“Ukraynanın mənəvi-psixoloji qələbəsində müstəqil mətbuatın xüsusi rolu oldu"- Aslan İsmayılov
“Ukraynanın qeyri-bərabər müharibədə nəinki duruş gətirməsi, hətta ən azından mənəvi-psixoloji qələbəsinin bir neçə əsas amili var.
Birincisi, əlbəttə Ukrayna xalqının qəhrəmanlığı, azadlıq, müstəqillik sevgisi və birliyidir. İkincisi, xalqın özünün seçdiyi Prezidentə, onun komandasına inamı və Prezidentin və komandasının xalqının inamına verdiyi dəyərdir. Üçüncüsü, beynəlxalq aləmin Ukraynanın apardığı mübarizəyə yekdil dəstəyidir. Dördüncüsü, hər 3 amilin artan xəttlə, ruh yüksəkliyi ilə davam etməsidir. Hər 4 amilin formalaşmasında, möhkəmlənməsində və davamlılığında Ukrayna mətbuatının həlledici rolunu danmaq olmaz. Ukrayna - Rusiya müharibəsi bir daha göstərdi ki, azad və peşəkar mətbuatın rolu əvəzsizdir. Yuxarıda sadaladığım hər 4 amili daim yüksək tonusda saxlayan və yüksələn xəttlə davam etdirən də məhz Ukrayna mətbuatıdır. Müharibə başlayandan daim Ukrayna xəbərlərini izləyirəm. Ukraynalı müxbirlər tək hadisələri içindən daban-dabana izləyib dünyaya çatdırmaqla kifayətlənmirlər. Bu gün onların hamısı həm də bütün dünya mətbuatına siyasi, ictimai liderlərdən üstün və çox müsahibələr verib fikir formalaşdırırlar. Dünyanın hər nöqtəsindən müsahiblər tapıb gecə-gündüz onların fikirlərini yayırlar”.
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
A.İsmayılov qeyd edib ki, Ukrayna mətbuatının fonunda milyardlar xərclənmiş, ancaq müstəqil olmayan, hakimiyyətin ruporuna çevrilmiş Rusiya mətbuatının nə qədər aciz olduğunu onları dinləyən hər kəs görər: “Ona görə də güclü dövlət, güclü xalq istəyən hakimiyyət ilk növbədə azad və müstəqil mətbuat formalaşdırmalıdır. Bizim mətbuat isə bu gün Rusiya mətbuatının təkrarı, Ramiz Mehdiyev-Əli Həsənov tandeminin məhsuludur”.
Bu xəbər üçün şərh yazın