Tanınmış hüquqşünas Rusiyanın Azərbaycandakı təbliğat KİV-lərini bağlamağa çağırıb
"Rusiya dövlətinin maliyyələşdirdiyi təbliğat mediasının Azərbaycanda istər birbaşa infrastrukturda, istərsə də, yerüstü qurğular və kabeldə yayılması qadağan olunmalıdır".
Bunu Report.az-a açıqlamasında hüquqşünas Ələsgər Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycanda rusdilli təhsil dövlət tərəfindən maliyyələşdirilməməlidir: “Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən kanallarının Azərbaycanda fəaliyyəti ilə bağlı məsələni bir neçə il öncə Milli Televiziya və Radio Şurasının qərarlarından birini tənqid edərkən demişdim. O zaman şura Rusiyanın 110 kanalının Azərbaycanda kabel televiziyaları ilə yayımını tövsiyə etmişdi. O kanalların böyük əksəriyyəti də Rusiyanın aqressiv və anti-Azərbaycan təbliğatı ilə məşğuldur. İstər "ORT", istər "Rusiya 24" kanalları olsun. Rusiyaya məxsus müxtəlif televiziyalar sistemli şəkildə Azərbaycan həqiqətlərini təhrif edir, erməniləri, işğalçıları və separatçıları dəstəkləyən verilişlər yayır. Təəssüf ki, həmin dövrdə rəsmi qurumlar Azərbaycanın maraqlarına zidd qərar verdilər. Bu tip məsələdə tövsiyə edirdilər ki, bu kanallar, lisenziya alan kabel televiziyalar Rusiya kanallarını yaysınlar. Bu da kifayət qədər ciddi problemdir və faktiki olaraq, Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən məsələlərdən biridir. Çünki Azərbaycanda rusdilli insan çoxdur, nəinki ingiliscə”.
Hüquqşünas hesab edir ki, rusdilli kanallar ölkəmizdə Rusiyayönümlü təbliğatın yayılmasına gətirib çıxarır: “Bununla bağlı əslində gecikmişik. Gərək çoxdan addım atılardı. Əlbəttə, mən informasiya azadlığı anlayışını qəbul edirəm. Peyk və ya internet vasitəsilə kim hansı kanalı istəyir, baxsın. Amma dövlətin lisenziyalaşdırdığı resurslardan istifadə edən yayımçılar bu tip təbliğat resurslarının Azərbaycanda rahat yayımlanmasına imkan verilməməlidir”.
Ə.Məmmədli bildirib ki, bu tip təbliğat mediasının Azərbaycanda istər birbaşa infrastrukturda, istərsə də, yerüstü qurğular və kabeldə yayılması qadağan olunmalıdır: “Həm də rusdilli təhsil dövlət tərəfindən maliyyələşdirilməməlidir. Bu, çox ciddi məsələdir və fəsadlarını hələ irəlidə görəcəyik. Adicə Ukraynada baş verən hadisədə bir tərəf Rusiyanın aqressiv siyasətini, digər tərəf Ukraynanın haqlı mübarizəsini dəstəkləyir. Faktiki olaraq rus təbliğatına uyan və onu burada davam etdirən rusdilli, rusca təhsil almış, Rusiya ilə yatıb-qalxan, gündəmi Rusiya ilə izləyən xeyli sayda Azərbaycan vətəndaşı formalaşıb. Burada həm televiziya, həm media resurslarının, həm də təhsilin böyük rolu var”.
Bu xəbər üçün şərh yazın