Tovuzlu sahibkar: “Buğda sahələrini suvarmaq üçün pulmu verməliyik...” - Elektrik şəbəkədən şikayət - FOTO
“Tovuz rayon Suvarma Sistemləri İdarəsi”nin rəisinin “Azərişıq” ASC-nin Tovuz Elektrik Şəbəkəsinin rəisi Anar Məmmədova 02.02.2022-ci il tarixində göndərdiyi 3-31 saylı məktubundan irəli gələn iş yerinə yetirilmir”.
Bu sözlər Tovuz rayon Dondarquşçu kənd sakini Həzi Vəliyev tərəfindən Faktinfo.az saytına göndərilən məktubda yer alıb. Şikayətçi sayta göndərdiyi məktubunda qeyd edir ki, hüquq-mühafizə orqanlarına da şikayət ünvanlayacaq. Buna səbəb Dondarquşçu kəndində yerləşən 03/104 saylı subartezian quyusunun güc transformatorunda yaranan problemin aradan qaldırılmamasıdır.
Şikayətçinin yazdıqlarından: “Qeyd etdiyim subartezian quyusunun transformatoru təmir edilmədiyindən mən və digər sahibkarlar əkdiyimiz buğdanın suvarılmasını həyata keçirə bilmirik. Tovuz SSİ tərəfindən göndərilən məktuba və mənim müraciətlərimə məhəl qoyulmur. İndi mən neyləməliyəm, pulumu verməliyəm ki, transformator təmir edilsin, suvarma suyundan məhrum olmayım?”.
Həzi Vəliyev onu da qeyd edir ki, bir neçə günə ölkə prezidentinə, aidiyyatı qurumlara teleqramlar vurmaq məcburiyyətindədir. O, bunu onunla əsaslandırır ki, əvvəllər işlək vəziyyətində olan transformator məqsədli şəkildə işlək vəziyyətə salınmır. Belə ki, ərazidə “İpək Yolu” inşa olunduğundan, transformator 100 metr kənara köçürüldü. Ərazidə yol tikintisini aparan “Polat Yol Şirkəti”nin vəsaiti hesabına alınmış avadanlıqlar istənilən səviyyədə Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən transformatora qurraşdırılmadı. Bu səbəbdən də bu gün Dondarquşçu kəndində yerləşən 03/104 saylı subartezian quyusunu elektrik enerjisi ilə təmin etməli transformator işləmir. Qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, idarəyə olunan zənglərə cavab verilmədi.
Mövzunu diqqətdə saxlayacağıq.
Firuddin Oruc
Faktinfo.az
Bu xəbər üçün şərh yazın