Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan səhiyyəsi haqda...
“Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması 12-14 faizdir. Bu, olduqca aşağı rəqəmdir və bununla bağlı ciddi tədbirlər görülməlidir”.
APA.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı “İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması” mövzusunda seminarda deyib.
Onun sözlərinə görə, körpələrin ana südü ilə qidalandırılması faizinin artmasına yönəlik addımlar atılmalıdır: “Azərbaycan iqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələr sırasındadır. İnkişaf edən ölkələrdə körpə ölümlərinin əmsalı hər 1000 diri doğulana 9-10 səviyyəsindədirsə, Azərbaycanda bu göstərici 19-dur. Ana ölümlərində də rəqəmlər iqtisadi baxımdan eyni səviyyədə olan ölkələrlə müqayisədə yuxarıdır. Azərbaycanın iqtisadi səviyyəsi yüksəkdir. Əgər problemlərin səbəbləri bilinsə, onun qarşısı alına bilər. Əgər bir ana qarşısı alına bilinən qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən, Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir”. H.Harmancı əlavə edib ki, 2007-2014- cü illərdə ana ölümləri 100000 diri doğuşa görə 35.5 faizdən 14.6 faizə düşüb.
Bu xəbər üçün şərh yazın