“VƏZİROVA ETİRAZ ETDİM, ANAR MƏNİ MİLİSƏ VERDİ...” – “Ona məktub yazan, dəstək verən təkcə Əli Həsənov deyildi”
11 aprel tarixli sayımızda dərc edilən “Əli Həsənovun Vəzirova məktubunu kim tapıb? – MTN generalının etirafı və ən böyük peşmançılığı...” başlıqlı məqalə böyük oxucu marağına səbəb olub.
Həmin məqalədə 1995-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş, 2015-ci ildən isə həm də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsini daşımış Əli Həsənovun Moskvada tələbə ikən Əbdürrəhman Vəzirova ünvanlanan dəstək məktubundan söhbət açılırdı. Daha doğrusu, artıq bir neçə ay öncə sosial şəbəklərdə və onlayn mediada üzə çıxarılan sözügedən məktubun necə və kimlər tərəfindən tapıldığından danışılırdı.
Məqalədə bir zamanlar YAP-ın ən parlaq simalarından olmuş Eldar Sabiroğlunun oğlu, bir müddət prokurorluq orqanlarında çalışan, daha sonra məhbəs həyatı yaşamış Rüfət Səfərovun həbsxanada qarşılaşdığı məşhur MTN generalları Akif Çovdarov və Elçin Quliyevlə bağlı özünün sosial şəbəkə səhifəsində paylaşdığı silsilə yazılara istinad edilirdi. Həmin yazılardan belə məlum olur ki, Əli Həsənovun da imzaladığı bu məktubun çap edildiyi qəzeti vaxtilə Elçin Quliyev Moskvada taparaq, Bakıya gətizdirib və uzun müddət öz seyfində saxlayıb. Lakin Eldar Mahmudov həmin vaxt məktubun ortaya çıxarılmasına və mətbuatda dərc edilməsinə imkan verməyib.
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun aparıcı elmi işçisi, alim, fizika-riyaziyyat elmləri doktoru Arzu Məmmədov “AzPolitika.info” ilə əlaqə saxlayaraq, bu mövzuyla bağlı maraqlı xatirələrini danışıb. Arzu Məmmədov öz şəxsi müşahidələri və şahidi olduğu hadisələrə əsaslanaraq bildirdi ki, Əbdürrəhman Vəzirov vəzifədə olarkən ona tərif məktubları ünvanlayan, dəstək verən və sonradan YAP hakimiyyətində yüksək vəzifələr tutan, mövqe sahibi olanların sırası təkcə Əli Həsənovla məhdudlaşmır.
“Yazıçı Anarla Vəli Məmmədov Vəzirova görə məndən milisə şikayət etdilər...”
“Vəzirova məktub yazıb dəstək verən təkcə Əli Həsənov deyildi” deyə söhbətə başlayan Arzu Məmmədov, 1987-1992-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Ümumi Fizika İnstitutunda elmi işilə əlaqədar uzunmüddətli ezamiyyətdə olub. Elmlər doktoru Moskvadakı Azərbaycan Nümayəndəliyində Əbdürrəhman Vəzirovun keçirdiyi məşhur görüşü yaxşı xatırladığını dedi: “Həmin vaxt SSRİ Ali Sovetində Culfadan yük qatarlarının Ermənistana buraxılmaması və blokada məsələsilə bağlı iclas keçirilmişdi. Bu iclasdan sonra məlumat verildi ki, Ə.Vəzirovun Azərbaycanın Moskvadakı Nümayəndəliyinin binasında görüşü təşkil olunur və məni də zəng edərək, oraya dəvət etdilər. Nümayəndəliyə Moskvada yaşayan və işləyən azərbaycanlı elm və incəsənət adamları, ziyalılar, tələbələr də daxil olmaqla, müxtəlif təbəqələrin nümayəndələri toplaşmışdı. Yaxşı yadımdadır ki, görüşə “Jiquli”də gələn Əbdürrəhman Vəzirovu yazıçı Anar Rzayev və həmin vaxt 26 Bakı Komissarı rayonunun (indiki Səbail rayonu-red.) birinci katibi Vəli Məmmədov müşayiət edirdilər...”
Arzu Məmmədov qeyd etdi ki, görüşdə çıxış edən Ə.Vəzirov Culfada yaranan vəziyyətlə bağlı danışıb, eləcədə ermənilərlə bağlı “asıb-kəsəndən” sonra Heydər Əliyevin ünvanına qərəz və tənqid dolu fikirlər səsləndirib: “Vəzirov çıxışının sonunda Heydər Əliyevi pisləməyə başladı. Mən söz alaraq, onun fikirlərinə etiraz etdim. Dedim ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan ən qabaqcıl respublikalardan birinə çevrilib. Onun böyük xidmətləri var və sizin söylədikləriniz doğru deyil. Bundan sonra sözümüz çəpləşdi və zalda mənə qarşı çıxış edənlər peyda oldu. Xüsusilə bir qadın hay-küy salaraq, odlu-alovlu şəkildə Vəzirovu müdafiə etməyə, dəstəkləməyə başladı, məni isə haqsız çıxarmağa çalışdı. Bu zaman zalda hay-küy yarandı və yazıçı Anarla Vəli Məmmədov aşağı düşüb, Vəzirova etiraz etdiyimə görə, milisə zəng edərək, məndən şikayət etdilər. Məni “xuliqanlıqda” günahlandırıb, milis çağırdılar...”
Alimin dediklərindən belə aydın olur ki, YAP hakimiyyətindən böyük imtiyazlar, imkanlar qazanan Anar Rzayev də bir vaxtlar Heydər Əliyevin qatı əleyhdarı olmuş Ə.Vəzirova dəstək verənlərdən biri olub. Hətta Heydər Əliyevi müdafiə edən gənc alimdən milisə şikayət etməkdən belə çəkinməyib...
“Hacıbala Abutalıbov dedi ki, bu, mənim bibim qızıdır...”
Arzu Məmmədov həmin dövrdə Əli Həsənovla bərabər Moskvada təhsil alan və işləyən bir çoxlarının Ə.Vəzirova “yol tapmaq”, bununla da Azərbaycanda hansısa vəzifə almaq, karyera qurmaq istədiklərini qeyd etdi. A.Məmmədov xatırlatdı ki, Əli Həsənovun özünün və onun kimi çoxlarının Moskvada təhsil alması məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və əməyi sayəsində mümkün olmuşdu. Ancaq onların bir çoxu bunu unudaraq, karyera və vəzifə xatirinə H.Əliyevi hər imkanda pisləyən, gözdən salmağa çalışan Ə.Vəzirova təriflər, müraciətlər, məktublar ünvanlayırdılar.
Həmsöhbətimiz bu mövzuyla bağlı daha bir maraqlı epizod danışdı. Bu, hər zaman özünü Heydər Əliyevin ən sadiq əsgəri kimi göstərən Bakının sabiq meri Hacıbala Abutalıbov və onun bir qadın yaxın qohumu ilə bağlıdır: “1992-ci ildə Hacıbala Abutalıbovla Elmlər Akademiyasının həyətində gəzişərkən, bayaq barəsində danışdığım görüşdə Vəzirovu odlu-alovlu şəkildə müdafiə edən və az qala mənim üstümə hücuma keçən qadınla qarşılaşdıq. Gözləmədiyim halda Abutalıbovun onunla çox mehriban şəkildə görüşdüyünün, hal-əhval etdiyinin şahidi oldum. Ondan bu qadının kim olduğunu soruşanda, Hacıbala Abutalıbov dedi ki, bu, mənim bibim qızıdır, özü də Dilçilik İnstitutunda işləyir. Və mən Moskvada baş verən həmin hadisəni Abutalıbova danışdım...”
Sözügedən qadının sonrakı karyerası barədə heç nə bilmədiyini və bununla heç maraqlanmadığını da deyən Arzu Məmmmədov sonda bildirdi ki, bütün bunları yada salaraq, bizə söyləməkdə yeganə məqsədi tarixi faktların gün işığına çıxması və insanların bu gerçəklərdən xəbərdar olmasıdır.
Əlbəttə ki, vaxtilə Heydər Əliyevin əleyhinə çıxan, ona qarşı kampaniya aparan, hər imkanda onu tənqid edənlərdən bir çoxunun YAP-ın üst sıralarında və hakimiyyətdəki müxtəlif postlarda təmsil olunduğuna dair faktlar az deyil. Fizika-riyaziyyat elmləri doktoru Arzu Məmmədovun şahidi olduğu və barəsində söhbət açdığı hadisələr isə doğrudan da bu sıranın kifayət qədər geniş olduğunu bir daha təsdiqləmiş olur...
Bu xəbər üçün şərh yazın