
Türkiyə ordusunda mühüm təyinatlar - Hava Qüvvələrinə yeni komandan gətirildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Yüksək Hərbi Şuranın (YAŞ) növbəti iclasında ölkənin Silahlı Qüvvələrinin (TSK) rəhbər heyətində mühüm kadr dəyişiklikləri edilib. Qərara əsasən, Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olunub, TSK-da general və admiralların ümumi sayı artırılıb.
Faktinfo.az azpolitika.info-ya istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan YAŞ qərarları Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən rəsmən açıqlanıb. Qərarlar 30 avqust tarixindən etibarən hüquqi qüvvəyə minəcək.
Sənədə əsasən, Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu ştat çatışmazlığı səbəbindən pensiyaya göndərilib. Onun əvəzinə Müharibə Hava Qüvvələrinin komandanı, ordu generalı Rafet Dalkıran Türkiyə Hərbi Hava Qüvvələrinin yeni komandanı postuna gətirilib. Dəniz Qüvvələri komandanı oradmiral Ercüment Tatlıoğlunun isə səlahiyyət müddəti daha 1 il uzadılıb.
İclasda TSK-da xidmət edən yüksək rütbəli zabitlərin taleyi ilə bağlı növbəti qərarlar qəbul edilib:
25 general və admiral bir pillə yuxarı rütbəyə, 69 polkovnik isə general və admiral rütbələrinə layiq görülüb, 24 generalın xidmət müddəti 1 il, 530 polkovnikin xidmət müddəti isə 2 il uzadılıb. 2 general yaş həddinə görə, 61 general və admiral isə ştat çatışmazlığı səbəbindən təqaüdə göndərilib. Qərarlardan sonra Türkiyə Silahlı Qüvvələrində general və admiralların ümumi sayı 328-dən 334-ə yüksəlib.
YAŞ qərarlarını imzaladıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında paylaşım edərək təyinatları şərh edib: "Bu gün reallaşdırdığımız Yüksək Hərbi Şurada aldığımız qərarlar ölkəmiz, millətimiz və qəhrəman ordumuz üçün xeyirlərə vəsilə olsun".
1988-ci ildə Hava Hərb Məktəbindən mezun olan Rafet Dalkıran Hava Hərb Akademiyasını bitirərək qərargah zabiti olub. 2015-ci ildə tuğgeneral (general-mayor) rütbəsi alıb, Baş Qərargahın Kəşfiyyat Planlaşdırma İdarəsinə və Hava Hərb Məktəbinə rəhbərlik edib. 2018-ci ildə tümgeneral (general-leytenant) rütbəsinə yüksəlib. 2021–2025-ci illərdə Baş Qərargahın Kəşfiyyat rəisi və Hava Qüvvələrinin Qərargah rəisi postlarında çalışıb. 2025-ci ildə ordu generali rütbəsi alaraq Müharibə Hava Qüvvələrinin komandanı təyin edilib. YAŞ-ın son qərarı ilə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı seçilib.












Bu xəbər üçün şərh yazın