Türkiyə müasir tarixinin ən vacib hərbi əməliyyatlarından birini reallaşdırmaq istəyir- Dünyada söz sahibi olduğunu təsdiqləmək üçün
Dünya mediasının gündəmini yeni aktual mövzu zəbt edib.
Ankara Suriyada növbəti hərbi əməliyyat keçirəcəyini bəyan edib. Bu informasiya ölkə başçısı səviyyəsində yayıldığından, həqiqət olduğuna şübhə yoxdur. R.T.Ərdoğan siyasi lider kimi sözünün üstündə duran və onu tam reallaşdıran şəxs olaraq tanınır. Digər tərəfdən, belə ciddi məsələ haqqında məlumatı əsas olmadan yaymazlar. Bunun nəticəsidir ki, Qərbdə və Rusiyada məsələ ciddi reaksiya yaradıb. Vaşinqton dərhal etirazını bildirib. Moskva isə loyaldır. Hiss olunur ki, Kreml Türkiyənin öz təhlükəsizliyini təmin etmək haqqını daha yaxşı anlayır. Ekspertlər proseslərin bu istiqamətdə inkişaf edəcəyi halda, hansı geosiyasi faktorların önə çıxa biləcəyini proqnozlaşdırmağa çalışırlar. Bu kontekstdə məsələnin üzərində geniş dayanmağa zərurət gördük.
Ərdoğanın siyasi xətti: türk dövlətçiliyinin gücləndirilməsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 12-də verdiyi bəyanat dünya mediası və ekspert dairələrində bomba kimi partladı. Ankara yaxın günlərdə Fərat çayının şərq sahilində genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını bəyan etdi. R.T.Ərdoğan bu əməliyyatın türk ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı" (Əl-Bab) və "Zeytun budağı" (Afrin) antiterror əməliyyatlarının davamı olduğunu ifadə edib. Yəni, burada başlıca məqsəd Fəratın şərqində kök salmış terror qruplarıdır. Orada yerləşən ABŞ hərbi kontingenti ilə heç bir problem yoxdur.
Dövlət başçısının bu fikirlərini jurnalistlər və ekspertlər geniş şərh edirlər. Artıq məsələyə Amerikadan da reaksiya olub. Pentaqon və Dövlət Departamenti Türkiyənin təkbaşına hərbi əməliyyat keçirməsinə qarşı olduqlarını bəyan ediblər. Pentaqon sözçüsü konkret deyib ki, amerikan əsgərlərinin yaxınlığında olduğu hər hansı yerə hərbi zərbə olsa, bunu çox “qayğıverici hal” kimi qiymətləndirəcəklər.
Bu diplomatik ibarələr altında gizlənən həqiqət ondan ibarətdir ki, Vaşinqton Suriyada terror qruplarına dəstək verməyə davam etməkdə qərarlıdır və bundan regionun bir sıra dövlətlərinə qarşı istifadə etmək niyyətindən əl çəkməyib. Məsələnin məhz bu tərəfi geosiyasi aspektdə son dərəcə ciddi narahatlıq yaradır. Həm də bu, yalnız Türkiyəyə qarşı olan proses deyil. Suriya, İran, İraq və hətta Rusiya üçün təhlükələr meydana gəlib. Ekspertlər hesab edirlər ki, Sergey Lavrovun Soçidə Putin- Ərdoğan görüşündən sonra "əsas təhlükə Fəratın şərqindən yüksəlir" deməsi həmin mövqenin ifadəsidir.
Məsələ ABŞ ordusunun Baş Qərargah rəisi Cozef Danfordun "Vaşinqton Post" qəzetinə "YPG bölgəsində 35-40 min silahlının yerləşdirilməsi və təlim verilməsini proqnozlaşdırırıq" fikrini ifadə etməsi ilə daha da konkretləşdi (bax: İlk hedef Arap Bölgeleri… Resulayn’a TSK, Tal Abyad’a ÖSO yığınağı… / "Habertürk", 13 dekabr 2018). Ankarada olduğu kimi, Moskvada da hesab edirlər ki, bu, amerikalıların Suriyanın şimalında etnik faktor əsasında yeni dövlət yaratmaq cəhdindən başqa bir şey deyil. Təbii ki, ilk öncə bu prosesə Türkiyə müdaxilə etməlidir. Çünki birbaşa Türkiyə sərhədi yaxınlığında terror xislətli yeni bir dövlət yaratmağa çalışırlar ki, bu da cənub istiqamətdən ciddi təhlükələrdən xəbər verir. Nəzərə alınsa ki, Türkiyənin şimal sərhədləri yaxınlığında Ermənistan adlı terrorçu dövlət yaradılıb, İraqda bir sıra qruplar (məsələn, PKK) faktiki olaraq Türkiyə ilə müharibə aparır, onda Suriyanın şimalında baş verənlərə Ankaranın həssas yanaşmasının səbəbi aydın olar.
Bütün bunlar Türkiyənin Suriyada yeni hərbi əməliyyat keçirməsi üçün tam əsasının olduğunu təsdiq edir. Onu vurğulayaq ki, bir sıra dairələr bunu "türk-kürd qarşıdurması" kimi təqdim etməyə çalışırlar. Ancaq faktlar başqa reallığı göstərir. PYD Fəratın şərqindən 260 min kürdü sürgün edib. İndi onlar Türkiyəyə sığınıblar. Kürdlərlə yanaşı, ərəblər, türkmənlər və digər xalqlar da terrorçuların təzyiqi ilə həmin bölgəni tərk ediblər. Deməli, Türkiyə etnik kimliklə deyil, terrorla mübarizə aparır və bunu özünün təhlükəsizliyini təmin etmək üçün edir. Bölgədəki əhali də Türkiyəni xilaskar kimi görür. Məsələn, əsas olaraq ərəblərin yaşadığı Tel-Abyad əhalisi Ankaranın xilaskarlığını səbirsizliklə gözləyir.
Bir neçə gün öncə Münbicdəki 11 əşirət rəhbəri bir araya gələrək Ankara ilə danışıqlar aparıb və terrordan xilas olmaq istədiklərini bəyan ediblər. Ancaq bölgədə Amerikanın maliyyə dəstəyi ilə terrorçularla birgə hərəkət edən əşirətlər də yox deyildir. Onlar əsasən ərəb, erməni və assuriyalılardır. Lakin həmin insanlar da hədəf yox, terrorun və yalançı təbliğat kampaniyasının qurbanlarıdır. Yerli əhalidən kimsə Türkiyə ordusunun hədəfi deyil.
Regional geosiyasət və böyük dövlətlər: Ankaranın planına münasibətlər
Beləliklə, yaxın günlərdə hərbi əməliyyatın başlaması ehtimalı yüksəkdir. Ankara planın başlıca məqamlarını da açıqlayıb. Əsas məqsəd PKK-nın düşərgəsi hesab olunan Qəndil bölgəsi ilə Suriyanın əlaqəsini kəsməkdir. Hazırda Qəndil-Sincar-Münbic xəttində "terror dəhlizi" yaradıblar. Bu dəhlizlə silah, ərzaq, informasiya əlaqələri saxlanılır. Yeni hərbi əməliyyatla bu xətt dağıdılır və təhlükəli planlara son qoyulur. Türk silahlı qüvvələri Suriyanın şimalını terrorçulara bağlayır, sonra Sincar xəttini kəsir və nəhayət, son hədəf olaraq Qəndili terrorçulardan təmizləyir. Bununla Türkiyənin şərq və cənub sərhədləri tamamilə terror təhlükəsindən xilas olur.
Əlbəttə, heç bir dövlətə ziyan verməyən və yalnız Türkiyənin dövlət olaraq təhlükəsizliyini təmin etməyə istiqamətlənmiş bir addımdır. BMT üzvü olan hər bir dövlətin belə hərəkət etməyə haqqı var. Lakin reallıqları nəzərə almaqla Ankaranın bu addımının mümkün geosiyasi nəticələri üzərində düşünmək gərəkdir. Hər kəsdən öncə, ekspertlər ABŞ-ın münasibətini proqnozlaşdırmağa çalışırlar. Yuxarıda vurğuladığımız kimi, Amerika hərbi dairələri və Dövlət Departamenti ciddi etirazını ifadə edib. Ancaq real olaraq Amerikanın hansısa müqavimət göstərməsi ehtimalı azdır.
Birincisi, Türkiyə ordusu heç bir amerikan əsgərinə yönəlik addım atmır. Onun hədəfi YPG/PKK-dır. Əgər amerikan əsgəri onların yanında duracaqsa, bu, artıq onların problemidir. İkincisi, Türkiyə NATO üzvü kimi hərbi sferada ABŞ-ın müttəfiqidir. Əgər Vaşinqton beynəlxalq hüquq norması çərçivəsində özünün qanuni müttəfiqinə qarşı hərəkət edəcəksə, yenə də məsuliyyəti öz üzərinə düşəcək. Üçüncüsü, İŞİD-lə mübarizə adı altında region dövlətləri üçün təhlükə olan yeni terror təşkilatı yaratmaq böyük bəşəri cinayətdir. Statistik məlumata görə, Amerikanın ən müasir silah-sursat, texnika ilə təmin etdiyi terrorçuların sayı 70 minə çatıb. Bu, orta səviyyəli ölkə üçün normal silahlı birləşmədir. Sual olunur: bu qədər güc nəyə lazımdır və kimlərə qarşı yönəldilib? Cavab, bizcə, aydındır.
Region dövlətlərinin bu əməliyyata necə münasibət göstərə biləcəyi də maraqlıdır. Proqnozlara görə, İran ciddi etiraz etməyəcək. Bunun öz səbəbləri var. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də səsini çıxarma ehtimalı azdır. Ola bilsin ki, Misir sözdə nəsə desin, lakin ciddi müqavimətdən söhbət gedə bilməz. İsrail həmişə olduğu kimi, "səssiz qalır". İraqa gəldikdə, bu ölkə başının hayına qalıb və yaxşı anlayır ki, radikal əhval-ruhiyyəli kürdlər ona daimi baş ağrısıdır. Yaxın keçmişdə baş verənlər bunu bir daha təsdiqlədi. Bu səbəbdən Türkiyə həm də İraq üçün xilaskar rolunu oynayır.
Suriya hökumətinə gəldikdə isə... Bəşər Əsəd Türkiyəni sevməsə də, Amerika və Rusiyaya görə səsini çıxarmayacaq. Amerikanın regionda olmasını Dəməşq arzulamır. Digər səbəblərlə yanaşı, həm də ona görə ki, Vaşinqtonun dəstəklədiyi 70 min terrorçu həm də Suriyanın torpaq bütünlüyünə təhlükədir. B.Əsəd ölkənin parçalanmasını istəmir. Rusiya faktoru da burada böyük rol oynayır. Çünki Suriyada qondarma yeni bir dövlətin yaranması dolayısı ilə Rusiyada yaşayan xalqları da oyada, həm də Yaxın Şərqdə Amerikanın mövqeyini daha da gücləndirə bilər.
Beləliklə, Türkiyə müasir tarixinin bəlkə də ən vacib hərbi əməliyyatlarından birini reallaşdırmaq qərarına gəlib. Burada iki məqam önəm daşıyır. Onlardan biri hərbi-təhlükəsizlik aspektidir. Ankara öz təhlükəsizliyini təmin etmək qüdrətində olduğunu dünyaya sübut etməlidir. Məlumdur ki, dünyada ancaq barmaqla sayılan ölkələr bu imkana malikdir. Xüsusilə söhbət supergüclərin maraqlarının toqquşduğu bir situasiyadan gedirsə, vəziyyət çox mürəkkəbdir.
İkinci məqam Türkiyənin siyasi-hərbi təsirini genişləndirmək iqtidarında olduğunu nümayiş etdirmək zərurəti ilə bağlıdır. Son yüz ildə siyasi dairələr Türkiyəyə barmaqarası baxırdılar. Artıq bu ədalətsiz və haqsız tendensiya Türkiyə rəhbərliyinin qətiyyəti və cəmiyyətin əzmi ilə sındırılır. Son dövrlərdə Türkiyə hərbi cəhətdən əsas olaraq öz daxili imkanları ilə inkişaf edir, dünya səviyyəsində yeni silahlar istehsal edə bildiyini sübuta yetirir. Növbəti mərhələdə Türkiyə dünyada söz sahiblərindən biri olduğunu təsdiqləmək amacındadır.
Qardaş ölkəyə uğurlar olsun!
Bu xəbər üçün şərh yazın