SOCAR-ın adı hallanan korrupsiya və cinayət QALMAQALI - Şok faktlar
Noyabrın 22-də Malta polisi biznesmen Yurgen Feneki saxlayıb. O 2017-ci ilin oktyabrında jurnalist Dafna Caruana Galiziyanın öldürülməsi ilə əlaqədar saxlanılıb, dünya KİV-i məlumat verir.
Fenek “ElectroGas Malta” konsorsiumunun direktorlarından biridir. Bu konsorsiumda GEM holdinq 33,34%-ə sahibdir (bu payın üçdə bir hissəsindən çoxu 19 noyabr 2019-cu il tarixinə qədər rəsmi olaraq Fenekin rəhbərlik etdiyi Tumas Malta şirkətinə, qalan hissəsi Gasan şirkətinə aiddir).
Layihədə Socar Trading 33,33% paya sahibdir, digər 33,33% Siemens Projects Ventures-ə aiddir.
450 mln. avro dəyərində “ElectroGas Malta” layihəsi 2017-ci ildə istifadəyə verilib və Maltanın qazlaşdırılmasına aiddir. Bunun üçün adada təkrar qazlaşdırma obyektləri və qaz saxlama anbarları inşa edilib, 210 meqavat gücündə buxar-qaz stansiyası yaradılıb, Socar Trading isə Maltanın elektrik enerjisi ehtiyacının 50% -ni ödəyə biləcək bu layihə üçün 18 il ərzində eksklüziv maye qaz (LNG) tədarükçüsü olub. Lakin son 2-3 ildə bu layihə Avropa KİV-i tərəfindən tənqid olunur. Belə ki, bəzi nüfuzlu nəşrlərdə belə məlumat yayılıb ki, “Electrogas Malta” üçün qaz Avropaya LNG tədarükünün orta qiymətindən bir neçə dəfə yüksək qiymətə verilir. Bununla belə, Malta hökuməti SOCAR Trading ilə bu uzunmüddətli sövdələşməni hələ də saxlayır, maye qaz tədarükü davam edir.
Lakin “ElectroGas Malta” rəhbərlərindən birinin həbsi və Maltada bu biznesmenin fəaliyyəti ilə əlaqədar başlayan araşdırma SOCAR-ın iştirakı ilə layihənin gələcək taleyinə mənfi təsir göstərə bilər. Belə ki, Maltada korrupsiya şübhələrinə görə hökumətin istefasını tələb edən etirazlar artır.
Fenekin həbsinin səbəbi
Jurnalist və bloger Dafna Karuana Galiziya Maltanın Bidnica kəndində maşın partlaması nəticəsində ölüb.
Jurnalist Maltanın baş naziri Cozef Muskatın və xanımının “Panama sənədləri”ndə adı keçən şirkətlə əlaqəsi olduğunu bildirib. Həmçinin o, özünün saytında “Electrogas Malta” layihəsinin Malta qanunlarına tam cavab verdiyini şübhə altına alıb.
Ölümündən səkkiz ay əvvəl Karuana Galiziya Dubayda qeydiyyatdan keçmiş “17 Black” şirkəti haqqında yazmışdı. Jurnalist bildirmişdi ki, şirkət Malta siyasətçiləri ilə əlaqəli ola bilər. Belə ki, jurnalistin sərəncamında olan məktublardan birində “17 Black” Conrad Mitsi (əvvəllər Malta Energetika Nazirliyinin rəhbəri) və baş nazir administrasiyasının rəhbəri Kit Şembriyə məxsus Panamanın Hearnville və Tillgate şirkətlərinin gəlir mənbələrindən biri adlanıb.
Jurnalist “17 Black”in kimə məxsus olduğunu öyrənə bilməyib, lakin sonradan məlum olub ki, bu şirkətin sahibi Fenekdir (2018-ci ilin noyabrında Times of Malta və Reuters-in birgə araşdırması olub).
2019-cu il noyabrın 20-dən Maltada baş nazir Cozef Muskatın istefası çağırışı ilə etiraz aksiyaları keçirilir. Konrad Mitsi hazırda Maltanın turizm naziridir, Kit Şembri isə bu ada dövlətin baş nazir aparatına rəhbərlik edir. Avropa Parlamentinin deputatı Devid Kasa bildirib ki, Maltada baş nazir kürsüsü yellənir və o, dərhal istefaya getməlidir ki, ədalət hökm sürsün.
Mərhum jurnalistin qızı Tvitter-də yazıb ki, Malta üçün elektrik stansiyası kimi strateji obyektin korrupsiya və bəlkə də cinayət əməlləri ilə əlaqəsi olan şəxsə aid olması dəhşətlidir.
Qeyd edək ki, Fenek mərhum biznesmen Corc Fenekin oğludur və ailə Maltadakı ən nüfuzlu biznes qruplardan birini - Tumas Group-u (biznesdə 50 ilə yaxındır) idarə edir.
Tumas Group-un qumar oyunları və otel biznesi, turizm, daşınmaz əmlak və tikinti bazarında maraqları var (buna görə də 2013-cü ildə “ElectroGas Malta” layihəsi üzrə tikinti podratçısı seçilib).
Qeyd edək ki, Fenekin adı keçdiyi məktubların 2017-ci ildə “ElectroGas Malta” serverindən sızdığı diqqəti çəkir.
Belə ki, avropalı jurnalistlər biliblər ki, 2017-ci ilin mayında Fenek bu enerji konsorsiumunun yüksək vəzifəli məmurundan elektron məktub alıb və məktubda bildirilib ki, “banklar əsəbiləşirlər”.
KİV araşdırıb ki, “bankların əsəbiləşməsi” haqda məktub Mario Pulliçino (Socar Trading-in müqaviləsi üzrə elektrik stansiyasına LNG nəql edən tanker donanmasının nümayəndəsi) “17 Black”in hesabına 200 min dollar köçürdükdən sonra göndərilib.
Maraqlıdır ki, ifşa edildiyi andan cənab Fenek “Panama sənədləri” ilə əlaqəli hər hansı hüquq pozuntusunu inkar edir, ancaq “17 Black”in
sahibi olduğunu inkar etmir.
Yaranmış vəziyyətin Socar Trading-in Maltadakı fəaliyyətinə necə təsir edəcəyi hələ məlum deyil, lakin Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətinin Aİ dövlətlərindən birində korrupsiya, hətta cinayət qalmaqalına cəlb oluna biləcəyi narahatlıq doğurur./Turan
Bu xəbər üçün şərh yazın