küçəsində yaşanan o dinamik həyatı dondurdu).

Yenidən otağa dönən Səyavuş Aslan bir az toxtadıqdan sonra:

– Qızım, mən elə sənətkarlar, insanlar görmüşəm ki, bu gün belələri yoxdur. O zamanlar yaxşı dostlarım olub. Rəhmətlik Səməndər Rzayev, Nəsibə xanım Zeynalova, Həsənağa Turabov, Kamal Xudaverdiyev… Nə bilim e… çox sənətkarlar olub. Özləri kimi dostluqları da möhkəm, vəfalı idi (gözləri doldu). Hərdən o günlər üçün darıxıram.

– Nə qədər təqaüd alırsız? Çatır sizə?

(Sakit şəkildə) Şükür Allaha! Nəyə ehtiyacım ola bilər ki?

Yenə əsl sənətkar qüruru onu danışmağa qoymadı. Demədi ki, problemlərim var, aldığım pul ancaq dava-dərmana çatır.

Bu məqamda xalq artistinin qulluqçusu (adının çəkilməsini istəmədi) bildirdi ki, Səyavuş müəllim o qədər qürurludur ki, ac qalsa da, onu kimsəyə deməz. Oğlu Çingiz də atasına oxşayır. Çingiz müəllimlə də bir az söhbət etdik. Demək istəməsə də, öyrəndik ki, maddi çətinlikləri var. Atasının aldığı təqaüd onun dərman puluna ancaq yetir.

Və illər sonra Səyavuş Aslansız keçən günlər…

İllər sonra yenidən Səyavuş Aslanın oğlu Çingizlə əlaqə yaratdıq. Səsimizdən tanıdı. Sanki axtarırmış kimi tanış səsinə ehtiyacı vardı. Hönkürərək ağladı. Evimizə gələn son jurnalist olmusuz deyərək imdad istədi. Maraqlandıq. Zamanında xalq artisti Səyavuş Aslan heç kimə ağız açmasa da, qüruruna sığınıb həyatının son çətin günlərində belə kimdənsə imdad istəməsə də, oğlu Çingiz çarəsizliyindən gileyləndi. Qürurlu sənətkarın həyat qarşısında aciz qalan oğlu ilə söhbətə başladıq. Demək ki, həyatda bunlar yaşana bilirmiş…

– Niyə bu qədər niskilli səslə ağlayırsız, Çingiz müəllim?

-Dərdliyəm, köməyinizə ehtiyacım var. Çox acınacaqlı bir duruma düşmüşəm. İşsiz, evsiz bir insanın həyatı necə ola bilər?

– Niyə evsiz qalmısız. Səyavuş müəllim rəhmətə gedəndən sonra yaşadığı ev necə oldu?

– Atamdan sonra həyatımız dağıldı. İki qardaşıq. İkimizin də həyatı məhv olub. İkimiz də evsiz-eşiksiz qalmışıq. Qardaşım yenə birtəhər başını dolandırır. Mənim vəziyyətim daha ağırdı. Sanki atamdan sonra evimizin, ocağımızın işığı söndü, ruzisi kəsildi. İndi tüfeyli bir həyat yaşayıram.

– Səyavuş müəllimdən sonra niyə evi satmaq məcburiyyətində qaldız?

– Xəstə insanam. Ürəyimdə ciddi problemlər var. Birtəhər yaşayırdım. Gördüm dolana bilmirəm, işsiz-gücsüz qalmışam, evi satıb başqa bir yerdə ev almaq istədim. Bilirsiz ki, atama məxsus evimiz şəhərin mərkəzində yerləşirdi. Düşündüm ki, şəhərin mərkəzində olan evi satıb Bayıl tərəfdə ev alım. Yerdə qalan pulla həm müalicələrimi edim, həm də borclarımı bağlayım. Bir iş qurum ki, çörəkpulu qazana bilim. Evin behini almışdım. Ev alqısı bitdikdən sonra yerdə qalan məbləği də aldım. Həmin gün Milli Parkda bir az hava almağa çalışdım ki, ürəyimin ağrısı keçsin. Elə Milli Parkda ürəyim tutub, huşumu itirmişəm. O məqamda mənə kömək edənlərdən kimsə cibimdə olan 11 min manat, min dollar pulumu cibimdən oğurlayıb. İndi həm evsiz-eşiksiz qalmışam, həm də yeməyə pul tapmıram.

– Yəni, bu itkiylə, oğurluqla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermədiz?

– Niyə ki? Bu barədə polisə məlumat vermişəm. Artıq 3 aya yaxındı mənim evimin pulunu oğurlayanlar tapılmayıb. Mənimlə maraqlanan yoxdu. Heç kim mənə inanmaq istəmir ki, evimin pulunu oğurlayıblar. Yəni Milli Parkda kameralar yoxdu, mən yıxılanda mənə yaxınlaşanın kim olduğunu öyrənmək bu qədərmi çətindi? Bu insafdandı ki, qışın günündə orda-burda, kirayələrdə qalıram.

– Səyavuş Aslanın oğlu bu duruma necə düşə bildi? Axı siz tanınmış sənətkarın övladısız. Çoxları sizlərin həyatına həsəd aparıb…

– Bəli, atam gənc ikən qibtə olunası həyatımız olub. Amma həyat sərt tərəfini bizə də göstərdi. Bir neçə il atam xəstə yatdı. Onun müalicəsini, qulluğunu çəkmişəm. Təbii ki, bu, övlad olaraq borcum idi. Atamı itirdikdən sonra isə tamamilə tək qaldım. Bu yaşda yetimliyin ağır olduğunu dərk etdim.

– Bəs ailəniz necə, varmı?

– Ailəm yoxdu, illər öncə həyat yoldaşımdan ayrılmışam. Uşaqlarım məni axtarmır. Mənimlə heç kim maraqlanmır. Yəni həyatı dağılan insanam. İndi bir isti ocağa, bir qab isti yeməyə möhtacam. Çox xahiş edirəm ki, mənə kömək edəsiz. Bəlkə səsimi eşidən olar. Axı mən Səyavuş Aslan kimi böyük sənətkarın oğluyam. Ən azı atamın adına görə mənə kömək edən olar bəlkə.

– Heç atanızın adı sizə kömək olubmu həyatda?

– Təbii, sağ ikən atamın adı gələn yerdə hər zaman hörmət-izzət görmüşəm. Ancaq atam qürurlu idi. Heç kimin qapısını döyüb xahiş etməzdi. Amma gənc yaşlarımızda atamın adı bizə təbii ki, kömək olurdu. Ağlıma belə gəlməzdi ki, bir gün belə bir həyatı yaşamağa məcbur qalaram. Müalicə almağım vacibdi. Amma dava-dərmana imkanım çatmır. Dava-dərman bir kənara, elə gün olur ki, bir qab yeməyə möhtac qalıram. Nə maraqlananım var, nə qapımı döyənim, nə də axtaranım. Həyatın acımasız olduğunu eşitmişdim. Amma onun gerçək üzünü bu gün görənlərdənəm. Sadəcə sizdən mənə kömək etməyinizi istəyirəm.

Tahirə Məmmədqızı,

"Şərq" qəzeti

Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər