Venesueladan müxalifət liderinə qadağa

Venesueladan müxalifət liderinə qadağa –Maduro rəqibinin ölkədən çıxışını yasaqladı, bank hesablarını dondurdu

Venesuela Birləşmiş Ştatların dövlət neft şirkətinə sanksiyalarına cavab verib. Ölkənin Ali Məhkəməsi müxalifət lideri Xuan Quaydoya səyahət qadağası tətbiq edib, bank hesablarını dondurub.

Yanvarın 29-da Vaşinqton bu addımlarla bağlı xəbərdarlıq edib, ancaq konkret hansı tədbirlər görəcəyini dəqiqləşdirməyib.

Birləşmiş Ştatlar hakimiyyətini saxlamağa çalışan prezident Nikolas Maduronu qanunsuz lider elan edib, Quaydonu Venesuela prezidenti kimi tanıyıb.

Yanvarın 28-də isə ABŞ Xəzinədarlıq Departamenti Venesuelanın PDVSA dövlət neft şirkətinə sanksiyalar tətbiq edib. Bu şirkət iqtisadi böhran yaşayan ölkədən ötrü əsas gəlir mənbəyi sayılır.

Vaşinqton onu da bildirib ki, PDVSA-nın ABŞ-dakı filialı “Citgo”ya məxsus bank hesabları Quaydoya veriləcək.

Yanvarın 29-da Venesuelanın baş prokuroru Quaydonu ölkənin daxili işlərinə müdaxilədə xarici ölkələrə kömək etməkdə suçlayıb, Ali Məhkəmədən onunla bağlı araşdırma aparmağı xahiş edib.

Maduroya sadiq məhkəmə xahişi yerinə yetirməyə razılaşıb, 35 yaşlı liderə səyahət qadağası tətbiq edib, bank hesablarını dondurub.

Bu, Ağ Evin milli təhlükəsizlik müşaviri Con Boltonun sərt tənqidinə səbəb olub. O xəbərdarlıq edib ki, demokratiyanı devirməyə, Quaydoya zərbə vurmağa çalışanlar ciddi fəsadlarla üzləşəcəklər.

Yerli televiziya yanvarın 29-da Maduronu hərbi bazada göstərib. O, ölkənin silahlı qüvvələrinin sadiqliyini alqışlayıb.

Rusiya ABŞ-ın Venesuela böhranıyla bağlı hərəkətlərini pisləyib, Çin isə xəbərdarlıq edib ki, bu addımlar ölkə əhalisinin əzab çəkməsi ilə sonuclanar.

(Azadlıq radiosu)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi