Şeyx: “Bakılılar “Qırmızı kitab”a düşürlər…”
“Allahın insanlara qoyduğu bütün ölçüləri, dəyərləri itirmişik. Millətdən, əxlaqdan, mənəviyyatdan gəlmə müqəddəs heç nə qalmayıb.
Əlbəttə, kütlənin 3-5 faizi istisnadır. Hərə ağzına gələni danışır, çünki ortaq bir məxrəc yoxdur, mərkəz pozulub. Danışmaqdansa, Allahın bizə verdiyi Azərbaycan adlı torpağı bəlalardan, murdarlardan, rüşvətxorlardan, korrupsionerlərdən, çapıb talayanlardan təmizləmək lazımdır”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.
Xalq artisti bildirib ki, Xəzər dənizini işğalçı məmurlardan təmizləmək lazımdır: “Türkmənistan, Qazaxsatanda da olmuşam, belə şey yoxdur. Bu gün Abşerona gəzməyə gələn, ya da elə burada yaşayan biri dənizə gedə bilmir. Kimsə də demir ki, kimdir bunları hasara salan, mühafizələr qoyan… Hansının dədəsinin dənizidir, başım çıxmır?! Dənizin kənarında, Sahil qəsəbəsində böyümüşəm. İndi dənizə yaxın düşmək mümkün deyil, görə bilmirik. Qobustandan başlayaraq Sahil qəsəbəsinə, Şıxova qədər hər yer hasara alınıb, hotellər tikilib. Kimdir bu adamlar? Niyə onlar barəsində heç bir ölçü götürülmür? Bu gün bakılılar “Qırmızı kitab”a düşürlər. Belə getsə, 10-15 ildən sonra bakılı görməyəcəyik. Bakılının başının üstündə elə villalar tikiblər ki, o villaların hasarının qiymətindən Azərbaycanda 4-5 şəhər salmaq olar. Gəlir deklarasiyası niyə tələb edilmir? Niyə görə soruşmurlar ki, bu 4-5 mərtəbə villanı, 6-7 metr hündürlüyündə hasarı nə ilə tikmisən? Özbaşınalıq, dərəbəylik hökm sürür”.
Bu xəbər üçün şərh yazın