ŞEYXİN KANTORUNA ŞOK İTTİHAMLAR... - "İrançı mollaları məscidlərə doldurublar..."
Milli Məclisin sonuncu iclasında “Dini etiqad haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı ilə vitse-spiker Fəzail İbrahimli arasında mübahisə yaranıb.
Parlamentin sədr müavini deputatın ötən iclasda qaldırdığı məsələyə münasibət bildirərkən yer üzündə cəhalətə qarşı qanunun qəbul olunduğu və ya orada cəhalətin kökünün kəsildiyi ölkənin olmadığını bildirib. Fəzail İbrahimlinin fikirlərinə Məlahət İbrahimqızının cavabı isə mübahisəni daha da alovlandırıb. Vitse-spikerlə aralarında baş verən mübahisə haqqında mətbuata açıqlama verən millət vəkili Məlahət İbrahımqızı yaşanmış hadisənin normal olduğunu bildirib. Vurğulayıb ki, parlament müzakirə və polemika yeridir: “125 millət vəkili var, fərqli partiyalar var. Burada əlbəttə ki, kiminsə dediyini o birilər təkrar edəsi deyil. Problemlə bağlı vitse-spiker də həmin düşüncədə idi. Onun baxışı, yanaşması başqa cür idi, mənim yanaşmam başqa cür.
Anlaşmazlıq oldu bitdi, burada nə var ki? Necə uyğun olacaq, qanuna sala biləcəklərmi, bunun mexanizmini ekspertlər bilirlər. Məsələni uzatmaq düzgün deyil”. Parlamentari qeyd edib ki, XXI əsrin üçüncü minilliyində dinimizin gözəlliyini, elmiliyini təbliğ etməliyik: “Yüz il bundan öncə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi ziyalılarımızın mübarizə apardığı cahillik, xurafat və mövhumata qarşı biz də mübarizə aparmalıyıq. Tibb və təhsil işçiləri üçün təkmilləşdirmə kursları, sertifikasiya təşkil olunduğu kimi, dini ibadət yerlərində çalışan ilahiyyatçılar da xüsusi imtahandan keçirilməlidir”.
Milli Məclisdə yaşanmış polemika ilə bağlı Şərq.az-a danışan ilahiyyatçı Turan İrfan deyib ki, belə müzakirələr parlamentin canlanması üçün vacibdir. Ekspertin sözlərinə görə, əslində hər iki millət vəkili haqlı idi, sadəcə anlaşmazlıq yarandığı üçün bir-birini yaxşı başa düşmədilər:
“Cahil sözünü “savadsız”la əvəz etsəydilər daha yaxşı anlaşılardı. Yaxını vəfat edən şəxs gedib məsciddən molla gətirir. O haradan bilsin ki, gələn molla savadsızdır, cahildir və ya İran agentidir? Nə bilsin ki, molla gəlib İranın siyasi təbliğatını aparacaq, yaxud ağı deyəcək, nağıl danışacaq. Belə hadisə baş verirsə, günahı aidiyyəti qurumlardadır. Qafqaz Müsəlmanları İdarəsinin bu xalqa vurduğu zərbə, ziyan hələ çox sonra bilinəcək. İllərdir məscidlərə savadsız, cahil, irançı mollaları doldurublar. Bu idarə ümumiyyətlə, Rusiya və İrana xidmət edir. Konkret olaraq “İranın ikinci səfirliyi” kimi fəaliyyət göstərir. Hətta dini bayramları belə türk-müsəlman aləminin əksinə, İranla eyni gündə qeyd edirlər”.
T.İrfan “QMİ ləğv olunmalıdırmı” sualına cavabında bildirib ki, idarə qalsa belə onun xaricə alət olmasının qarşısı alınmalıdır:
“Əslində bu idarənin elə bir funksiyası yoxdur. Gürcüstan QMİ-dən çoxdan ayrılıb. Rusiyada da bu idarənin sözünə qulaq asan yoxdur. Simvolik olaraq QMİ-ni saxlamaqla bütün səlahiyyətlərini Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə vermək lazımdır. Dinimizi qaragüruh, xurafatçı, ora-bura işləyən mollalardan azad etmək üçün mütləq dövlət bu işə qarışmalıdır. Bir şəxsin nüfuzuna görə bütöv xalqın mənəviyyatını, inancını oyuncağa çevirmək olmaz. İdarə sədrinin xətri üçün dinimizi məhv etməyə haqqımız yoxdur”.
Bu xəbər üçün şərh yazın