Suyu nə vaxta kimi qaynadıb içməliyik?- “Azərsu” ASC bu suala aydınlıq gətirməlidir
“Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “ratovirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir”.
Bu sözləri Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev dedi. Yəni,açıqca bildirdi ki,yüzə yaxın uşağın zəhərlənməsinə içməli su səbəb olub.Digər önəmli olan odur ki, Gigiyena və Epidemiologiya Mərkəzi dəfələrlə içməli su ilə bağlı həyəcan təbili çalıb. Sitat: Respublika Gigiyena və Epidemiyalogiya Mərkəzinin apardığı müayinələr nəticəsində su nümunələrində qeyri-kafi nəticələrlə bağlı araşdırmalar həyata keçirilib, suyun keyfiyyət göstəricilərinə mənfi təsir göstərən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə təkliflər verilib.
Amma göründüyü kimi ,10 rəhbər şəxsi- prezidenti və vitse-prezidentləri və müavinləri olan “Azərsu” ASC tərəfindən yaradılan problemlər bununla bitmir, mütamadi olaraq bu qurum neqativ fəaliyyəti ilə gündəmdə qalmaq istəyir.
Onu da qeyd edək ki,insan orqanizminin üçdə ikisi sudan ibarət olduğundan istənilən şəxs gün ərzində 2-3 litr su qəbul etməli olur. Nəzərə alanda ki, yay aylarında içməli suya tələbat 2 dəfə artır, demək içməli suyun həyatımızda rolu xüsusi çəkiyə malikdir. Problem isə ondan ibarətdir ki, hələ də paytaxt əhalisinin əksəriyyəti birbaşa krantdan su götürüb içməyə ehtiyat edir. Bunu isə mütəxəssislər belə izah edirlər ki, əhalini içməli su ilə təmin etməli olan “Azərsu” ASC əhaliyə verdiyi suyu şəffaf şəkildə filterdən keçirib vermir. Bu günün özündə də içməli suyun tərkibində ağır metallar və duzlar qalmaqdadır. Tərkibi tam normaya uyğun olmayan suyu isə əhalinin 90%-i qaynadıb sonra içir. Bu isə suyun tərkibində olan minaralları məhv edir. Susuzluğun yatırılması üçün qəbul edilən qaynadılmış suda isə insan orqanizmi üçün lazım olan yod, minerallar ölmüş hesab olunur. Son dövr içməli su ilə bağlı əlavə problemlər də yaranıb.
Su bəzən açıq sarı rəngə çalır və ya pas dadır. Bu isə onunla izah olunur ki, SSRİ dönəmindən qalmış magistral və ya binaların zirzəmisində olan metal borular çürüyüb. Su bu çürüntü ilə bəzən qarışır, sudan pas iyi, palçıq tamı gəlir. Təbii ki, belə hallarda suyun qaynadılmamış qəbul edilməsi təhlükəlidir, bağırsaq çöpləri, mədə pozultuları və s. xəstəliklərə yol aça bilər. Bu kimi problemlər isə on illərdir həll edilməmiş qalır.
Haqlı sual yaranır: “Azərsu” ASC işləyir, yoxsa yox?!
Firidun Oruc
Faktinfo.az
Bu xəbər üçün şərh yazın