Tovuz rayonunda imtahandan yüksək bal toplayan müəllimi işdən çıxardılar -

Tovuz rayonunda imtahandan yüksək bal toplayan müəllimi işdən çıxardılar - Əlil övladı olan zabit fəryad edir

Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Nizami Məmmədov üzləşdiyi haqsızlıqla əlaqədar ailəsi ilə birlikdə Prezidentin qəbuluna getməyə hazırlaşır.

N. Məmmədov BakuPost-a bildirib ki, 1975-ci ildə Tovuz rayonunda anadan olub, Nəsrəddin Tusi adına orta məktəbində təhsil alıb. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini, indiki Heydər Əliyev adına Hərbi Akademiyanı bitirdikdən sonra müdafiə nazirinin əmrinə əsasən 1995-2001-ci illərdə Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə zabit olaraq xidmət göstərib. Ehtiyata buraxıldıqdan sonra doğma kəndinə qayıdıb, rayon Təhsil Şöbəsinin əmri və göndərişinə əsasən  Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində daimi müqavilə əsasında işlə təmin olunub, 2002-ci ildən 2015-ci ilə qədər həmin məktəbdə hərbi hazırlıq müəllim kimi çalışıb.

Himayəsində biri əlil olmaqla, 3 qız övladı, xəstə ata-anası olan N. Məmmədovun problemləri isə Nüsrət Quliyevin məktəbə direktor təyin edilməsi ilə başlayıb. "Mina təhlükəsizliyi” hərbi hazırlıq müəlliminin ixtisası olduğu halda həmin dərsi qeyri-ixtisas müəllimləri tədris edib. Direktor sonda isə digər hərbi hazırlıq müəlliminin müharibə veteranı olduğunu əsas göstərərək, əmək müqaviləsi olmasına baxmayaraq, N. Məmmədovun dərs saatlarını ləğv edib və onu işdən çıxarıb. Bu günəcən işdən azad olunması barədə ərizəsi də  təsdiq olunmayıb. 

N. Məmmədov aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, o, öz ixtisası üzrə işlə təmin olunmayıb. Müəllimlərin diaqnostik qiymətləndirilmədində 55% bal toplamasına baxmayaraq, Tovuz rayon Təhsil Şöbəsinə müraciətlərinə əhəmiyyət verilməyib.  Təhsil nazirindən kömək istəyib

Əlavə gəlir yeri olmayan və ailəsinin ehtiyaclarını qarşılaya bilməyən N. Məmmədov nəhayət, 2018-ci ilin oktyabrında təhsil naziri Ceyhun Bayramova müraciət ünvanlayıb. Müraciətində işsizlikdən əziyyət çəkdiyini vurğulayıb, işinə bərpasını, yaxud rayonun başqa kəndlərindəki məktəblərin birində işlə təmin olunmasını xahiş edib.  

Müraciətdən bir müddət sonra, keçən il noyabrın 8-də Tovuz rayon Təhsil Şöbəsinə çağırılıb. Təhsil Şöbəsində vəd ediblər ki, nə vaxt boş vakansiya olarsa, işlə təmin olunacaq. Ancaq hələ də işsizlik problemi həllini tapmayıb.

N. Məmmədov qeyd edib ki, ötən müddət ərzində  Təhsil Nazirliyinin əməkdaşı da onunla əlaqə saxlayıb və nazirlik əməkdaşına real durumu çatdırıb. Ancaq hələ də real nəticə ortada yoxdur.

Son ümid

N. Məmmədovun deyir ki, Düz Cırdaxan kəndində Rəfael  İsmayılov adına məktəbdə oxuyan və bütün dərslərindən "5” alan qızının təcili gözlərindən əməliyyat olunması lazımdır. Ancaq işsizlik atanı övladının əməliyyat etdirməsinə imkan vermir. Son ümidi isə ölkə Prezidentidir: "Övladım gözündən əməliyyat olunmalıdır, çıxılmaz vəziyyətdə qalmışam. Biz gələcəyimiz, xalqımız üçün övlad böyüdürük. Rayon Təhsil şöbəsində vəd edirlər ki, nə vaxtsa vakansiya olarsa, yer olanda işlə təmin edəcəyik. Bəlkə bu, 3-5 il çəkəcək?! Qanunvericiliyə görə müqavilə şərtlərinə əməl olunmadığına görə mənə təzminat ödənilməlidir, təzminat belə ödəmirlər. Rayonda elə kəndlər var ki, hərbi hazırlıq dərsini riyaziyyat müəllimləri keçir. Heç o müəllimlər öz ixtisasları ilə əlaqədar attestasiyadan keçə bilməyiblər. İndi onlar işləyir, mən çöldə qalmışam. Mən istənilən yerdə işləməyə hazıram. Təhsil Nazirliyinin əməkdaşına da dedim ki, istədiyiniz yerə, o cümlədən dağlıq kəndə göndərin, gedib oradakı məktəbdə işləyim, ailəmi saxlayım. Sabah müharibə başlasa, hamıdan öncə gedəcəm. Ancaq bu gün ailəm acınacaqlı durumdadır. Məcburam ki, ailəmi də götürüb təhsil nazirinin, Prezidentin qəbuluna gedim. Başqa çıxış yolum qalmayıb...”

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi