Unun tərkibində zülal çatışmır, ÇÖRƏYİN ÇƏKİSİ DƏ GÜNDƏN-GÜNƏ AZALIR
Əksər millətlərdən fərqli olaraq,bizdə qida rasionunda çörək qəbuluna xüsusi üstünlük verilir.Bu hal bəzən digər xalqların nümayəndələrini bir xeyli təəccübləndirir.
Buna görə hətta ölkə hüdudlarından kənarda qınanılırıq da.Çörəyi çox yeyən millət olduğumuzdan bu nemətin ölkəmizdə də standartlara uyğun istehsal edilməsi hər zaman gündəmdə olub.
Təəssüf hissi ilə qeyd etməliyik ki,əksər vaxtlarda bu sahədə neqativ hallara rast gəlirik. Bir sözlə, gündəlik qida rasionumuzda xüsusi çəkisi və önəmi olan çörək istehsalında baş alıb gedən xoşagəlməz hallar aradan hələ də qalxmayıb. Hətta bu səbəbdən son zamanlar insanlar arasında çörəkdən az istifadə və ya imtina kimi meyllərə rast gəlinir. Bunun başlıca səbəbi unun düzgün ələnməməsi,təmiz sudan və duzdan istifadə olunmaması,xəmirə həddindən artıq droj vurulması,çörək bişirən qazanlara keyfiyyətsiz yağın sürtülməsi və digər amillər son nəticədə çörəyin həddindən ziyadə keyfiyyətsiz bişirilməsi ilə nəticələnir.Bu da istehlakçıların haqlı narazılığına gətirib çıxarsa da bu halın qarşısını almağa borclu olan dövlət qurumları hələki susur.
Onu da vurğulayaq ki,çörəyin tərkibində normadan artıq drojun olması mədə turşuluğu yaradır, insanlarda çəkini artırır, onlarla xəstəliyə yol açır. Digər narahatlıq doğuran hal isə ondan ibarətdir ki, çörək istehsalı ücun nəzərdə tutulmuş unun tərkibində zülalın normadan aşağı olması bir neçə saat sonra çörəyin ovulmasına səbəb olur. Bu da o deməkdir ki, hazırkı şəraitdə istehsal olunan çörəyin 30-40%-i qida üçün nəzərdə tutulmayan undan hazırlanır.
Bu sahədə vəziyyətin nə vaxt düzələcəyini isə bir olan Allah bilir. Bilinən odur ki, çörək istehsalı işi ilə son zamanlar bir neçə iri çinli oliqarx nazir də məşğul olur. Hesab edirik ki, çörək istehsalı ilə bağlı məsələyə qanunda dəyişiklik edilməklə üzərində dövlət nəzarəti saxlanılmalıdır.
FUAD İSGƏNDƏROV
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın